Tanınmış travmatoloq, Əməkdar həkim, tibb üzrə fəlsəfə doktoru Adil Məmmədovun Naxçıvan Muxtar Respublikasının 90 illiyinə həsr edilmiş “Naxçıvan cərrahiyyəsinin inkişaf tarixi” adlı kitabı işıq üzü görüb.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Elmi-Tibbi Şurasının qərarı ilə çap olunmuş kitabın məsləhətçisi Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri Niyazi Novruzov, rəyçisi Azərbaycan Tibb Universitetinin Ümumi cərrahiyyə kafedrasının müdiri, professor Çərkəz Cəfərov, elmi redaktoru isə tibb üzrə fəlsəfə doktoru Sabir Novruzovdur. 12 fəsildən ibarət monoqrafiya Naxçıvanda cərrahiyyənin yaranma və inkişaf tarixinin öyrənilməsinə imkan verir.
Adil Məmmədovun 320 səhifəlik monoqrafiyası tematik xarakter daşıyır. Əsərdə müəllif yalnız cərrahiyyə sahəsindən, muxtar respublika ərazisinin müxtəlif bölgələrində onun təşəkkülü və inkişaf mərhələlərindən, bu işdə rolu olan bütün cərrahi peşə sahiblərinin fəaliyyətindən bəhs edir.
Monoqrafiyanın “Cərrahiyyə tarixinə qısa baxış” adlı fəslində cərrahiyyənin yaranma tarixinin insan cəmiyyətinin yaranma tarixi qədər qədim olduğundan bəhs edilir. Qeyd olunur ki, Kültəpə ərazisində Neolit dövrünə aid bir çox tapıntıların, eramızdan əvvəlki IV-III minilliklərə aid metal (bürünc) alət və silahların, insan skeleti qalıqlarının aşkarlanması tədqiqatçılara hələ min illər əvvəl kəllə trepanasiyası əməliyyatı aparmaları haqda nəticə çıxarmağa imkan verir.
Oxucular “Naxçıvan səhiyyəsinin sələfləri” fəslində Sovet hakimiyyəti dövründə Naxçıvanda fəaliyyət göstərən cərrahlar haqqında geniş məlumat ala bilərlər. Adıçəkilən fəsildə öyrənirik ki, Naxçıvanda cərrahi xidmətin təşkili üçün hələ 1922-ci ildə N.Nərimanov tərəfindən buraya göndərilən Kiyev Hərbi Tibb Akademiyasının yetirməsi gənc Mustafa Topçubaşov sonralar dünya şöhrətli cərrah, akademik səviyyəsinə yüksəlmişdir. Eləcə də Böyükbəy Mahmudovun, Aslan Tahirovun, Mehdi Bağırovun, Əli Qayıbovun, Tapdıq Kəngərlinin, Cabbar Cəfərovun, Sabir Novruzovun və onlarla digər həkimlərin Naxçıvanda cərrahiyyənin inkişafındakı xidmətləri də kitabda öz əksini tapır. 1995-ci il iyunun 22-də Naxçıvan Muxtar Respublika Xəstəxanası nəzdində təşkil edilmiş Cərrahiyyə Mərkəzi haqqında məlumatlar da oxucu üçün yenidir. Bu da təsadüfi deyil. Çünki müəllif bu mərkəzin ilk rəhbəri və baş həkimin cərrahi işlər üzrə müavini kimi gündəlik fəaliyyətinə daxil olan və içində yaşadığı hadisələrdən bəhs edir. Buradakı fakt və rəqəmlər ilk mənbədən təqdim olunduğundan dəqiqliyinə şübhə yeri qalmır. Qeyd olunur ki, xəstəxanada müxtəlif cərrahi-travmatoloji, ortopedik, uroloji, onkoloji, ginekoloji, neyrocərrahi və digər profilli əməliyyatlar aparılmışdır.
Monoqrafiyanın yazılmasında 52 ədəbiyyatdan istifadə edilib ki, bunun yarıdan çoxu rus dilində olan elmi ədəbiyyatlar, tarixi mənbələr, sənədlər və arxiv materiallarıdır.
Bütövlükdə, bu kitab Naxçıvan səhiyyəsinin tərkib hissəsi olan cərrahiyyənin pillə-pillə ucalmasını, inkişafını təmin edənlərin və buna şərait yaradanların zəhmətinə yüksək hörmət və ehtiramın ifadəsi kimi oxuculara təqdim edilir.
Hüseyn ƏSGƏROV