24 Dekabr 2024, Çərşənbə axşamı

Naxçıvan Dövlət Universitetinin Kimya kafedrasının müdiri, 3 ixtiranın, 100-dən artıq elmi məqalənin müəllifi olan kimya elmləri doktoru, professor Tofiq Əliyev Türkiyədə neft və təbii qazın çıxarılması, ilkin emalı və nəqlinə uyğun sistemlərdə polad avadanlıqların korroziyadan qorunması ilə bağlı tədqiqatlar aparır. Mövlana Mübadilə Proqramı çərçivəsində Ağrı vilayətindəki İbrahim Çeçen Universitetinin nəzdində fəaliyyət göstərən elmi-tədqiqat laboratoriyasında aparılan tədqiqatlar hər iki ölkə­nin elmi ictimaiyyəti tərəfindən maraqla qarşılanır.

Professor Tofiq Əliyev müxbirimizlə söhbətində bildirmişdir ki, müasir dövrdə sənayenin müxtəlif sahələrində, o cümlədən neft və qaz sənayesində istismar olunan çoxsaylı metal avadanlıqlar ətraf mühitin təsiri nəticəsində korroziyaya məruz qalır. Təxmini hesablamalara görə, hər il dünya üzrə istehsal olunan metalların 8-12 faizinin korroziyaya uğradığını deyən professor qeyd etmişdir ki, bu, milyardlarla dollar itkiyə səbəb olur. Məhz buna görə də korroziya prosesinə qarşı effektiv mübarizə üsullarının işlənib hazırlanması yüksək aktuallıq kəsb edir. Korroziya ilə məşğul olan əksər mütəxəssislərin fikrincə, çoxsaylı mübarizə üsulları içərisində inhibitorların tətbiqinə əsaslanan üsul iqtisadi cəhətdən daha əlverişlidir.
Professor onu da əlavə etmişdir ki, araşdırmalar məhz belə bir aktual məsələyə həsr olunduğundan Türkiyənin yerli mətbuatı tərəfindən də geniş işıqlandırılmışdır.
Qeyd edək ki, aparılan tədqiqat işləri respublikamız üçün ənənəvi olan neft və qaz sənayesində geniş miqyasda istifadə edilən, müxtəlif markalı polad avadanlıqların korroziyadan inhibitor mühafizəsinə həsr olunmuşdur. Müxtəlif funksional qruplara malik bəzi üzvi birləşmələrin, neft və qazın çıxarılması, ilkin emalı, saxlanılması və nəqlinə uyğun şəraitlərdə poladın korroziyasına qarşı inhibitor təsirinin yoxlanılmasını əhatə edən tədqiqatların nəticələri bu sənaye sahəsində korroziya ilə mübarizədə istifadə olunacaqdır.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR