Dünən “Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir” adlı Beynəlxalq Konfransın plenar iclası başa çatdıqdan sonra konfrans öz işini 5 bölmədə davam etdirmişdir.
“Muxtariyyət ərəfəsində Naxçıvan diyarında ictimai-siyasi vəziyyət” adlanan və AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərlinin sədrliyi ilə keçirilən bölmə iclasında AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktor müavini, AMEA-nın müxbir üzvü Qadir Qədirzadənin, həmin institutun direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərlinin, institutun şöbə müdiri, dosent Emin Şıxəliyevin, Naxçıvan Özəl Universitetinin dosentləri Elbrus İsayevin, İbrahim Kazımbəylinin, AMEA Naxçıvan Bölməsinin böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Musa Quliyevin və başqalarının “Muxtariyyət ərəfəsində tarixi Naxçıvan ərazisində etnik, sosial-siyasi mənzərə”, “Muxtariyyət ərəfəsində Naxçıvanda ictimai-siyasi vəziyyət”, “Muxtariyyət ərəfəsində İngiltərə və Rusiyanın geosiyasi maraqlarında Naxçıvan”, “İngiltərənin Qafqaz siyasətində Naxçıvan”, “Zəngəzurun bir hissəsinin Ermənistana verilməsi prosesi, tarixi yanlışlıq: Naxçıvan məsələsi siyasi-diplomatik hədəflərdə”, “Naxçıvan Muxtar Respublikasının qurucularından biri – Nəcəfqulu Nəcəfov” və digər mövzularda elmi məruzələri dinlənilmişdir.
AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin sədrlik etdiyi “Naxçıvanın muxtariyyət statusu, Naxçıvan MSSR-in yaradılması və inkişafı” adlı bölmədə akademik İsa Həbibbəylinin, AMEA-nın müxbir üzvü Teymur Kərimlinin, AMEA Tarix İnstitutunun əməkdaşı, professor Cəbi Bəhramovun, Naxçıvan Dövlət Universitetinin dosenti Elman Cəfərlinin, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin əməkdaşı Gülşən Kəngərlinin, “İrs” jurnalının redaktoru Musa Mərcanlının və başqalarının “Humanitar siyasətin Naxçıvan modeli”, “Füzuli ədəbi məktəbinin davamçısı Heyran xanım”, “Naxçıvan Muxtar Respublikası 1941-1945-ci illər müharibəsi dövründə”, “Naxçıvan tarixinin erməni mətbuatında saxtalaşdırılması”, “Postsovet məkanının unitar dövlətlərində muxtariyyətlər və Naxçıvanın muxtariyyəti”, “Günəş Şərqdən doğur” mövzularında elmi məruzələri dinlənilmişdir.
“Naxçıvan Muxtar Respublikası inkişaf yollarında”, “Naxçıvanın istehsal potensialının formalaşması və inkişaf tendensiyası”, “Naxçıvan Muxtar Respublikasında sənayenin inkişafı” və digər mövzuların dinlənildiyi üçüncü bölmədə Naxçıvan Dövlət Universitetinin professoru Asif Şirəliyevlə birlikdə iqtisad üzrə fəlsəfə doktoru Cavadxan Qasımov, iqtisad üzrə fəlsəfə doktoru Müslüm Cabbarzadə, Naxçıvan Müəllimlər İnstitutunun professoru Nazim Əhmədov və başqaları məruzə ilə çıxışlar etmişlər.
“Naxçıvanın muxtariyyət dövründə elm və təhsilin inkişafı”. Bu bölmədə AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyevin sədrliyi ilə ABŞ-dan olan Lauren Ristvet və Emilya Hammerin “Oğlanqala və Qızqala ətrafında araşdırmalar (2013-2014)”, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyevin “Müstəqillik illərində Naxçıvan Muxtar Respublikasında arxeoloji tədqiqatlar”, ABŞ vətəndaşları Hillari Qopnikin “Oğlanqalanın Dəmir dövrü keramikasının xüsusiyyətləri”, Susanna Fişmanın “Oğlanqala keramikasının pektoqrafik xüsusiyyətləri” mövzularında məruzələri maraqla qarşılanmışdır.
“Əlaqələr və mədəniyyət” adlanan sonuncu bölməyə AMEA-nın müxbir üzvü Qadir Qədirzadə sədrlik etmişdir. Bu bölmədə Türkiyə Respublikasından gəlmiş professorlar Xeyrəddin İvginin, Nail Tanın, Yaşar Kalafatın, Naxçıvan Dövlət Universitetinin dosenti Vaqif Məmmədovun və başqa alimlərin elmi məruzələrlə çıxışları olmuşdur.
Məlumat üçün bildirək ki, beynəlxalq konfransın bölmə iclasları bu gün nahara qədər davam etdiriləcək.
AMEA Naxçıvan Bölməsində keçiriləcək konfransın yekun iclasında bölmə rəhbərlərinin hesabatları dinləniləcək.
Muxtar MƏMMƏDOV