Dil insanlar arasında ən mühüm ünsiyyət vasitəsidir. Məhz buna görə dili ictimai hadisə adlandırırlar. İnsan ətraf aləmdə hər şeyi öyrənməkdə, təlim-tərbiyə almaqda əsas olaraq sözdən istifadə edir. Ona görə də dil özünü təlim-tərbiyə prosesində mühüm vasitə kimi göstərir.
Peşəkar tənqidçi, ədəbiyyatşünas, Ana dilinin saflığı və inkişafı uğrunda mübarizə aparan Firudin bəy Köçərli belə yazırdı: “Hər millətin özünə məxsus ana dili var ki, onun məxsusi malıdır. Ana dili millətin mənəvi diriliyidir, həyatın mayeyi-mənziləsidir. Ananın südü bədənin mayəsi olduğu kimi, ananın dili də ruhun qidasıdır. Hər kəs öz anasını və vətənini sevdiyi kimi, ana dilini də sevir”.
Məşhur rus pedaqoqu K.Uşinskinin “Bir millətin malını, dövlətini, hətta vətənini alsan, ölüb-itməz, amma dilini alsan, fövt olar və ondan bir nişan qalmaz” fikrini oxuyarkən ana dilinin nə dərəcədə əhəmiyyətli olduğunu görürük.
Mirzə Cəlil hələ XX əsrin əvvəllərində rus-Avropa, ərəb-fars, türk-osmanlıcaya üstünlük verən ziyalıları ifşa edən yazılar yazırdı. O, “Anamın kitabı”(1919) dramı ilə bu fikirlərinə son nöqtəni qoymuş və bu üç meylin üçünə də gülmüşdü. M.S.Ordubadinin “Ana dili” felyetonu da bu fikirlərlə səsləşir.
Oğlu ilə axund arasında gedən “rusca-ərəbcə” söhbətdən bir şey anlamayan ana oğlundan hansı dildə danışdıqlarını soruşanda oğlu cavab verir:
– Ana, biz mollaynan ana dilində danışırıq.
Ana başını aşağı salır və bir qədər fikrə getdikdən sonra deyir:
– Yazıq ana dili!!!
Cümlənin sonunda qoyulmuş üç nida işarəsi vəziyyətin nə dərəcədə ciddi və acınacaqlı olduğundan xəbər verir.
Bu vəziyyət XX əsrin ortalarında başqa formada davam edirdi. SSRİ-nin tərkibində dilindən uzaqlaşdırılan azərbaycanlılar ana dilində danışmağa belə çəkinirdilər. Dilimizdən istifadə dairəsi olduqca məhdudlaşdırılmışdı. Ümummilli lider Heydər Əliyevin 1969-cu ildə Azərbaycana rəhbər seçilməsi bu məhdudiyyətin də cəsarətlə aradan qaldırılması ilə nəticələndi. Azərbaycan dilinin işləklik arealı genişləndi, dilimizdə özləşmə meyilləri müşahidə olunmağa başladı.
Bütün sahələrdə qloballaşma prosesinin getdiyi müasir günümüzdə Ana dilinin ibtidai siniflərdə tədrisi xüsusilə aktual məsələlərdən birinə çevrilmişdir. Belə ki, bütün fənlərin təməli ibtidai siniflərdə qoyulur. 6 yaşlı uşaq məktəbdə ilk dəfə hərfləri və səsləri öyrənir, daha sonra söz və cümlələri oxumağa başlayır. Deməli, sinif müəllimi çalışmalıdır, bu təməli elə qoysun ki, şagird gələcəkdə digər fənləri öyrənərkən çətinlik çəkməsin.
İbtidai siniflərdə Ana dilinin tədrisinin başlıca qayəsi şagirdlərin nitqinin inkişaf etdirilməsidir. Bu fikirlər ibtidai siniflər üçün ana dili proqramında öz əksini belə tapmışdır: “İbtidai siniflərdə “Ana dili” fənninin tədrisində başlıca məqsəd şagirdlərə doğma dildə oxumağı, yazmağı öyrətmək, onların şifahi və yazılı nitqini inkişaf etdirməkdir”.
