İyulun 12-də Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2014/2015-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə və tam orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə qəbul olunmaq istəyən cari ilin məzunları üçün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirmişdir.
İmtahan Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində, ümumilikdə, 52 binada təşkil olunmuşdur. Qeyd edək ki, ən yaşlı abituriyent 1988, ən gənc abituriyent isə 1997-ci il təvəllüdlüdür.
İmtahan bütün binalarda eyni vaxtda – saat 1100-də başlanmış və 3 saat davam etmişdir. Muxtar respublikada Naxçıvan şəhər 1, 7 və 14 nömrəli tam orta məktəblərdə keçirilən imtahanlarda 1469 abituriyent iştirak etmişdir. İmtahana 143 nəzarətçi-müəllim, 13 imtahan rəhbəri cəlb olunmuşdur. Abituriyentlərin öz bilik və bacarıqlarını nümayiş etdirmələri üçün bütün imtahan aparılan yerlərdə normal imtahan şəraiti yaradılmışdır.
İmtahan başlamazdan əvvəl imtahan keçiriləcək məktəblərin önündə həyəcanlı görünən abituriyentlər, onların valideynləri ilə görüşüb həmsöhbət olduq. 7 nömrəli tam orta məktəbin qarşısındayıq. Culfa şəhər 3 nömrəli tam orta məktəbin məzunu Süleyman Ələkbərova yaxınlaşırıq:
– Bir azdan imtahana girəcəyəm. Həyəcanlıyam. Sınaq imtahanlarında 650-dən yuxarı bal toplayırdım. İnanıram ki, bu nəticəni qəbul imtahanında da göstərəcəyəm.
Süleymanın atası Kamal Ələkbərov deyir:
– Süleyman gecə-gündüz demədən çalışıb. Biz də burada ona dəstək olmağa gəlmişik. Təbii olaraq, valideynlər övladlarından daha çox həyəcanlıdırlar. Hər bir valideyn istəyir ki, övladı tələbə adını qazansın. Zəhmət çəkənin əziyyəti boşa getməz. Abituriyentlərdən Səidə Novruzova IV ixtisas qrupu üzrə imtahan verəcək. O, sınaq imtahanlarında 500-dən yuxarı bal toplayıb. Həyəcanını gizlətməyərək deyir:
– Çox həyəcanlıyam. Necə sualların düşəcəyini səbirsizliklə gözləyirəm. İmtahana yaxşı hazırlaşmışam.
Naxçıvan şəhər 1 nömrəli tam orta məktəbin qarşısında həyəcanlı valideynlər, abituriyentlərlə də həmsöhbət olduq. Abituriyentlərdən Səidə Məmmədovaya yaxınlaşıram. Onun dediklərindən:
– Mən Heydər Əliyev adına tam orta məktəbin məzunuyam. Məktəbi qızıl medalla bitirmişəm. Həm məktəb kollektivi, həm də valideynlərim mənə çox güvənirlər. Çalışacağam ki, onların güvənini doğruldum.
Səidənin valideyni Aynur Hüseynova deyir:
– Bu gün qızım qədər həyəcanlıyam. Həkim olmaq arzusundadır. İmtahana çox yaxşı hazırlaşıb. Keçid balını keçəcəyinə şübhəmiz yoxdur. Ancaq istəyirik, daha çox bal toplayıb həkim olmaq arzusuna çatsın.
Saatlar 1100-i göstərəndə imtahan başlayır. İmtahan qurtarana kimi biz də imtahanda müşahidələr apardıq. Naxçıvan şəhər 14 nömrəli tam orta məktəbdə keçirilən imtahanların gedişi zamanı abituriyentlər heç bir qayda pozuntusuna yol verməyərək diqqətlərini ancaq test tapşırıqlarına yönəltdilər. Ümumiyyətlə, imtahanda təşkilatçılıq yüksək səviyyədə idi.
...Nəhayət, imtahan başa çatır. İmtahandan yenicə çıxmış Ordubad rayonunun Düylün kəndindən olan Fərid Şəfiyev, Naxçıvan şəhər 4 nömrəli tam orta məktəbin məzunu Gülsüm Abdullayeva və başqaları dedilər ki, imtahanda əsas amil olan sakitlik tam təmin edilmişdi. Bu da onların sualları dəqiq cavablandırmalarına imkan verib.
Qeyd edək ki, imtahanda təqdim olunmuş sualların düzgün cavabları TQDK-nın internet saytında yerləşdirilib. Nəticələr elan olunduqdan sonra abituriyentlər imtahan nəticələri ilə TQDK-nın internet saytında və ya iş nömrələrini bütün mobil operatorlardan 7727 nömrəsinə göndərməklə tanış ola bilərlər.
Sara ƏZİMOVA