– “Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir” Beynəlxalq Konfransı artıq Naxçıvanda ənənə halını alan beynəlxalq səviyyəli elmi tədbirlərin növbətisidir. Belə elmi tədbirlərin keçirilməsi üçün isə elmi potensialın mövcudluğu əsas şərtdir. Siz Azərbaycanda elmin inkişafına cavabdeh olan şəxs kimi Naxçıvanda elmin bugünkü inkişafını necə qiymətləndirirsiniz?
– Naxçıvanın 90 illik yubileyi ilə bağlı beynəlxalq konfransın keçirildiyi bu günlər Naxçıvanda həm də böyük bir elm bayramına çevrilib. Dünyanın müxtəlif ölkələrindən – ABŞ-dan, Rusiyadan, Türkiyədən gələn alimlər bizim elm adamları ilə birlikdə burada Naxçıvanın muxtariyyətinin tarixi əhəmiyyətini müzakirə etdilər. Bu konfrans Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan üçün böyük bir tarixi hadisədir. Bu həm də burada elmin inkişafının göstəricisidir. Qeyd etmək lazımdır ki, ümumilikdə, Azərbaycan Milli Elmlər Akademiyası sistemində aparılan islahatlar Naxçıvanda elmin inkişafına öz təsirini göstərir. Naxçıvanda elmin inkişafının əsas göstəricisi nədir? Burada elmin inkişafının nəticəsidir ki, bu gün Naxçıvanda Azərbaycan Milli Elmlər Akademiyasının iki həqiqi və 8 müxbir üzvü çalışır. Əminliklə deyə bilərəm ki, bu gün Naxçıvanda nəinki elm inkişaf edir, həm də elmi məktəblər yaranmaqdadır. Bu, böyük əlamətdar bir hadisədir. Çünki elmi məktəblər olmasa, elmi mühit olmasa, elm inkişaf edə bilməz. Naxçıvanda isə belə bir elmi mühit formalaşıb və elmi məktəblər yaranmaqdadır. Bu, özü bir göstəricidir.
– “Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir” adlı konfransın plenar iclası zamanı Naxçıvan Muxtar Respublikasının Ali Məclisi ilə Azərbaycan Milli Elmlər Akademiyası arasında Naxçıvan Muxtar Respublikasında elmin inkişaf etdirilməsi üzrə birgə əməkdaşlığa dair saziş imzalandı. Bu əməkdaşlıq sazişi Naxçıvan elminə nə qazandıracaq? Hansı istiqamətlərdə yeniliklər olacaq?
– AMEA müxtəlif elmi istiqamətlərdə – humanitar, təbiət, yer elmləri istiqamətində Naxçıvan Bölməsinə köməkliklər göstərəcək. Məsələn, biz düşünürük ki, fəlsəfə doktorlarının hazırlanması istiqamətində Naxçıvanda yerlərin sayı bir qədər də artırılmalıdır. Onların elmi rəhbərləri Naxçıvanın elmi problemlərindən doğan mövzular üzrə onları hazırlamalıdırlar. Elmi praktika ilə uzlaşdırıb praktik elmin əhəmiyyətini yüksəltməliyik. Digər tərəfdən biz AMEA-nın Naxçıvan Bölməsinə beynəlxalq əlaqələrini genişləndirməsi üçün şərait yaratmağa hazırıq. Doğrudur, Naxçıvanın elm və təhsil sahələrində müxtəlif xarici ölkələrlə əlaqələri mövcuddur, bu istiqamətdə işlər aparılıb. Biz bilirik ki, Polşa, Rusiya, İran, Türkiyə ilə belə əlaqələr mövcuddur. Lakin hesab edirəm ki, bu əlaqələr daha da genişlənməlidir və bu istiqamətdə biz Naxçıvan Bölməsinə bütün imkanları yaratmağa çalışacağıq.
– Son olaraq bir məsələ ilə bağlı fikrinizi öyrənmək istərdik. Məlumdur ki, cəmiyyətin inkişafı ilə elmin inkişafı vəhdət təşkil edir və bir-birinə qarşılıqlı təsir göstərməlidir. Ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən inkişaf strategiyasının nəticəsidir ki, Azərbaycanın ucqar bir kəndində, Ağbulaq kəndində beynəlxalq konfrans keçirildi. Bu həm də Naxçıvanda gedən proseslərin, müəyyənləşdirilən strategiyanın uğurlu icrasının göstəricisidir. Siz bir elm xadimi olaraq Naxçıvanın bugünkü inkişafı barədə nə deyə bilərsiniz?
– Mən çox məmnunam, çox şadam ki, Azərbaycanımızın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası günü-gündən gözəlləşir, inkişaf edir. Mən konfransın plenar iclasında da qeyd etdim ki, bir zamanlar biz dünyanın inkişaf etmiş ölkələrindəki, Avropa ölkələrindəki inkişafa, səliqə-sahmana, gözəlliyə qibtə edirdik. Oradakı yollardan, binalardan, insanların yaşayışından, inkişafından heyranlıqla danışırdıq. Bu gün isə Naxçıvan bu inkişafa, bu tərəqqiyə nail olubdur.
Elnur KƏLBİZADƏ