Xəbər verdiyimiz kimi, Naxçıvan Dövlət Universiteti (NDU) “Bizim sahibkarlıq fəaliyyətimiz” (Enactus) beynəlxalq proqramı üzrə IX milli yarışın qalibi olmuş və bu il oktyabrın 22-dən 24-dək Çinin paytaxtı Pekində keçiriləcək dünya kuboku yarışlarında ölkəmizi təmsil etmək hüququnu qazanmışdır.
İyunun 3-də Naxçıvan Dövlət Universitetində yarışın qalibi olmuş universitet komandasının mükafatlandırılması mərasimi keçirilmişdir.
Tədbiri açan universitetin rektoru, professor Saleh Məhərrəmov bu uğurun muxtar respublikada elm və təhsilin inkişafına, istedadlı gənclərə göstərilən dövlət qayğısı sayəsində qazanıldığını bildirmişdir.
Universitetin “Enactus” komandasının rəhbəri, İqtisad fakültəsinin dekan müavini Müslüm Cabbarzadə beynəlxalq proqram üzrə IX milli yarışın finalında gərgin mübarizə getdiyindən söz açmışdır. Diqqətə çatdırmışdır ki, Naxçıvan Dövlət Universitetinin komandası yüksək peşəkarlıq nümayiş etdirmiş, onun bir-birindən maraqlı biznes layihələri münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilmişdir.
Naxçıvan Dövlət Universitetinin rektoru, professor Saleh Məhərrəmov “Enactus”un rəhbəri Müslüm Cabbarzadəyə, komandanın kapitanına və komanda üzvlərinə kubok, diplom və mükafatları təqdim edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulamışdır.
Xəbərlər şöbəsi