Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Naxçıvan Bölməsi Bioresurslar İnstitutunun Torpaq ehtiyatları laboratoriyasının rəhbəri, kənd təsərrüfatı üzrə fəlsəfə doktoru, dosent Sahib Hacıyevin “Naxçıvan Muxtar Respublikası torpaqlarının münbitlik modeli” adlı monoqrafiyası rus dilində Almaniyanın “LАМВЕРТ Academic Publishing” şirkəti tərəfindən çap edilmişdir. Monoqrafiya AMEA Naxçıvan Bölməsi Rəyasət Heyətinin 7 yanvar 2014-cü il tarixli qərarı ilə çapa məsləhət görülmüşdür.
Monoqrafiyada ilk dəfə olaraq muxtar respublikanın üzümçülük şəraitində torpaqlarından səmərəli istifadə olunması və tərtib olunan torpaq xəritəsi haqqında ətraflı məlumatlar dünya ictimaiyyətinə çatdırılmışdır.
Monoqrafiyanın birinci fəslində ilk dəfə olaraq müəllif tərəfindən aparılmış çoxillik tədqiqatlar nəticəsində muxtar respublikanın təbii və mədəni bitkilər altında torpaqların formalaşmasına təsir göstərən fiziki-coğrafi və antropogen amillərə aydınlıq gətirilmişdir.
Əsərin ikinci fəslində Naxçıvan Muxtar Respublikasında torpaqların ekoloji qiymətləndirilməsinin nəzəri, metodik və metodoloji əsaslarına diqqət yetirilmişdir. Qeyd olunanlarla yanaşı, dünya miqyasında, keçmiş SSRİ və MDB ölkələrində bu sahəyə dair elmi baxışların inkişaf mərhələləri öyrənilərək təhlil olunmuş və onların nəticələri muxtar respublika ərazisindəki torpaqların bonitirovkası, ekoloji parametrlərin qiymətləndirilməsi və münbitlik modellərinin qurulması haqqında məlumatlar verilmişdir.
Üçüncü fəsildə isə Naxçıvan Muxtar Respublikasının landşaft komplekslərinin (yarımsəhra- friqanoid, çöl-dağkserofit, dağ-meşə və subalp-alp) ekoloji şəraiti haqqında məlumat öz əksini tapmışdır. Burada həmçinin ərazidə üzüm becərilən düzənlikdən yüksək dağlıq qurşağa qədər yayılan torpaqların tip və yarımtipləri də kifayət qədər öyrənilmiş və götürülmüş torpaq nümunələrinin analiz nəticələri təhlil olunaraq onlar əsasında relyef şəraiti nəzərə alınmaqla muxtar respublikanın 1:60000 miqyasında torpaq xəritəsi verilmişdir.
Monoqrafiyanın dördüncü fəslində muxtar respublikada üzümçülük şəraitində boz və şabalıdı torpaqların ekoloji parametrləri, fiziki və kimyəvi xüsusiyyətləri haqqında ətraflı məlumat verilir.
Beşinci fəsildə isə bütün elmi araşdırmaların nəticələri təhlil olunaraq torpaq qiymətləndirilməsi aparılmış, ümumiləşdirilmiş ekoloji şkala tərtib olunmuş və üzümaltı (boz və şabalıdı) torpaqların faktiki və optimal parametrləri müqayisəli şəkildə təhlil edilmişdir.
Həmçinin bu fəsildə muxtar respublikada üzümaltı torpaqlardan səmərəli istifadə olunması və münbitliyin artırılması üçün bir neçə tövsiyə və təkliflər verilmişdir.
Varis QULİYEV
aqrar elmlər doktoru