Bu gün dünya sürətlə inkişaf edir, dəyişir və qloballaşır. Bu qloballaşma artıq sosial həyatın bütün sahələrinə, eləcə də təhsil sahəsinə dərindən nüfuz edib. Təbii ki, qloballaşma şəraitində təlimin məzmun və keyfiyyətində də dəyişikliklər aparılmalıdır. Müəllim bu gün tədris materiallarının müasir tələblər səviyyəsində mənimsədilməsi üçün yeni pedaqoji texnologiyalardan və metodlardan səmərəli istifadə etməlidir.
Hər bir inkişaf etmiş ölkədə olduğu kimi, Azərbaycanda, o cümlədən Naxçıvan Muxtar Respublikasında da elm və təhsil prioritet sahə hesab olunur. Respublikamızda elm və təhsilə, xüsusilə xarici dillərin öyrənilməsinə böyük diqqət və qayğı göstərilir. Naxçıvan Dövlət Universitetində də xarici dillərin tədrisinə xüsusi diqqət və qayğı ilə yanaşılır. Beynəlxalq münasibətlər və xarici dillər fakültəsi müasir texnoloji avadanlıqlarla təchiz olunub, burada müasir tələblərə cavab verən linqafon kabinələri yaradılıb. Bir sözlə, dərsin yüksəkkeyfiyyətli, müasir üslubda keçilə bilməsi üçün bütün şərait yaradılıb. Bunlardan əlavə, müəllimlərimiz beynəlxalq səviyyəli layihələrdə, proqramlarda, treninqlərdə iştirak edirlər.
Yuxarıda sadaladıqlarımızın nəticəsidir ki, müəllimlər yeni-yeni uğurlara imza atırlar. Bu baxımdan pedaqogika üzrə fəlsəfə doktoru Mirhəsən Eminovun “İngilis dilinin tədrisi metodikası fənninin tədrisində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi təcrübəsindən” adlı metodik vəsaiti diqqətəlayiqdir. Vəsaitin TEMPUS layihəsi çərçivəsində təkrar nəşr olunması, Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən fənn proqramı və metodik vəsait kimi təsdiq edilməsi vəsaitin önəmini birə-beş artırır. Vəsait ali məktəb tələbələrinin və ingilis dili müəllimlərinin istifadəsi üçün nəzərdə tutulub. Bu vəsaitin aktuallığı həm də ondadır ki, dərslikdə yeni üsul və metodlara, günümüzün aktual məsələsinə çevrilmiş İKT-nin dərs prosesində tətbiqi məsələlərinə geniş yer verilib. Metodik vəsait xarici dillərin tədrisi üçün lazım olan yanaşma, metod və üsul terminlərinin aydınlaşdırılması və izahı baxımından dəyərlidir. Kitab giriş, 17 bölmə, nəticə və ədəbiyyat siyahısını göstərən hissələrdən ibarətdir. Kitabın bölmələrində təlim metodlarından, kommunikativ dil tədrisindən, oxu, yazı, dinləmə, danışmadan bəhs olunur.
Motivasiya bölməsində təlimdə mühüm amil hesab olunan motivasiyadan, tələbələrdə motivasiyanı şərtləndirən amillərdən, xarici dilə maraq yaratmağın yollarından, sinifdə motivasiyanı yaratmaq üçün labüd olan beş amildən bəhs edilir.
Kitabda təlim metodlarından, kommunikativ dil tədrisindən, qiymətləndirmə növləri və formalarından, vizual materialların istifadəsindən, müəllimin müasir dövrdə məhz interaktiv təlim metodunda daşıdığı vəzifələrdən və rolundan bəhs olunur. Kitabın bütün bölmələri önəmli, sistemli məlumatlarla zəngindir. Burada təlim metodları ayrı-ayrılıqda sadalanıb və onlar haqqında həm nəzəri, həm də vizual xarakterli məlumatlar verilib. Bütün fikirlər əyani nümunələrlə aydınlaşdırılıb. Müəllifə bundan sonrakı fəaliyyətində uğurlar arzulayırıq.
Aidə CƏLİLZADƏ
Naxçıvan Dövlət Universitetinin
İngilis dili kafedrasının müəllimi