AMEA Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutu Y.Məmmədəliyevin Ordubad şəhərindəki ev-muzeyində elmi konfrans keçirib. Konfransı giriş sözü ilə AMEA Naxçıvan Bölməsi Təbii Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əliəddin Abbasov açıb. O qeyd edib ki, Yusif Məmmədəliyev nəinki Azərbaycanda, ümumilikdə, keçmiş SSRİ-də kimya elmi sahəsində tanınmış məşhur alimlərdən biri olub. Bildirilib ki, Məmmədəliyev Yusif Heydər oğlu Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərində anadan olub. O, 1926-cı ildə Azərbaycan Ali Pedaqoji İnstitutunu bitirib, 1942-ci ildə kimya elmləri doktoru, professor elmi dərəcəsi və adı alıb, 1945-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi üzvü seçilib. Y.Məmmədəliyev 1947-1951 və 1958-1961-ci illərdə Azərbaycan SSR EA-nın prezidenti vəzifəsində çalışıb.
Elmi konfransda institutun elmi işlər üzrə direktor müavini, kimya elmləri doktoru Bayram Rzayevin “Y.Məmmədəliyevin uşaqlıq illəri”, institutun əməkdaşlarından kimya üzrə fəlsəfə doktorları Fizzə Məmmədovanın “Yusif Məmmədəliyevin həyatı və fəaliyyəti”, Qorxmaz Hüseynovun “Yusif Məmmədəliyev – alkilləşmənin əsas tədqiqatçısı”, kimya üzrə fəlsəfə doktoru, dosent Günel Məmmədovanın “Yusif Məmmədəliyevin neft kimyasında rolu”, kimya üzrə fəlsəfə doktoru Aliyə Rzayevanın “Yusif Məmmədəliyevin elmi yaradıcılığı”, kiçik elmi işçi Turac Süleymanovanın “Yusif Məmmədəliyev və müasir gənclik” mövzularında məruzələri dinlənilib.
Məruzələrdə vurğulanıb ki, Yusif Məmmədəliyevin əsas elmi fəaliyyəti neftin və neft qazlarının katalitik emalı sahəsinin tədqiqindən ibarət olub. Azərbaycanda neft kimyasının əsasını qoymuş alim müxtəlif karbohidrogenlərin katalizator iştirakı ilə xlorlaşdırılma və bromlaşdırılmasının yeni üsullarını təklif edib, neft qazlarını, xüsusilə metanı əvvəllər stasionar katalizator üzərində, sonralar isə qaynar təbəqədə xlorlaşdırmaqla karbontetra-xlorid, metil-xlorid, metilen-xlorid və sair qiymətli məhsullar alınması yollarını göstərib.
200-dən artıq elmi əsərin, o cümlədən 6 monoqrafiyanın müəllifi olmuş Y.Məmmədəliyevin yüksəkixtisaslı elmi kadrların hazırlanmasında böyük xidmətləri olub. Alim ABŞ, İtaliya, Fransa, İngiltərə və başqa ölkələrdə keçirilən qurultay, konqres və simpoziumlarda respublikamızı uğurla təmsil edib.
Diqqətə çatdırılıb ki, Azərbaycan Astrofizika Rəsədxanası, Əlyazmalar Fondu, Sumqayıt Kimya Elmi Mərkəzi və bu sahə ilə əlaqəli digər müəssisələrin təşkili Y.Məmmədəliyevin adı ilə bağlıdır. Onun yaratdığı Azərbaycan neft-kimya məktəbi ölkəmizdən çox-çox uzaqlarda da tanınır.
Sonra konfrans iştirakçılarını maraqlandıran suallar cavablandırılıb. Tədbir iştirakçıları Yusif Məmmədəliyevin ev-muzeyi ilə tanış olublar.
Elnur KƏLBİZADƏ