Milli sərvət – o təkcə ölkələrin sahib olduğu iqtisadi resurslar, təbii ehtiyatlar, geostrateji mövqe deyil; milli sərvət həm də bir millətin sahib olduğu milli və mənəvi dəyərlər, o millətin istedadlı nümayəndələri, ölkənin istedadlı vətəndaşlarıdır. Bunlar həm də elə sərvətlərdir ki, onlar olmadan bir millətə təbii sərvətlərin heç bir yararı yoxdur. Elə bu səbəbdəndir ki, dünyada çox az təbii sərvətə sahib olub, əhalisinin istedadı və əməksevərliyi nəticəsində yüksək rifah səviyyəsinə malik Yaponiya ilə yanaşı, sonsuz təbii sərvətlər sahibi olan, əhalisi çox aşağı səviyyədə yaşayan Hindistan kimi ölkələr də var. Deməli, ən böyük sərvət də, ən böyük kapital da insandır, o insanın istedadıdır. Millətlər o zaman inkişaf edir, milli təfəkkür o zaman iti zəkaya çevrilir ki, hər şey təbii sərvətlərin qorunmasına deyil, insanın qorunmasına yönəldilir. O insanın istedadı, bacarığı isə təbii resurslardan düzgün istifadə etməklə, bütövlükdə, ölkəni qoruyur; həm də gələcək milli sərvətin – uşaqların və gənclərin normal böyüməsini təmin edir.
Azərbaycanda istedadlı uşaqların və gənclərin aşkara çıxarılması, onların potensial imkanlarının inkişaf etdirilməsi ötən əsrin 70-ci illərindən etibarən diqqət mərkəzində olmuş, 1993-cü ildən isə yeni və daha milli mərhələdə bu iş davam etdirilir. Ötən illər ərzində ölkəmizdə, o cümlədən Naxçıvan Muxtar Respublikasında bu istiqamətdə görülən işlərin elmi şəkildə öyrənilməsi isə gələcək yolun müəyyənləşdirilməsi üçün əsaslı zəmin yaradır. Bu günlərdə nəşr olunmuş “Naxçıvan Muxtar Respublikasında istedadlı uşaqların inkişafı” adlı kitab da məhz keçmişdən bu günə keçilən yola işıq salır və milli sərvətimiz olan istedadlı uşaqların inkişaf xəttinin inkişaf istiqamətlərinə elmi nöqteyi-nəzərdən yanaşmanı müəyyənləşdirir. Psixologiya elmləri doktoru, professor Oruc Həsənli və pedaqogika üzrə fəlsəfə doktoru Kamal Camalovun həmmüəllifliyi ilə çapdan çıxan 384 səhifəlik kitab Naxçıvan Muxtar Respublikasının 90 illiyinə müəlliflərin ərməğanıdır.
Kitabda istedadlı uşaqların tanınması üçün ümumi qanunauyğunluqlar, Naxçıvan Muxtar Respublikasında istedadlı uşaqların inkişaf istiqamətləri, Şərqin görkəmli mütəfəkkirlərinin istedadlı uşaqlar haqqında fikirləri təhlilə cəlb edilmişdir. Məktəbəqədəryaşlı, kiçikməktəbyaşlı uşaqlarda psixoloji problemlər, onların aradan qaldırılması yolları, istedadın aşkar edilməsi üçün uşaqların fərdi psixoloji xüsusiyyətlərinin öyrənilməsi metodları kitabın elmi-psixoloji və elmi-pedaqoji məziyyətlərindəndir. Kitab ümummilli lider Heydər Əliyevin “Mən həyatımın, bu günümün, gələcəyimin də xoşbəxtliyini, səadətini məhz uşaqlara qayğıda, diqqətdə görürəm” müdrik fikri ilə başlayır. Azərbaycanda və Naxçıvan Muxtar Respublikasında uşaqların və gənclərin inkişafı ilə bağlı imzalanan fərman və sərəncamlar, qəbul edilmiş dövlət proqramları təqdim edilir.
Kitabın “Naxçıvan Muxtar Respublikasında istedadlı uşaqlara qayğı” adlanan birinci fəslində 2009-cu ilin ölkəmizdə “Uşaq ili” elan edilməsi ilə bağlı həyata keçirilmiş tədbirlərdən, dövlət uşaq siyasətinin həyata keçirilməsi istiqamətində reallaşdırılan layihələrdən bəhs edilir.
“Şərqin görkəmli mütəfəkkirlərinin uşaqlara münasibəti haqqında” adlanan fəsildə Marağalı Əhvədinin, Nəcəf bəy Vəzirovun, Mirzə Ələkbər Sabirin, Hüseyn Cavidin, Məhəmməd Tağı Sidqinin, Üzeyir Hacıbəylinin və Şərq mütəfəkkirlərinin uşaqlara münasibəti, valideyn-övlad münasibətlərinə baxışları təhlil edilmiş, onların yaradıcılığından tərbiyəvi əhəmiyyətli nümunələr təqdim olunmuşdur. “Məktəbəqədər uşaqlarda psixoloji problemlər və onların aradan qaldırılması yolları” adlanan üçüncü fəsildə məktəb təliminə hazır olmayan və “fantaziyaçı” uşaqlarla korreksiya işinin psixoloji xüsusiyyətləri, ilk uşaqlıq dövründə şəxsiyyətin inkişafı, məktəbəqədəryaşlı uşaqlarda səs tələffüzü qüsurları və onların aradan qaldırılması yolları, məktəbəqədəryaşlı uşaqlarla davranış qaydaları haqqında geniş məlumat verilmişdir.
Kitabın dördüncü fəslində isə “Kiçikyaşlı məktəbli dövründə psixi problemlər və onların aradan qaldırılması” yollarından bəhs olunur. Birinci sinif şagirdlərinin məktəbə adaptasiyasının xüsusiyyətləri, kiçikyaşlı məktəbli dövründə psixi inkişafın xüsusiyyətləri və iradi fəaliyyətin təşəkkülü, məktəblilərin nevrozlarının səbəbləri və onların aradan qaldırılması yolları, uşaqların fərdi bacarıqlarının, xüsusiyyətlərinin, meyil və maraqlarının, intellekt imkanlarının öyrənilməsində psixoloji testlərin və texnologiyanın tətbiqi məsələləri haqqında bu fəsildə məlumat verilməsi kitabın həm də metodik vəsait kimi əhəmiyyətini artırır. “Uşaqlarda fərdi psixoloji xüsusiyyətlərin öyrənilməsi” adlanan növbəti fəsil də bu cəhətdən maraq doğurur. Burada stress keçirmiş uşağa psixoloji yardım qaydaları, uşaqlarda psixi deprivasiya, temperamentin öyrənilməsi və tərbiyə edilməsi, məktəbdə psixoloji fəaliyyət, uşaqların sosiallaşmasında məktəb psixoloqu və müəllimin rolu haqqında məlumat verilir. Kitabın sonuncu – VI fəsli valideynlər, müəllimlər və cəmiyyət üçün tövsiyə xarakterli bir başlıqla adlandırılıb – “Gələcəyimiz olan uşaqların qayğısına qalaq”. Bu fəsildə ailədə əxlaqi şüurun formalaşmasına nəzarət, uşaqlarda yaş böhranı və onun nəzərə alınması, uşaqlara elmin dəyərinin sevdirilməsi yollarından bəhs edilir.
Kitab, ümumilikdə, tərbiyəçilər, valideynlər və bu sahədə fəaliyyət göstərən tədqiqatçılar üçün əhəmiyyətli ola bilər.
Elnur KƏLBİZADƏ