AMEA Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunun laboratoriya rəhbəri, kimya üzrə fəlsəfə doktoru, dosent Günel Məmmədovanın ABŞ-da nəşr olunan nüfuzlu “Şüşənin fizikası və kimyası” (Glass physics and chemistry) jurnalında elmi məqaləsi çap edilib. Adıçəkilən jurnal Springer jurnalları siyahısına daxil olmaqla kimya və fizika sahəsində dünyanın ən nüfuzlu dərgilərindən biri sayılır. Naxçıvanlı alimin “Təbii qallazit-obsidian sistemində natrolittipli seolitin hidrotermal sintezi” adlanan elmi məqaləsi rus dilində jurnalda çap edildikdən sonra redaksiya heyəti məqalənin əhəmiyyətini nəzərə alaraq onu ingilis dilinə çevirərək yenidən nəşr edib.
Qeyd edək ki, bir müddət öncə – 28 May – Respublika Günü ilə əlaqədar keçirilən gənc alimlər üçün AMEA Rəyasət Heyətinin qrant müsabiqəsində kimya üzrə fəlsəfə doktoru, dosent Günel Məmmədova son üç ildə apardığı tədqiqat işlərinin nəticələrinə əsasən, 2000 manat həcmində qrant mükafatı qazanıb. Məlumat üçün deyək ki, qrant müsabiqəsində gənc alimlərin son üçillik fəaliyyəti qiymətləndirilib.
Xəbərlər şöbəsi