Dünən Naxçıvan şəhərindəki “Gənclik” Mərkəzində Naxçıvan Özəl Universiteti tələbələrinin məzun günü münasibətilə tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə ali təhsil ocağının rektoru, professor İsmayıl Əliyev açaraq bütün məzunları təbrik etmiş, onlara gələcək fəaliyyətlərində uğurlar arzulamışdır.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Rəhman Məmmədov çıxış etmişdir. Qeyd olunmuşdur ki, gənclərin formalaşması, lazımi bilik alması, müasir dünyanı dərk etməsi baxımından tələbəlik dövrü mühüm əhəmiyyət daşıyır. Təhsil, eləcə də ali təhsil hər bir cəmiyyətin həyatında mühüm əhəmiyyətə malikdir. Xalqımızın təhsillənməsi, gənc kadrların hazırlanması sahəsində görülən işləri yüksək dəyərləndirən, milli tərəqqidə, müstəqil dövlət quruculuğunda təhsilin əvəzsiz rolunu xüsusi vurğulayan ümummilli liderimiz Heydər Əliyev deyirdi: “Təhsil sisteminin nə qədər dəyərli olduğunu ondan görmək olar ki, Azərbaycanda yüksək savada, biliyə, ixtisasa, yüksək elmə malik insanlar var və onlar cəmiyyətin çox hissəsini təşkil edirlər. Əgər bunlar olmasaydı, Azərbaycan iqtisadiyyatı belə güclü inkişaf edə bilməzdi. Bunlar olmasaydı, biz indi Azərbaycanı müstəqil dövlət kimi idarə edə bilməzdik”.
Bildirilmişdir ki, Azərbaycanda təhsilin inkişafı, bu sahədə güclü maddi-texniki bazanın yaradılması ümummilli liderimizin ali dövlətçilik fəaliyyəti ilə sıx bağlıdır. Ulu öndərin müəyyənləşdirdiyi təhsil strategiyası bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir. Təhsil sahəsində qarşıya qoyulan vəzifələrin icrası istiqamətində Naxçıvan Muxtar Respublikasında da ardıcıl tədbirlər görülür. Muxtar respublikamızda təhsil müəssisələrinin maddi-texniki bazaları gücləndirilir və onların informasiya-kommunikasiya texnologiyaları ilə təmin olunması diqqət mərkəzində saxlanılır. Yeni istifadəyə verilmiş sosial obyektlərin böyük əksəriyyətinin təhsil obyekti olması bu sahəyə göstərilən dövlət qayğısının bariz nümunəsidir. Yaradılmış şərait təhsilin səviyyəsini yüksəltmişdir. Sevindirici haldır ki, gənclərimiz intellektual və yaradıcılıq potensiallarını daim artırır, təhsildə uğurlar qazanır, müxtəlif dövlət orqanlarında, icra strukturlarında, özəl bölmədə geniş təmsil olunurlar.
Sonra Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin nümayəndəsi Rəşad Xudiyevin, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun icraçı direktoru Məmməd Babayevin, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin əməkdaşı İlahə Haqverdiyevanın çıxışları olmuşdur.
Tədbirin sonunda universitetin ictimai həyatında və təhsil sahəsində fərqlənən tələbələrə ali təhsil ocağı adından təşəkkürnamələr, diplom əvəzi və döş nişanları təqdim edilmişdir.
* * *
Naxçıvan Dövlət Universitetində də ənənəvi məzun günü keçirilib. Universitetin rektoru, professor Saleh Məhərrəmov tədbiri açaraq Azərbaycanda elmin, təhsilin inkişafından danışıb, muxtar respublikada gənclərin ali təhsil almaları, yerli kadr potensialının gücləndirilməsi istiqamətində görülən işlərdən bəhs edib. Tələbələri məzun olmaları münasibətilə təbrik edən rektor bildirib ki, 2013-2014-cü tədris ilində universiteti bakalavr təhsil pilləsi üzrə 958, magistratura təhsil pilləsi üzrə 168 nəfər bitirir, 210 nəfər tələbə isə ikinci ali təhsilini tamamlayır. Builki məzunlardan 63 nəfəri xarici ölkə vətəndaşıdır.
Tədbirin bədii hissəsi İncəsənət fakültəsinin, Tələbə Teatr Studiyasının hazırladığı rəngarəng konsert proqramı ilə davam edib. İncəsənət fakültəsinin xalq çalğı alətləri ansamblının müşayiəti ilə Zeynəb Yusifova, Bəhruz Quliyev, Nigar İbrahimova və digərlərinin ifasında mahnılar səslənib. Vokal qrupunun məzunlarla birgə ifa etdikləri “Tələbəlik illəri” mahnısı, gürcü tələbələrdən ibarət rəqs qrupunun təqdim etdiyi rəqslər tədbir iştirakçılarında xoş əhval-ruhiyyə yaradıb.
Yekunda son zəngin sədaları altında məzun simvolu olan dördkünclü akademik keplərin atılması mərasimi keçirilib, xatirə şəkilləri çəkdirilib.
Xəbərlər şöbəsi