Naxçıvan Dövlət Universitetinin nümayəndə heyəti Cənubi Koreyada səfərdə olub
Qloballaşma, texnologiya və sürətli tərəqqi əsri ilə ayaqlaşmağa çalışan Naxçıvan Dövlət Universitetində son 19 ildə dünyaya inteqrasiya, tədrisdə ən müasir texnologiyaların tətbiqi, distant təhsilə keçid, elektron universitet qurulması istiqamətində mühüm işlər görülmüşdür. Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOICA) ilə birgə həyata keçirilən “Naxçıvan Dövlət Universitetində elektron təhsil şəbəkəsi və rəqəmsal multimedia infrastrukturunun yaradılması” layihəsi bu prioritet vəzifələrin həllinə xidmət edir.
2012-ci ildə tərəflər arasında layihə ilə bağlı müqavilə imzalandıqdan sonra KOICA-nın Azərbaycandakı rezident nümayəndəsi xanım Kim Eun-Sukun başçılığı ilə koreyalı mütəxəssislərdən ibarət qrup müxtəlif vaxtlarda Naxçıvan Dövlət Universitetinə ezam olunmuşdur. Sistemin ilkin təqdimatı keçirilmiş, müzakirələr aparılmış, yerli mütəxəssislər məlumatlandırılmışlar. 2013-2015-ci illəri əhatə edən layihənin həyata keçirilməsinə KOICA tərəfindən 3 milyon 500 min ABŞ dolları həcmində vəsait ayrılmışdır.
Layihə çərçivəsində universitetin tədris işləri üzrə prorektoru, dosent Surə Seyidin rəhbərliyi ilə bir qrup nümayəndə on beş gün müddətinə Cənubi Koreyanın paytaxtı Seul şəhərinə ezam olunmuş, layihə ilə bağlı təlim keçmişlər.
Səfərin ilk günü KOICA-nın Orta Şərq və Mərkəzi Asiya üzrə proqram meneceri Kim Na Younq ilə görüş zamanı o, Cənubi Koreya və KOICA ilə bağlı ətraflı məlumat verdi. Qeyd edək ki, KOICA-nın tərəfdaşlıq etdiyi ölkələrdə 43 nümayəndəliyi mövcuddur. Bu şirkət Azərbaycanda da qrant yardımı və texniki əməkdaşlıq proqramları həyata keçirməkdədir.
Seul Milli Universitetinin rektoru, professor Kim Seonq-Kon ilə görüşdə rektor ölkənin tarixi, mədəniyyəti, dövlət idarəçiliyi, sosial-iqtisadi inkişafı haqqında geniş məruzə etdi. Slaydlar şəklində hazırlanmış bu məruzə bizim Koreya haqqında təsəvvürümüzü zənginləşdirdi.
Növbəti günlərdə layihənin icraçı şirkəti “Donqvon CNS”nin tanınmış mütəxəssisləri tərəfindən keçilən təlimlərə start verildi. Təlimlərdə sistemin fəaliyyəti, əsas funksiyaları, bu sahədə Cənubi Koreya Respublikasının qabaqcıl təcrübəsi əsasında informasiya sistemi ilə bağlı mühazirələr dinlədik. Təlimlərdə tələbələrə onlayn təhsil xidməti göstərilməsi üçün portal, distant təhsil, elektron təhsil şəbəkəsinin yaradılması, rəqəmsal multimedia infrastrukturunun təkmilləşdirilməsi üçün nəzərdə tutulan sistem haqqında, ali məktəbin idarəetmə sistemini təkmilləşdirəcək müasir texnologiyalar haqqında ətraflı məlumat verildi.
Cənubi Koreyada 400-dən çox universitet və müxtəlif ali məktəb fəaliyyət göstərir. Ali təhsilin əsas məqsədi dərin nəzəri təhsil vermək, nəzəri biliklərin tətbiqini təmin etmək, kamil mütəxəssis yetişdirməkdən ibarətdir. Ölkədə ali təhsil müddəti 4-6 ildir. Hökumət universitetlərin müstəqilliyinin artırılması, dövlət təhsil sisteminin tənzimlənməsi, özəl tədris xərclərinin azaldılması məsələlərinə nəzarət edir, tələbələrin seçim proseduru ilə bağlı əsas minimum tələbləri müəyyənləşdirir. Universitetlər təlim nəticələrini, qabiliyyət imtahanlarında toplanmış balları, abituriyentin aldığı sertifikatları, tövsiyə məktublarını əsas götürərək tələbə qəbulu aparırlar. Tərcüməçimiz, Soqanq Universitetinin Koreya linqivistikası ixtisası üzrə II kurs magistrantı Könül Mustafayevanın və 200-dən çox azərbaycanlının Cənubi Koreyada ali təhsil alması qəlbimizi qürur hissi ilə doldurdu.
Naxçıvan Dövlət Universitetinin Cənubi Koreya ilə elm, təhsil sahəsində əlaqələri Asiya ilə əməkdaşlıq baxımından mühüm əhəmiyyət kəsb edir. Bu əməkdaşlığın on ildən artıq tarixçəsi vardır.
