Naxçıvan Muxtar Respublikasının bütün bölgələri kimi, Gilançay vadisi də arxeoloji abidələrlə zəngindir. Gilançayın sağ və sol sahilindəki ərazilərdə olan Tunc, Dəmir, Antik və orta əsrlər dövrünə aid abidələr maddi və mənəvi mədəniyyətimizin öyrənilməsində mühüm əhəmiyyət kəsb edir. Gilançay vadisindəki arxeoloji abidələr içərisində Plovdağın ətəyində olan Tunc dövrü yaşayış yerləri və nekropollar nəinki Azərbaycan, həmçinin dünya arxeologiyasında mühüm yeri olan unikal abidədir. Plovdağ yaşayış yerindəki tikili qalıqlarından, nekropollardakı kurqanaltı daş qutu və torpaqtipli qəbirlərdən əldə olunmuş arxeoloji materialları gözdən keçirərkən hər bir insan Tunc dövrünə ekskursiya edir, bu dövr haqqında müəyyən təsəvvürlərə sahib olur.
Plovdağ yaşayış yeri və nekropollarında Xaraba Gilan arxeoloji ekspedisiyası tərəfindən 1975-1976, 1987-1988-ci illərdə ilkin arxeoloji tədqiqatlar aparılmışdır. Sonrakı dövrlərdə bu abidələr arxeoloq Bəhlul İbrahimli tərəfindən sistemli şəkildə öyrənilmişdir. Hər bir tədqiqat dövründə tədqiqatçı tərəfindən nəinki Azərbaycan, həmçinin dünya arxeologiyası üçün əhəmiyyətli olan elmi nəticələr əldə olunmuşdur. 2010-cu ildə tədqiqatçı-arxeoloq tərəfindən Plovdağ nekropolunun mərkəzi hissəsi və şərq tərəfindəki yeddi kurqanın altından Erkən Tunc dövrünə aid yaşayış yerinin qalıqları və bu dövrə aid keramika məmulatları, gil ocaqlar və daş əmək alətləri aşkar edilmişdir. 2012-ci ildə Plovdağın şərq tərəfində 1,5 hektar sahəni əhatə edən yeni bir abidə – III Plovdağ nekropolu ilk dəfə qeydə alınaraq elmi araşdırma obyektinə çevrilmişdir. 2013-cü tədqiqat ilində də bir sıra maraqlı elmi nəticələr əldə edilmişdir. Tədqiqatçı-arxeoloq Bəhlul İbrahimli tərəfindən Plovdağ abidələrində əldə olunmuş elmi nəticələr Naxçıvanın qədim tarixinin dərindən öyrənilməsi işinə zəngin material verir.
Plovdağ yaşayış yerində aparılan arxeoloji qazıntılar Naxçıvandakı Tunc dövrünə aid yaşayış evlərinin, yardımçı tikililərin planı və interyeri haqqında geniş məlumat əldə etməyə imkan verir. Оradakı yaşayış еvləri оrijinal planlı оlub, özünəməхsus tikinti tехnikası ilə fərqlənir. Planlı surətdə tikilmiş оtaqlardan bir qrupu yaşayış üçün istifadə еdilmiş, bəzilərində isə ərzaq saхlanılmışdır. Yaşayış yerindəki tikililər dairəvi, düzbucaqlı və dördbucaqlı formadadır. Erkən Tunc dövrünə aid kiçikhəcmli tikililərin, evlərin özülü daşla, yuxarı hissəsi isə möhrə (palçıq) və çiy kərpiclə tikilmişdir. Bu tip tikililər I Kültəpə, Ovçular təpəsi, I Maxta, II Kültəpə və digər abidələrdə də aşkar edilmişdir. I Maxta abidəsində olduğu kimi, Plovdağ yaşayış yerində də Erkən Tunc dövrünə aid dairəvi və dördkünc evlər yanaşı tikilmişdir.
Plovdağ nekropolunda aparılan arxeoloji tədqiqatlar zamanı əldə olunan elmi nəticələr Naxçıvanın Tunc dövrü qəbirlərinin tiplərini, kurqantipli qəbirlərin xronoloji ardıcıllığını və bu dövrün dəfnetmə adətinin incəliklərini öyrənməyə imkan verir. 2012-ci ildə aşkar edilmiş III Plovdağ nekropolunda aparılan araşdırmalar zamanı əvvəlki dövrün tədqiqatlarından fərqli olaraq, yeni qəbir tipləri, maraqlı arxeoloji materiallar aşkar edilmişdir. Bu abidədəki kurqanların kromlexləri I və II Plovdağ nekropolundakı kurqanlardan fərqli olaraq, iki sıra daşla divar kimi hörülmüşdür. I və II Plovdağ nekropollarındakı qəbirlər, əsasən, qurbangahlıdır. Qurbangahlar qəbrə şərq tərəfdən işlənmişdir. Orta Tunc dövrünə aid kurqanlar dördbucaqlı və beşbucaqlı plandadır. Onların əksəriyyətinə gil qablar qoyulmuşdur.
