Dünən 15 İyun – Milli Qurtuluş Günü münasibətilə Naxçıvan Gənclər Mərkəzinin oyun zalında Naxçıvan Dövlət Texniki Kolleci və Naxçıvan Musiqi Kollecinin tələbələri arasında bilik yarışı keçirilmişdir.
Yarış başlamazdan əvvəl Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun icraçı direktoru Məmməd Babayev və Naxçıvan Dövlət Texniki Kollecinin direktoru Məhəmməd Qəribov çıxış edərək muxtar respublikada gənclərə göstərilən diqqət və qayğıdan danışmış, onlara uğurlar arzulamışlar.
Sonra bilik yarışına start verilmişdir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyatı, siyasi fəaliyyətinə həsr olunmuş sualları gənclər böyük fəallıqla cavablandırmışlar.
Bilik yarışının nəticələrinə görə, Naxçıvan Musiqi Kollecinin “Assent” komandası birinci, Naxçıvan Dövlət Texniki Kollecinin “Gənc texniklər” və “Kollec-90” komandaları ikinci və üçüncü olmuşlar.
Qaliblərə diplom və hədiyyələr verilmişdir.
Xəbərlər şöbəsi