2010-cu ilin aprel ayında Kimçonq Universitetinin nümayəndə heyətinin Naxçıvan Dövlət Universitetinə səfəri zamanı universitetlərarası əməkdaşlıq müqaviləsi imzalanmışdır. 2011-ci ilin sentyabr ayında Naxçıvan Dövlət Universitetinin nümayəndə heyəti Cənubi Koreyanın Kimçonq və Kyumqsunq universitetlərində görüşlər keçirmişdir. Kimçonq Universiteti ilə əsaslı tanışlıqdan sonra bu ali təhsil ocağı ilə Naxçıvan Dövlət Universitetində mikrobiologiya, otelçilik və turizm ixtisasları üzrə əməkdaşlıq imkanları sahəsində razılaşma əldə edilmiş, universitet əməkdaşlarının elmi əsərlərinin qarşılıqlı nəşr edilməsi qərara alınmışdır. Busan Kyumqsunq Universiteti ilə tanışlıq da universitetlər arasındakı əməkdaşlığın imkanlarının müəyyənləşməsində əhəmiyyətli olmuşdur. Naxçıvan Dövlət Universiteti ilə Kyumqsunq Universiteti arasında yeni əməkdaşlıq müqaviləsi imzalanmışdır. Bu universitetlə Naxçıvan Dövlət Universiteti arasında daha çox iqtisadiyyat, tarix, qayaüstü rəsmlərin birgə tədqiqi və incəsənət sahələrində əməkdaşlığa üstünlük verilməsi qərara alınmışdır. Əməkdaşlığın davamı olaraq, 2011-ci ilin noyabr ayında Kimçonq Universitetinin rektoru xanım Sunq Ae Kanq və bir qrup nümayəndə Naxçıvan Dövlət Universitetində olmuşlar. Elə həmin il Naxçıvan Dövlət Universitetində Cənubi Koreya Mədəniyyət və Dil Tədrisi mərkəzləri fəaliyyətə başlamışdır. Bu gün hər iki universitet arasında elmi təcrübə və tələbə mübadiləsi, elə bizim bu səfərimiz qarşılıqlı əlaqələr sahəsində aparılan səmərəli işin uğurlu davamıdır.
Naxçıvan Dövlət Universitetindən tərcümə (ingilis dili-Azərbaycan dili), hüquqşünaslıq, stomatologiya ixtisasları üzrə 3 nəfər birinci kurs tələbəsi 2012-2013-cü tədris ilinin ikinci semestrində tələbə mobilliyinə əsasən, ali təhsillərini Cənubi Koreyanın Kimçonq Universitetində davam etdirmişdir.
Səfərimiz universitetdə təhsil alan xarici tələbələrlə görüşə təsadüf etdiyindən məmnuniyyətlə bu görüşdə iştirak edib rektorun xarici tələbələrə böyük həssaslıqla yanaşdığını müşahidə etdik. Heyətimizin rəhbəri dosent Surə Seyid görüşdə çıxış edərək ölkələrarası əlaqələrin inkişafında elm, təhsil sahəsində tərəfdaşlığın rolundan danışdı, Naxçıvan Dövlət Universitetinin beynəlxalq əməkdaşlığında dost, tərəfdaş universitet olan Kimçonq Universitetinin ayrıca yeri olduğunu bildirdi.
Rektor xanım Sunq Ae Kanq Kimçonq Universiteti haqqında ətraflı məlumat verdi. Görüşdə naxçıvanlı həkim-müəllimlərimizin Kimçonq Universitetində təkmilləşdirmə kurslarında olması, bu ali təhsil ocağında Azərbaycan dili kurslarının açılması, Azərbaycan ədəbiyyatını, mədəniyyətini təbliğ edəcək mərkəzin yaradılması ilə bağlı təkliflər səsləndirildi.
Cənubi Koreya Kiber Universitetində universitetin rektoru, professor Çunq Soon Kim heyətimizi qəbul edərkən dünyada ilk kiber universitet olan bu ali təhsil ocağının Koreya Çunqanq Təhsil Vəqfi (KCEF) adı altında Cənubi Koreya Universiteti ilə birlikdə fəaliyyət göstərdiyini, Koreya ali məktəbləri sırasında birinci onluğa daxil olduğunu bildirdi. Bir çox xarici universitetlə əməkdaşlığa malik olan universitet Koreya tarixinin və mədəniyyətinin təbliği məqsədilə rəsmi səfərlərin təşkili ilə məşğul olan Koreya fondu ilə əlaqəli fəaliyyət göstərir, 2013-cü ildən etibarən Koreya dilinin sürətli onlayn tədrisini həyata keçirən “Korean Quick” proqramını uğurla həyata keçirir. Tədris işləri üzrə prorektor, dosent Surə Seyid məlumat verdi ki, Azərbaycanda, o cümlədən Naxçıvan Muxtar Respublikasında elektron hökumət və elektron universitet quruculuğu, elm və təhsilin müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqi vasitəsilə inkişaf etdirilməsi istiqamətində mühüm addımlar atılmışdır. Elektron təhsil şəbəkəsi, elektron kitabxana yaradılması, semestr imtahanlarının elektron test üsulu ilə aparılması, virtual əməkdaşlığın genişlənməsi, beynəlxalq videokonfransların təşkili buna əyani sübutdur. Kiber Universitetinin rektoru Naxçıvan Dövlət Universitetində Cənubi Koreya Mədəniyyət və Dil Tədrisi mərkəzlərinin fəaliyyəti, “Koreyaşünaslıq” seçmə fənninin, Koreya dilinin tədrisi, 7 nəfər koreyalı tələbənin təhsil alması ilə bağlı məlumatları məmnunluq hissi ilə qarşılayaraq Koreya dilinin və mədəniyyətinin tədrisi üçün lazımi köməkliklər göstərməyə hazır olduqlarını bildirdi. Görüşdə universitetlərarası əməkdaşlığın inkişafı ilə bağlı təkliflər səsləndirildi.