Plovdağın ətəyindəki yaşayış yeri və nekropollardan xeyli miqdarda arxeoloji materiallar – gil qablar, bəzək əşyaları, əmək alətləri, silahlar və sair aşkar olunmuşdur. Gil qablar boyalı və boyasız olmaqla iki qrupa bölünür. Bu qablardan mətbəx və təsərrüfatda istifadə olunmuşdur. Boyalı qablar, əsasən, həndəsi ornamentlərlə naxışlanmışdır. Naxışlar sadə və mürəkkəb kompozisiyalı olmaqla bir neçə qrupa bölünür. Plovdağ nekropolundakı qəbirlərdə, bir qayda olaraq, kişilər sol, qadınlar isə sağ tərəfi üstə dəfn edilmişlər. Nekropollardakı qəbirlərdən qədim dəfnetmə adətimizlə bağlı maraqlı arxeoloji materiallar – insan skeletləri aşkar olunmuşdur. Belə maraqlı arxeoloji materiallardan birini nekropoldakı qəbirlərdən birində uşağın ana ilə birlikdə dəfn olunması təşkil edir. Qədim Şumer, Ubeyd mədəniyyətlərində də sağ və sol tərəfi üstə dəfn edilmiş insan skeletləri aşkar edilmişdir. Bu tip dəfnetmə I Kültəpə abidəsinin Eneolit dövrü təbəqəsindən də tapılmışdır. Plovdağ nekropolunda aşkar olunmuş sağ əlində piyalə və ya kiçikhəcmli çanaq olan insan skeletləri də maraqlı arxeoloji materiallardandır. Bu tip dəfnetmə adəti Mesapotamiya, Altay, Qazaxıstanda da mövcud olmuşdur. Naxçıvanda I Kültəpə abidəsinin Eneolit dövrü təbəqəsindən bu tip dəfnetmə adətinin qədim kökləri aşkar edilmişdir. Tədqiq olunan dövrdən üç min il sonrakı dövrün tarixi mənbələrində də bu tip dəfnetmə adəti haqqında məlumata rast gəlinir. Ərəb səyyahı İbn Fədlan oğuz qəbilələrinin adətlərini təsvir edərkən qeyd etmişdir ki, oğuzlar ölən insanları qəbrə bükülü vəziyyətdə qoyub əlinə cam verirmişlər. Plovdağ nekropolunda araşdırmalar zamanı silahı və bəzəkləri ilə birlikdə dəfn olunmuş qadın skeletləri də maraqlı arxeoloji materiallardan olub, Naxçıvanın qədim tarixinin öyrənilməsində mühüm əhəmiyyət kəsb edirlər. Aparılan araşdırmalar zamanı məlum olur ki, Plovdağ nekropolundakı digər dəfnetmə adətləri kimi, bu dəfnetmə adəti də prototürklərin yaşadığı ərazilərdə yayılmışdır. Mərkəzi Asiya, Volqaboyu, Qafqaz bölgəsindəki arxeoloji abidələrdə bu tip dəfnetmə aşkar edilmişdir.
Plovdağ abidəsində aparılan arxeoloji araşdırmalar zamanı əldə olunmuş nəticələrin müqayisəsi bir daha onu sübut edir ki, Gilançay vadisi Naxçıvanın qədim yaşayış yerlərindən biridir. Naxçıvan Muxtar Respublikasının digər bölgələrində olduğu kimi, bu ərazilərdə də qədim dövrdən türk tayfaları yaşamışlar. Tariximizin daş yaddaşına çevrilən, açıq səma altında muzey təəssüratı bağışlayan Plovdağ arxeoloji abidələrindən əldə olunmuş zəngin arxeoloji materiallar, maraqlı elmi nəticələr Tunc dövründə Naxçıvanda yaşamış qədim əkinçi-maldar tayfaların maddi və mənəvi mədəniyyətini, məişətini, təsərrüfat həyatını, qonşu tayfalarla qarşılıqlı iqtisadi, mədəni əlaqələrini kompleks şəkildə öyrənməklə yanaşı, Naxçıvan Muxtar Respublikasının turizm potensialının gücləndirilməsi sahəsində də özünəməxsus əhəmiyyət kəsb etməkdədir.
Toğrul XƏLİLOV
tarix üzrə fəlsəfə doktoru