Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Naxçıvan Bölməsində dördüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin doqquzuncu sessiyasında qarşıya qoyulan vəzifələrə və cari ilin birinci yarımilində AMEA Naxçıvan Bölməsində görülən işlərə dair tədbir keçirilmişdir.
AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev bölmənin 2014-cü ilin birinci yarısındakı elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabat məruzəsi ilə çıxış etmişdir. Qeyd olunmuşdur ki, 2014-cü ilin birinci yarısında AMEA Naxçıvan Bölməsində Naxçıvanın tarixinin, mədəniyyətinin, ədəbiyyatının, təbii sərvətlərinin öyrənilməsi, qrant layihələrinin icrası, beynəlxalq və respublika səviyyəli elmi, elmi-texniki kоnfrans və seminarların keçirilməsi, eyni zamanda kadr potensialının artırılması, maddi-texniki bazanın möhkəmləndirilməsi yönündə elmi və elmi-təşkilati işlərin uğurlu həllinə çalışılmışdır.
İlin birinci yarısında AMEA Naxçıvan Bölməsi tərkibində fəaliyyət göstərən elmi-tədqiqat müəssisələrində AMEA Rəyasət Heyəti tərəfindən 2014-cü il üçün təsdiq edilmiş plana uyğun olaraq, 6 elmi istiqamətdə 6 prоblemi əhatə edən 7 mövzuya daxil оlan 32 işin 92 mərhələdə yerinə yetirilməsi nəzərdə tutulmuşdur. Hazırda tədqiqatlar 21 şöbə və 8 labоratоriyada 2 nəfər akademik, 6 nəfər müxbir üzv, 4 nəfər elmlər dоktоru, 52 nəfər fəlsəfə dоktоru, 9 nəfər doktorant, 3 nəfər dissertant, 13 nəfər elmi işçi оlmaqla, 89 elmi və köməkçi heyət tərəfindən yerinə yetirilir. Elmi işçilərdən 3 nəfərin iş yerini dəyişməsi ilə əlaqədar planda nəzərdə tutulan 3 mərhələ üzrə tədqiqatların icrası dayandırılmışdır.
Vurğulanmışdır ki, 2014-cü ilin birinci yarısında AMEA Naxçıvan Bölməsi əməkdaşlarının 9 monoqrafiya, 1 kitab, 268 məqalə və konfrans materialı, 3 tezisi olmaqla, 281 elmi əsəri nəşr edilmişdir. Əsərlərdən 1 monoqrafiya, 92 məqalə və konfrans materialı xaricdə çapdan çıxmışdır. Birinci yarımildə bölmədə humanitar və ictimai, təbiət və texniki elmlər seriyalarından ibarət olan “Xəbərlər” jurnalının 2 nömrəsi çapdan çıxmışdır ki, bu nömrələrdə bölmə əməkdaşlarının 57 məqaləsi işıq üzü görmüşdür. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan tarixi” çoxcildliyinin hazırlanması və nəşr olunması barədə” Sərəncamına əsasən, 2014-cü ilin birinci yarısında çoxcildliyin ikinci cildi nəşrə hazırlanmış, hazırda üçüncü cildin materialları üzərində iş aparılır.
Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun 2013-cü ildə qrant layihələri müsabiqəsində qalib olmuş AMEA-nın müxbir üzvü Vəli Baxşəliyevin rəhbərliyi ilə “I Kültəpə və onun ətrafında araşdırmalar”, filologiya üzrə fəlsəfə doktoru Rafiq Babayevin rəhbərliyi ilə “Naxçıvan folklorunun toplanması, tədqiqi və nəşri” və Mirhəsən Tahirovun “Batabat Astrofizika Rəsədxanasının fotometrik cihazlarla təmini” qrant layihələri çərçivəsində elmi-tədqiqat işləri 2014-cü ilin birinci yarısında uğurla davam etdirilmiş və hesabatlar müvafiq quruma təqdim edilmişdir.
Bu dövrdə AMEA Naxçıvan Bölməsi ilə Polşa Elmlər Akademiyasının Krakov Bölməsi arasında əməkdaşlıq haqqında protokol imzalanmışdır.
Tədbirdə AMEA Naxçıvan Bölməsi Rəyasət Heyətinin üzvlərindən akademik Tariyel Talıbov, AMEA-nın müxbir üzvləri Fəxrəddin Səfərli və Əbülfəz Quliyev çıxış edərək ilin birinci yarısında görülən işləri müsbət qiymətləndirmiş, növbəti yarımildə görüləcək işlər haqqında təkliflərini səsləndirmişlər.
Tədbirə AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev yekun vurmuşdur.
Elnur KƏLBİZADƏ
* * *
Naxçıvan Dövlət Universitetində dördüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin doqquzuncu sessiyasında qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsinə həsr olunmuş yığıncaq keçirilmişdir. Yığıncaqda universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov məruzə ilə çıxış etmişdir.
Qeyd olunmuşdur ki, 2013-2014-cü tədris ilinin ikinci yarısında da Naxçıvan Dövlət Universitetində elektron universitet quruculuğu, elm və təhsilin müasir informasiya-kommunikasiya texnologiyalarından istifadə yolu ilə dinamik inkişaf etdirilməsi, elektron təhsil şəbəkəsinin yaradılması, beynəlxalq əlaqələrin, virtual əməkdaşlığın genişlənməsi istiqamətində mühüm addımlar atılmışdır. Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi ilə (KOICA) birgə reallaşdırılan “Naxçıvan Dövlət Universitetində elektron təhsil şəbəkəsi və rəqəmsal multimedia infrastrukturunun yaradılması” layihəsinin tətbiqi məqsədilə görüşlər və müzakirələr keçirilmiş, universitetdən bir qrup nümayəndə Cənubi Koreyanın paytaxtı Seul şəhərində layihə ilə bağlı təlim keçmişdir.
Yığıncaqda Mühasibat uçotu və maliyyə kafedrasının müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Mehdi Bağırov, Meliorasiya və su təsərrüfatı tikintisi mühəndisliyi kafedrasının müdiri, aqrar elmlər doktoru, professor Əlövsət Quliyev, Rabitə və informasiya texnologiyaları kafedrasının müdiri, fizika üzrə fəlsəfə doktoru Həsən Həsənov, magistratura üzrə dekan, biologiya elmləri doktoru Etibar Məmmədov çıxışlar etmişlər. Çıxışlarda bildirilmişdir ki, Naxçıvan Dövlət Universitetinin kollektivi dördüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin doqquzuncu sessiyasında qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsi üçün var qüvvəsi ilə çalışacaqdır.
Mehriban SULTAN