24 Dekabr 2024, Çərşənbə axşamı

Naxçıvanın XIX əsr tarixinin öyrənilməsində rusdilli mənbələr əhəmiyyətli rol oynayır. Bu günlərdə AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun elmi katibi, tarix üzrə fəlsəfə doktoru Yaşar Rəhimovun yeni çapdan çıxmış kitabı məhz XIX əsr rus mənbələrində Naxçıvan mövzusuna həsr olunub. AMEA Naxçıvan Bölməsi Rəyasət Heyətinin qərarına əsasən çap olunan kitabın elmi redaktoru akademik İsmayıl Hacıyev, rəyçiləri isə tarix elmləri doktoru Cəfər Cəfərov və tarix üzrə fəlsəfə doktoru, dosent İbrahim Kazımbəylidir.

Monoqrafiyada XIX əsrə aid rus mənbələrinin geniş təhlili verilmiş, regionun siyasi, sosial-iqtisadi, mədəni mənzərəsi, hərbi-siyasi əlaqələri və digər aktual məsələlər haqqında geniş məlumatlar öz əksini tapmışdır. Müəllif rus tədqiqatçılarının və hərbçilərinin məlumat və məktublarına əsaslanmaqla Naxçıvanın rus qoşunları tərəfindən tutulmasını, general Yermolovun İrana səfəri zamanı onun Naxçıvanda olmasını, Kalbalı xanla görüşməsini tarixi faktlara əsaslanmaqla şərh edir.

Qeyd olunur ki, özünün zəngin və qədim tarixi, coğrafi mövqeyinə, mühüm ticarət əhəmiyyətinə görə Naxçıvan Rusiya imperiyasının qabaqcıl ziyalılarının – tarixçilərin, etnoqrafların, diplomatların, iqtisadçıların, səyyahların diqqətini cəlb etmişdir. Onların içərisində V.Qriqoryev, mənşəcə fransız olan İ.Şopen, diplomat A.S.Qriboyedov, qafqazşünaslardan S.P.Zelinski, N.Engelqart, K.A.Nikitin və başqaları xüsusi yer tuturlar. Mono­qrafiyada ilk dəfə olaraq Naxçıvanın tarixi XIX əsr rus mənbələri əsasında hərtərəfli araşdırılmışdır. Bunun üçün müəllif arxiv sənədlərindən, tarixi və elmi ədəbiyyatlardan, statistik toplu, məcmuə, dövri mətbuat materiallarından, dövlət qərar və fərmanlarından istifadə etmişdir.
Monoqrafiyanın birinci fəsli “XIX əsr rus mənbələri Naxçıvanın hərbi-siyasi vəziyyəti haqqında” adlanır. Bu fəsildə müəllif Naxçıvanın işğal edilməsinin rus mənbələrində əksindən, bu mənbələrdə Naxçıvanın siyasi vəziyyəti və hərbi-siyasi əlaqələri haqqında verilən məlumatlardan, Naxçıvanın ruslar tərəfindən işğalı və ermənilərin bu əraziyə köçürülməsindən bəhs edir. Tədqiqatçı Naxçıvanın işğalından sonra ermənilərin Azərbaycana və onun ayrılmaz tərkib hissəsi olan Naxçıvana köçürülməsinin çar Rusiyasının Qafqaz üçün əvvəlcədən hazırlanmış strateji planı olduğunu tarixi faktlarla sübuta yetirmişdir.
“XIX əsr rus mənbələri Naxçıvanın sosial-iqtisadi inkişafı haqqında” adlanan ikinci fəsildə Naxçıvanın iqtisadi və ticarət əlaqələri kimi məsələlərə diqqət yetirilmişdir. Müəllif çar Rusiyasının bölgəni özünün əsas xammal mənbəyi və bazasına çevirməyə çalışdığını qeyd edir. İşğaldan sonra Naxçıvanın sosial həyatında baş vermiş kəmiyyət və keyfiyyət dəyişiklikləri rus mənbələrinin verdiyi faktlar əsasında monoqrafiyada əks olunur.
Monoqrafiyanın üçüncü fəsli “XIX əsr rus mənbələri Naxçıvanın mədəniyyəti haqqında” adlanır. Burada Naxçıvanın öyrənilməsi istiqamətində atılan addımlar, rus mənbələrində Naxçıvanın tarixi-coğrafi şəraiti, tarixi memarlıq abidələri və etnoqrafiyası haqqında geniş məlumatlar verilir. Rus mənbələrinin Naxçıvanda əhalinin tərkibi haqqında verdiyi məlumatlar müqayisə edilir, yeri gəldikcə təhrif olunmuş faktlara tənqidi münasibət bildirilir.
Məlumat üçün qeyd edək ki, monoqrafiyanın yazılması zamanı, ümumilikdə, 180 ədəbiyyatdan istifadə edilmişdir ki, bunun da 100-dən çoxu məhz rus dilində olan elmi ədəbiyyatlar, tarixi mənbələr, sənədlər və arxiv materiallarıdır.

Elnur KƏLBİZADƏ

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR