Naxçıvan Muxtar Respublikasının coğrafi mövqeyi, biomüxtəlifliyi ilə seçilən əlverişli təbiəti, relyef quruluşu, müxtəlif və məhsuldar torpaq örtüyü bu ərazidə qədim zamanlardan insanlar tərəfindən bir sıra təsərrüfat sahələrinin meydana gəlməsinə və inkişafına səbəb olmuşdur. Bu təsərrüfat sahələrindən biri də xalqımızın məişət həyatında əsas yerlərdən birini tutmuş arıçılıqdır.
Arıçılıq hal-hazırda təkcə insan üçün bal verən bir təsərrüfat sahəsi deyildir. Elmin və təbabətin inkişafı arıların bir sıra tibbi və təsərrüfat əhəmiyyətli məhsullar hazırladığını müəyyən etmiş və arıçılıq farmakologiya sənayesini xammalla təmin edən bir sahəyə çevrilmişdir. Təbiətin möcüzəsi olan bu kiçik varlıqlar bal, mum, güləm, arı südü, arı zəhəri kimi çox dəyərli məhsullar hazırlamaqla yanaşı, entomofil bitkiləri tozlandırmaqla da məhsuldarlığın artmasında mühüm rola malikdirlər. Bu baxımdan arıçılığın inkişafı diqqət mərkəzindədir və Naxçıvanda arıçılığın inkişaf etdirilməsi üçün geniş imkanlar yaradılmış, yerli şəraitdə arı ailələrinin və onlardan əldə olunan əmtəəlik məhsulların miqdarı artaraq bütün dövrlərlə müqayisədə ən yüksək həddə çatdırılmışdır.
Bu günə qədər arıların bir çox xəstəlikləri, onların törədiciləri, xəstəliklərə qarşı mübarizə tədbirləri müəyyən edilmişdir. Respublikamızda arı xəstəliklərinə həsr olunmuş bir neçə ədəbiyyat nəşr olunsa da, bəzi arı xəstəliklərinin aşkar edilməsi onlara qarşı mübarizə vasitələrinin daim yenilənməsi, profilaktik tədbirlərin müasirləşməsi məsələsini aktual etmişdir. Bu baxımdan Naxçıvan Dövlət Universitetinin ixtisaslı mütəxəssisləri biologiya elmləri doktoru, professor Saleh Məhərrəmov, biologiya üzrə fəlsəfə doktoru, dosentlər Elsevər Əsədov, Həbib Hüseynov, biologiya üzrə fəlsəfə doktoru Əli Tahirov və baytarlıq üzrə fəlsəfə doktoru Yunis Rüstəmlinin həmmüəllifliyi ilə çap edilən “Bal arısının xəstəlikləri və zərərvericiləri” adlı kitab arıçılığın bir sıra aktual problemlərinin həllini özündə əks etdirən sanballı əsərdir.
Bal arıları cəmiyyət halında yaşayan, ailədə çox ciddi iş bölgüsü həyata keçirən canlılar olub, yaşayış yerlərini hər zaman təmiz, daim havası dəyişdirilən, xəstəliklərdən qorunan halda saxlayırlar. Amma buna baxmayaraq, arıların çoxlu düşmənləri və xəstəliktörədiciləri mövcuddur. Bal arısının infeksion, invazion və yoluxmayan xəstəlikləri, zərərvericiləri, yırtıcıları, arıxanada aparılan baytarlıq-sanitariya tədbirləri, mühit faktorlarının arılara təsiri haqqında son elmi nailiyyətləri özündə əks etdirən bu nəşr arıçılıq sahəsində hazırlanmış mükəmməl dərs vəsaitidir. Yeni nəşrdə arı xəstəliklərinin diaqnostikası, müalicə və profilaktikasında istifadə edilən dərman vasitələri haqqında məlumat verilir. Kollektiv elmi tədqiqatların, birgə təcrübələrin məhsulu olan dərs vəsaiti Əcəmi Nəşriyyat-Poliqrafiya Birliyində nəşr olunmuşdur.
Kitabda arı ölümlərinə səbəb olan faktorlar geniş işıqlandırılmaqla yanaşı, dünya alimlərinin son dövrlərdə əldə etdiyi nailiyyətlər də öz əksini tapmışdır. Bu kitab həvəskar və peşəkar arıçılar, baytarlıq mütəxəssisləri, orta ixtisas və ali məktəblərin müvafiq fakültələrinin tələbələri, magistrantlar, doktorantlar, müəllimlər, aqronomlar, ekoloqlar və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş faydalı əsərdir.
Mehriban SULTAN