Naxçıvan Dövlət Universitetində tibb sahəsi üzrə kadr hazırlığının 15-ci, Tibb fakültəsindən məzunolmanın 10-cu ildönümünə həsr olunmuş tədbir keçirilib.
Aparıcı tədbiri açıq elan etdikdən sonra Tibb fakültəsində təhsilin səviyyəsindən, fundamental tədris bazasından, göstərilən diqqət və qayğıdan danışaraq muxtar respublika rəhbərinə məzunlar adından minnətdarlığını bildirib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin iqtisadi məsələlər üzrə müşaviri Müslüm Cabbarzadə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin kollektivinə ünvanladığı təbriki oxuyub.
Rektor, professor Saleh Məhərrəmov məzunları təbrik edərək Azərbaycanda tibb təhsilinin özünəməxsus inkişaf yolu keçdiyini, muxtar respublikada səhiyyənin inkişafının daim diqqət mərkəzində saxlanıldığını vurğulayıb, məzunlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Tibb fakültəsinin dekanı, dosent Bəhruz Məmmədov məruzəsində fakültənin inkişaf yoluna nəzər salıb. Bildirilib ki, 1999-cu ildə pediatriya ixtisası ilə təməli qoyulan fakültədə 2007-ci ildə tibbi profilaktika və 2011-ci ildə müalicə işi ixtisasları açılıb. Burada 35 çarpayılıq kliniki xəstəxana, 2011-ci ildən əsaslı şəkildə yenidən qurulmuş laboratoriya, müxtəlif fənn kabinələri, 5000-ə yaxın fonda malik kitabxana fəaliyyət göstərir. Bir akademikin, 3 elmlər doktorunun, 21 fəlsəfə doktorunun çalışdığı fakültədə aktual mövzulara həsr olunmuş elmi-tədqiqat işləri aparılır, beynəlxalq və respublika səviyyəli konfrans və simpoziumlar təşkil olunur. Təhsil müddətində tələbələrin praktik vərdişlərə yiyələnmələri məqsədilə Naxçıvan Muxtar Respublikasının müasir xəstəxanalarında və Türkiyə Respublikasının tanınmış universitetlərində peşə təcrübələri keçirilir. Fakültə dekanı sonda pediatriya və tibbi profilaktika ixtisasları üzrə bu il 28 nəfər tələbənin məzun olduğunu bildirərək onlara müvəffəqiyyətlər arzulayıb.
Cəmiyyətin sağlam gələcəyinin savadlı həkimlərdən asılı olduğunu vurğulayan Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri Niyazi Novruzov regionda yüksəkixtisaslı mütəxəssislərin yetişməsində Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin rolundan, həkim-məzunların iş yerləri ilə təmin olunmasına göstərilən qayğıdan danışıb.
Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin fəaliyyətində xüsusi əməyi olan Azərbaycan Tibb Universitetinin kafedra müdiri, akademik Adilə Namazova, Naxçıvan Dövlət Universitetinin Ümumi təbabət və gigiyena kafedrasının müdiri, dosent Malikəjdər İbrahimov, Tibb fakültəsinin ilk məzunu, Tibbi klinik fənlər kafedrasının baş müəllimi, tibb üzrə fəlsəfə doktoru Elmar Rzayev də məzunları təbrik edərək onlara uğurlar arzulayıblar.
Sonra məzunlar Hippokrat andı içiblər.
Məzun günü konsert proqramı ilə davam edib. Tədbirdə Tibb fakültəsinin fəaliyyəti ilə bağlı slaydlar da nümayiş olunub.
Mina QASIMOVA