24 Dekabr 2024, Çərşənbə axşamı

İyulun 20-də Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2014/2015-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə və tam orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə qəbul olunmaq istəyən cari ilin məzunları üçün II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirmişdir.
İmtahan Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində, ümumilikdə, 54 binada təşkil olunmuşdur. Qeyd edək ki, ən yaşlı abituriyent 1990, ən gənc abituriyent isə 1997-ci il təvəllüdlüdür.
İmtahan bütün binalarda eyni vaxtda – saat 1100-də başlanmış və 3 saat davam etmişdir. Muxtar respublikada Naxçıvan şəhər 1, 7 və 14 nömrəli tam orta məktəblərdə keçirilən imtahanlarda 1821 abituriyent iştirak etmişdir. İmtahana 174 nəzarətçi-müəllim, 15 imtahan rəhbəri cəlb olunmuşdur. Abituriyentlərin öz bilik və bacarıqlarını nümayiş etdirmələri üçün bütün imtahan aparılan yerlərdə normal şərait yaradılmışdır.

İmtahan başlanmazdan əvvəl imtahan keçiriləcək məktəblərin önündə həyəcanlı görünən abituriyentlər, onların valideynləri ilə görüşüb həmsöhbət olduq. 14 nömrəli tam orta məktəbin qarşısındayıq. Culfa rayon Əbrəqunus kənd tam orta məktəbinin məzunu Nuranə Məmmədliyə yaxınlaşırıq:
–Artıq səbirsizliklə gözlədiyim gün gəlib. Bir az həyəcanlıyam. Ancaq buna baxmayaraq, özümə çox güvənirəm. Sınaq imtahanlarında 600-dən yuxarı bal toplayırdım. Arzum iqtisadçı olmaqdır. İmtahanda yüksək bal toplayıb bu arzuma çatacağam.
Valideynlərdən Faiq Məmmədli deyir:
– Qızıma dəstək olmağa gəlmişik. Bir azdan imtahana girəcək. İmtahandan çıxana kimi burada onu gözləyəcəyik. Burada gözləyənlərə nümunəvi iaşə xidmətinin yaradılmasından çox razıyam və bu şəraiti yaradanlara minnətdarlığımı bildirirəm.
Abituriyentlərdən Songül Əliyeva III ixtisas qrupu üzrə imtahan verəcək. O, sınaq imtahanlarında keçid balını keçir. Həyəcanı­nı gizlətməyərək deyir:
– Mən Ordubad rayon Gənzə kənd tam orta məktəbini bitirmişəm. İmtahana yaxşı hazırlaşmışam. Hər ay sınaq imtahanlarında iştirak etdiyim üçün artıq imtahan həyəcanına alışmışam. İnanıram ki, yaxşı nəticə göstərəcəyəm.
Naxçıvan şəhər 7 nömrəli tam orta məktəbin qarşısında da həyəcanlı valideynlər, abituriyentlərlə həmsöhbət olduq. Abituriyentlərdən Faiq Həşimliyə yaxınlaşıram. Onun dediklərindən:
– Mən Culfa rayon Yaycı kənd 1 nömrəli tam orta məktəbin məzunuyam. Sınaq imtahanlarında həmişə 600-dən yuxarı bal toplamışam. Həm məktəb kollektivi, həm də valideynlərim mənə çox güvənirlər. Çalışacağam ki, onların güvənini doğruldum.
Saatlar 1100-i göstərəndə imtahan başlayır. İmtahan qurtarana kimi biz də imtahanda müşahidələr apardıq. Naxçıvan şəhər 1, 7 və 14 nömrəli tam orta məktəblərdə keçirilən imtahanların gedişi zamanı abituriyentlər heç bir qayda pozuntusuna yol verməyərək diqqətlərini ancaq test tapşırıqlarına yönəltdilər. İmtahanların gedişinə nəzarət edən imtahan rəhbəri Fəxrəddin Abbasov bildirdi ki, abituriyentlərin öz bilik və bacarıqlarını göstərmək üçün ayrılan 3 saat ərzində imtahan otağında onların yüksək fəallığını müşahidə edib. Ümumiyyətlə, imtahanda təşkilatçılıq yüksək səviyyədə olub.
İmtahan başa çatdıqdan sonra bir neçə abituriyentlə həmsöhbət oldum. İmtahandan yenicə çıxmış Naxçıvan Qızlar Liseyinin məzunu Jalə Mirzəyeva ilə həmsöhbət oluram:
– Çox sevincliyəm. Çünki suallar mənə çox asan gəldi. Tarix fənnindən bütün sualları cavablandırdım. Ən böyük arzum tarix müəllimi olmaqdır. İmtahanda əsas amil olan sakitlik tam təmin edilmişdi. Bu da abituriyentlərin sualları dəqiq cavablandırmasına imkan verdi.
Qeyd edək ki, imtahanda təqdim olunmuş sualların düzgün cavabları TQDK-nın internet saytında yerləşdirilib. Nəticələr elan olunduqdan sonra abituriyentlər imtahan nəticələri ilə TQDK-nın internet saytında və ya iş nömrələrini bü­tün mobil operatorlardan 7727 nömrəsinə göndərməklə tanış ola biləcəklər.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR