Mayın 31-də Naxçıvan şəhərindəki 3 nömrəli tam orta məktəbdə VII-VIII sinif şagirdləri arasında rus dili və ədəbiyyatı üzrə ümumrespublika olimpiadası keçirilmişdir. Olimpiadanın açılış mərasimində Rusiya Federasiyasının Azərbaycandakı səfiri Vladimir Doroxin, “Rossotrudniçestvo” Agentliyinin Azərbaycandakı rəhbəri Valentin Denisov, Azərbaycanın Rusdilli Təhsil Müəssisələri Müəllimləri Assosiasiyasının sədri Lyubov Yakunina, Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin əməkdaşları Aleksandra Ponomaryova və Dmitri Ponomaryov iştirak etmişlər.
Məktəbin direktoru Ülkər Möhsümova qonaqları rusdilli məktəbdə görmələrindən məmnun olduqlarını bildirmişdir.
Məktəbin dərs hissə müdiri Lyudmila Dünyamalıyeva təhsil ocağının tarixi və keçdiyi inkişaf yolu barədə ətraflı məlumat vermişdir.
Rusiya Federasiyasının Azərbaycandakı səfiri Vladimir Doroxin Naxçıvanda olmasından məmnunluğunu bildirmişdir. Səfir diqqətə çatdırmışdır ki, artıq Azərbaycanın ayrı-ayrı bölgələrində 12 belə olimpiada keçirilmişdir. Naxçıvan şəhərində keçirilən olimpiada isə sonuncudur.
Vladimir Doroxin qeyd etmişdir ki, Azərbaycanda, eləcə də Naxçıvan Muxtar Respublikasında rus dilində məktəblərin fəaliyyət göstərməsi sevindirici haldır. Azərbaycan məktəblərində rus dilinin tədris olunması iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin, qarşılıqlı mədəni inkişafın göstəricisidir. Səfir vurğulamışdır ki, bu gün Azərbaycanda bütün sahələr kimi, təhsil də sürətlə inkişaf edir. Bununla bərabər, hər iki dövlət arasında 200 illik tarixi olan mədəni əlaqələr də sürətlə inkişaf edir və hazırda qarşılıqlı münasibətlərimiz yüksək səviyyədədir.
Tədbirin ədəbi-bədii hissəsində məktəbin şagirdlərinin ifasında Azərbaycan və rus dillərində şeirlər səsləndirilmiş, hər iki xalqın milli rəqsləri ifa olunmuşdur. Sonra olimpiada başlamışdır.
Səfir və onunla birlikdə gələn qonaqlar məktəbdə təşkil olunmuş məzuniyyət tədbirində də iştirak etmişlər.
Olimpiada Rusiya Federasiyasının Azərbaycandakı Səfirliyi, “Rossotrudniçestvo” Agentliyinin Azərbaycandakı nümayəndəliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycanın Rusdilli Təhsil Müəssisələri Müəllimləri Assosiasiyasının birgə təşkilatçılığı ilə keçirilmişdir. Olimpiadanın nəticələri iyun ayının 6-da elan ediləcəkdir.
Olimpiadanın əsas məqsədi bu il Rusiyada keçiriləcək Azərbaycan Mədəniyyəti Günləri və görkəmli rus şairi Mixail Lermontovun 200 illik yubileyi ərəfəsində şagirdlərin biliklərini artırmaq və iki ölkə arasındakı ədəbi-mədəni əlaqələrin inkişafına dəstək olmaqdır.
Xəbərlər şöbəsi