Səfər zamanı ölkənin tarixi-memarlıq komplekslərini, görməli yerlərini də gəzməyə fürsət tapdıq. Min iki yüz illik tarixi olan Cənubi Koreyanın ən məşhur buddist məbədi Bonqeunsada epiqrafik yazılar, tarixi abidələr qorunub saxlanılır. Əvvəllər “Qyeonseonqsa məbədi” adlanan bu məbəd 794-cü ildə inşa edilmişdir. 1498-ci ildə hakimiyyətdə olan xanım Jeonqhyeon Kral Seonqyonqun məzarının şərqində olan Qyeonseonqsa məbədini yeniləyərək “Bonqeunsa” adlandırmışdır. 1498-ci ildə məbəd əsaslı təmir edilmişdir. Burada 3 min 479 ədəd buddist yazı nümunələri qorunub saxlanılır. 1960-cı illərdən fəaliyyətə başlayan Donquk Tərcümə Mərkəzi bu yazıların tədqiqi ilə məşğul olur. Yapon istilası və Koreya müharibəsi zamanı dağıntılara məruz qalan məbəd yenidən bərpa edilərək Koreya Buddizm Mərkəzinə, ölkənin əsas turizm məkanına çevrilib.
Seulun şimalında yerləşən kral sarayı da tarixiliyi və milli arxitekturası ilə seçilir. Saray 1395-ci ildə tikilmiş, yandıqdan sonra tərk edilmiş, təxminən, 3 əsr baxımsız qalmışdır. 1867-ci ildə isə yenidən bərpa edilmişdir. Bu saray Joseon sülaləsinin hakimiyyəti dövründə tikilmiş “Beş möhtəşəm saray”dan ən genişi və önəmlisidir.
Seulun mərkəzində, ən yüksək nöqtəsində, Namsan dağında yerləşən məşhur Seul qülləsi şəhərin simvoludur. 236,7 metr hündürlüyündə olan, kanat yolu ilə qalxdığımız qüllədən şəhər ovuc içi kimi, olduqca gözəl görünür. 2,5 milyon ABŞ dollarına başa gələn, tikintisi 1969-cu idən 1971-ci ilin sonlarına qədər davam edən bu qüllə 1980-ci ildə istifadəyə verilmişdir.
Ümumiyyətlə, səfər müasir texnologiyalarla, elektron təhsil şəbəkəsi ilə bağlı bilik və təcrübəmizi artırdı, eyni zamanda özünəməxsus tarixə və mədəniyyətə, inkişaf yoluna malik bir ölkə haqqında bizdə zəngin təəssüratlar yaratdı.
Günəş kainatı ilk dəfə burada salamlayır. İnsanlar hər səhər Günəşi erkən qarşılamaqla onun zərrin şəfəqlərindən nur, ziya, enerji alırlar. Cənubi Koreyanı, texnologiyanın dili ilə desək, “smartlar vətəni” də adlandırmaq olar. O qədər də təbii sərvətlərə malik olmayan bu ölkənin yeganə və ən böyük varidatı ağıl, idrak, təşəbbüskarlıq və zəhmətkeşlikdir. Bu, əsrlər boyu imperiyaların, müharibələrin qazana bilmədiklərini qazandıran, yeganə tərəqqi və rifah yolu olan, heç vaxt tükənməyən, dəyərini itirməyən, möcüzələr yaradan bir varidatdır. Biz də öyrəndiklərimizi, təcrübəmizi tətbiq etmək, paylaşmaq həvəsi və enerjisi ilə Vətənə döndük. İnanırıq ki, keçilən təlimlər müasir texnologiyaların öyrənilməsi və tədrisdə tətbiqi, layihənin uğurla reallaşdırılması baxımından əhəmiyyətli olacaq.
Mehriban SULTAN
Naxçıvan Dövlət Universitetinin Mətbuat şöbəsinin müdiri
Naxçıvan-Seul-Naxçıvan