Müasir təhsil sistemində daim yeniləşmə və inkişaf prosesləri getməkdədir. Bu inkişaf, ilk növbədə, ibtidai təlim sisteminin dəyişdirilib yeniliyə doğru istiqamətlənməsi ilə nəticələnir. 1985-ci ildən dördillik ibtidai təhsil sisteminə keçilməsi, 1999-cu ildən “Həyat bilgisi” fənninin xüsusi fənn kimi tədrisi, bu fənnin “Ana dili” fənni ilə inteqrasiya olunması və nəhayət, 2009-cu ildən müasir təlim metodu olan kurikuluma keçid bu yeniliyin nəticəsidir. Amma elmdə baş verən hər hansı bir yeniliyin yalnız yüksək praktik yetkinliyə çatdığı zaman inandırıcı olduğunu da unutmayaq. Çünki bəzən yeni fikirlər yalnız öndən çəkilmiş şəkli xatırladır, onun arxasında nəyin olduğunu görmək, nəzəri düşüncəni inkişaf etdirmək isə hər bir elm adamının vəzifəsidir.
“Hər bir yenilik mütləq tətbiq olunacaq”, – deyə bir qayda yoxdur. Bəzən müəllimlər rastlaşdıqları hər hansı bir təcrübəni pedaqoji fəaliyyətlərində tətbiq etməyə çalışırlar. Bəlkə, bu, onun çalışdığı mühitlə, iş prosesilə uyğun gəlmir? Buna görə də hər bir müəllim qabaqcıl təcrübənin yerli şəraitə uyğun tətbiqini öyrənməlidir. Yalnız yeni dünya təcrübəsinin məqsədyönlü tərəflərindən istifadə etməklə ana dili tədrisinin inkişafına dəyərli töhfələr verə bilərik.
Müəllim kiminsə təcrübəsini eynilə tətbiq etməməli, öyrədəcəklərini müasir şəraitə, dil xüsusiyyətlərinə, sinfin səviyyəsinə uyğunlaşdırmağı bacarmalıdır. Eynilə K.Uşinskinin dediyi kimi: “Qabaqcıl təcrübə köçürülmür. Köçürülən təcrübənin surəti deyil, ondan irəli gələn ideyadır”.
Bütün bunlarla yanaşı, Ana dilinin metodik irsimizdən kənar tədrisini düşünmək qeyri-mümkündür. Amma bu, o demək deyil ki, keçmişdə bu sahədə əldə edilmiş hər hansı bir təcrübəni bu gün də olduğu kimi tətbiq etməliyik. Bu, mümkün deyil. Keçmişin mütərəqqi, əlverişli ideyalarını götürüb tətbiq etməklə həm B.Çobanzadə, M.Mahmudbəyov, Y.Seyidov və adını çəkə bilmədiyimiz neçə-neçə fikirləri bu gün də aktuallığını qoruyan pedaqoqların təcrübəsini gələcəyə daşımış olarıq, həm də gənc nəsil bu sınanmış təcrübədən qidalanar.
Bir məqam da var ki, didaktikanın prinsiplərinə əsaslanmadan Ana dilinin elmi əsaslarla tədrisi mümkün deyil. Müasir Azərbaycan dili üzrə aparılan tədqiqatları oxumadan, onlardan bəhrələnmədən ibtidai və eləcə də yuxarı siniflərdə qrammatik materialı tədris etmək çətin olar. Belə ki, dilçilik elmi metodikaya məlumat verir, metodika şagirdlərin yaş prinsiplərini nəzərə alaraq, onu rəngarəng tapşırıq və çalışmalarla zənginləşdirərək bizə təqdim edir. Bu materialı mənimsəyib qiymətləndirmək isə biz müəllimlərin öhdəsinə düşür.
Ana dilinin tədrisində yeni-yeni üsullardan, interaktiv metodlardan istifadə günümüzün tələbidir. Hər bir yaradıcı müəllim bu üsullardan ən səmərəlisini seçməklə müasir dərsin necə qurulması prinsiplərini araşdırmalıdır.
Aytəkin MİRZƏYEVA
Babək rayon Şıxmahmud kənd tam orta məktəbinin dərs hissə müdiri