24 Dekabr 2024, Çərşənbə axşamı

Argentinanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Karlos Dante Riva və La Plata Milli Dövlət Universitetinin Beynəlxalq Münasibətlər İnstitutunun departament koordinatoru, professor Paulo Botta Naxçıvan Dövlət Universitetində olmuşlar.
Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov qonaqları salamlayaraq Azərbaycanda, o cümlədən Naxçıvan Muxtar Respublikasında elmin və təhsilin inkişafına göstərilən dövlət qayğısından bəhs etmiş, Naxçıvan Dövlət Universitetinin strukturu, professor-müəllim heyəti, tələbə kontingenti barədə məlumat vermişdir. Qeyd olunmuşdur ki, dünya təhsilinə inteqrasiya yolu tutan, 50 ilə yaxın tarixi inkişaf yolu keçən universitetin beynəlxalq əlaqələri genişlənməkdədir. Dünyanın tanınmış 80 ali məktəbi ilə beynəlxalq əməkdaşlığa malik olan bu ali məktəb bir çox beynəlxalq layihədə də uğurla təmsil olunur. Universitetdə beynəlxalq münasibətlərin, müxtəlif xarici dillərin tədrisinə, müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqinə böyük əhəmiyyət verilir.

Səfir Karlos Dante Riva Azərbaycan-Argentina arasında diplomatik əlaqələrin qurulmasının 20 ildən artıq tarixə malik olduğunu, Argentinanın 9 mart 1992-ci ildə Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən olduğunu vurğulamış, iki ölkə arasında əlaqələrin inkişafından danışmışdır. Argentinalı diplomat ilk dəfə 2013-cü ilin noyabr ayında Naxçıvan Muxtar Respublikasına səfər etdiyini xatırladaraq ötən dövr ərzində regionun nəzərəçarpacaq dərəcədə inkişaf etdiyini bildirmişdir. Qeyd olunmuşdur ki, ölkələrarası münasibətlərin inkişafında elm, təhsil sahəsində tərəfdaşlığın, mədəni əlaqələrin özünəməxsus rolu var və səfirlik Argentina universitetlərinin Azərbaycanın təkcə paytaxtında deyil, müxtəlif regionlarında fəaliyyət göstərən ali məktəblərlə, xüsusilə də Naxçıvan Dövlət Universiteti ilə əməkdaşlığının inkişafına hərtərəfli köməklik göstərəcək.
Professor Paulo Botta La Plata Milli Dövlət Universiteti və onun nəzdindəki Beynəlxalq Münasibətlər İnstitutunun fəaliyyəti haqqında məlumat vermişdir. Qeyd olunmuşdur ki, iki il öncə institutda yaradılmış Azərbaycanşünaslıq kafedrası sayəsində argentinalı tələbələr Azərbaycanın tarixi, coğrafiyası, iqtisadiyyatı və milli mədəniyyəti haqqında geniş məlumatlar əldə edirlər. Kafedra tərəfindən görkəmli dövlət xadimi Heydər Əliyevin 90 illik yubileyi münasibətilə hazırlanmış “Heydər Əliyev və müasir Azərbaycanın qurulması” adlı kitab və müstəqil Azərbaycanın son 10 illik inkişaf yolunu əks etdirən digər bir yeni nəşr ispandilli ölkələrdə Azərbaycanın təbliğinə xidmət edir. Universitetlərarası əməkdaşlığın inkişafı, birgə layihələrin təşkili, tələbə-müəllim mübadiləsi, virtual əlaqələrin genişləndirilməsi haqqında fikir mübadiləsi aparılmış, əməkdaşlıq müqaviləsinin imzalanması haqqında təkliflər dəyərləndirilmişdir.
Sonra tələbələrlə görüş keçirilmiş, professor Paulo Botta “Argentinanın beynəlxalq münasibətlərinin tarixi keçmişi və bu günü” mövzusunda məruzə ilə çıxış etmiş, Argentina ilə Azərbaycan arasında iqtisadi, siyasi, mədəni əlaqələrdən, diplomatik münasibətlərindən danışmışdır. Beynəlxalq münasibətlər üzrə argentinalı tədqiqatçı tələbələrin suallarını cavablandıraraq Azərbaycanın siyasi və iqtisadi qüdrətinin, beynəlxalq nüfuzunun artmaqda olduğunu, Argentinanın ölkəmizin dövlət müstəqilliyinə və ərazi bütövlüyünə hörmətlə yanaşdığını, Dağlıq Qarabağ probleminin sülh yolu ilə həllinə tərəfdar olduğunu bildirmişdir.
Səfir Karlos Dante Riva və Naxçıvan Dövlət Universitetinin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov çıxış edərək iki ölkə arasında elm və təhsil sahəsində əməkdaşlığın perspektivlərindən danışmışlar.
Qonaqlar universitet kampusunu gəzərək tədris və elmi-tədqiqat yönlü laboratoriya və muzeylərdə, Memarlıq və mühəndislik fakültəsindəki Memarlıq və incəsənət tarixi kabinəsində, sərgi salonunda olmuşlar.

Mehriban SULTAN

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR