24 Dekabr 2024, Çərşənbə axşamı

İyunun 29-da Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ümumi orta təhsil bazasından məzun olan əvvəlki illərin məzunları üçün orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanı keçirib.
Naxçıvan Muxtar Respublikasında imtahan 14 nömrəli tam orta məktəbdə təşkil edilib. İmtahanların keçirilməsi üçün 41 otaq ayrılıb. TQDK-nın Naxçıvan Muxtar Respublikası üzrə Regional Bölməsinin rəhbəri Sabir Məmmədovun verdiyi məlumata görə, orta ixtisas təhsili müəssisələrinə sənəd verənlərlə yanaşı, eksternat qaydada təhsil sənədi almaq istəyənlər də imtahan veriblər. İmtahanlarda iştirak etmək üçün, ümumilikdə, 908 nəfər müraciət edib.
İmtahanın keçirilməsinə 3 nəfər Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından, 5 nəfər isə komissiyanın Naxçıvandakı regional bölməsindən olmaqla, ümumilikdə, 8 imtahan rəhbəri cəlb edilib. 77 imtahan nəzarətçisinin hamısı muxtar respublikanı təmsil edib. TQDK-nın Naxçıvan Muxtar Respublikası üzrə Regional Bölməsinin üç nəfər əməkdaşı isə imtahana ümumi rəhbərliyi həyata keçirib.

İmtahan saat 11-də başlanıb və 2 saat davam edib. Sualların cavablandırılması üçün abituriyentlərə 1 saat 30 dəqiqə, təqdim olunmuş mövzular üzrə inşa yazılarının ya­zıl­ması üçün isə 30 dəqiqə vaxt ayrılıb.
İmtahan keçirilən məktəbin yaxınlığında həyəcanlı görünən abituriyentlərin valideynləri ilə görüşüb həmsöhbət olduq. Babək rayonunun Didivar kəndindən olan valideyn Elman Əliyev dedi:
– Bu gün oğlum Murad imtahan verir. Çox həyəcanlıyam. İmtahanların obyektiv keçiriləcəyinə şübhə etmirəm. Ümid edirəm ki, övladım bu imtahanda uğur qazanacaq. Burada bizim üçün – övladlarını həyəcanla gözləyən valideynlər üçün çox gözəl şərait yaradılıb.
Şərur rayonunun Qarxun kəndindən olan Salman Quliyev isə qızına dəstək üçün bura gəlib. Deyir ki, qızım Təranə imtahana yaxşı hazır­laşıb. İnanıram ki, qəbul imtahanında uğur qazanacaq. O, ərazidə insanların rahatlığı üçün iaşə xidmətinin təşkilindən də razılığını ifadə etdi.
Saatlar 1100-i göstərəndə imtahan başladı. İmtahan başa çatdıqdan sonra bir neçə abituriyentlə həmsöhbət olduq. Naxçıvan şəhərinin Əliabad qəsəbəsindən olan Leyla Həsənovanın dediklərindən: “İmtahan yüksək səviyyədə təşkil olunmuşdu. Nəzarətçilər tərəfindən sakitliyin təmin olunması imkan verdi ki, təqdim olunan suallara diqqətimi yönəldə bilim. Ümid edirəm ki, həm valideynlərimin, həm də müəllimlərimin etimadını doğruldacağam”.
Qeyd edək ki, qəbul imtahanı mərkəzləşmiş qaydada respublikanın 14 şəhərində keçirilib.
İmtahanda iştirak etmək üçün ölkə üzrə 14 min 923 abituriyent ərizə təqdim edib. Onlardan 5459 nəfərini oğlanlar, 9464 nəfərini qızlar təşkil edir. 14380 abituriyent Azərbaycan bölməsi, 543 abituriyent isə rus bölməsi üzrə imtahan verib.
Məlumat üçün bildirək ki, ixtisas seçimi iyulun 2-dən 10-dək həyata keçiriləcək. İxtisas seçiminə ümumi balı 16-dan və hər bir fənn üzrə balı 8-dən az olmayan abituriyentlər buraxılacaqlar.

Elnur KƏLBİZADƏ

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR