24 Dekabr 2024, Çərşənbə axşamı

Bu günlərdə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Naxçıvan Bölməsi Bioresurslar İnstitutunun Zooloji tədqiqatlar şöbəsi əməkdaşlarının müəllifi olduqları “Naxçıvan Muxtar Respublikasının onurğasızlar faunasının taksonomik spektri” adlı monoqrafiya işıq üzü görmüşdür. Naxçıvan Muxtar Respublikasının 90 illiyinə həsr olunmuş bu kitab institutun direktoru, biologiya elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü Tariyel Talıbovun elmi redaktorluğu ilə ərsəyə gəlmişdir.

Kitabda qədim diyarın faunasının müasir vəziyyətini düzgün qiymətləndirmək üçün onun formalaşması prosesi olduqca sadə və anlaşıqlı dildə izah edilmişdir. “Ön söz”ündə professor Tariyel Talıbov haqlı olaraq qeyd edir ki, Naxçıvan Muxtar Respublikasının ərazisi Qafqazın bir hissəsini təşkil etdiyindən onunla birlikdə eyni geoloji dəyişikliklərə məruz qalmış, başqa sözlə, eyni geoloji tarixi yaşamışdır.
Kitabın birinci və ikinci fəsillərində ardıcıl olaraq birhüceyrəli və çoxhüceyrəli orqanizm növlərinin nəfis şəkildə işlənilmiş taksonomik spektri verilmişdir. Həmin fəsillərdə həmçinin onurğasızların təbiət komplekslərində oynadığı rol, bir hissəsinin vəhşi, kənd təsərrüfatı heyvanlarında, o cümlədən insanlarda ağır gedişli parazitar xəstəliklər və helmintozlar törətməsi, faunanın öyrənilmə dərəcəsi və tədqiqatçılar haqqında yığcam məlumatlar verilmişdir.

İkinci fəsildə muxtar respublikanın su və yerüstü ekosistemlərində geniş yayılmış, zəngin növ müxtəlifliyinə malik olan buğumayaqlılar haqqında məlumatlar yer almışdır. Bu fəsildə ən böyük sinfi təşkil edən həşəratların növ tərkibi, təsərrüfat əhəmiyyəti, zərərvericiliyi, faydalılığı və sair məsələlərə xüsusi yanaşma vardır. Misal üçün, bu fəsildə qeyd edilir ki, muxtar respublikanın zəngin entomofaunasının tərkib hissəsi olan pulcuqqanadlı və digər dəstə növlərinin xeyli hissəsi Qafqaz və ya Cənubi Qafqaz endemikidir, bölgədə tapılmış bəzi kəpənək növlərinə isə Azərbaycanın digər təbiət rayonlarında, hələlik, rast gəlinməmişdir. Son illərdə elmi-tədqiqat institutunda entomoloq-mütəxəssisin apardığı tədqiqat işlərinin nəticəsi kimi Naxçıvan Muxtar Respublika faunası üçün təkcə pərdəqanadlılar dəstəsindən 223 arıkimi növü ilk dəfə göstərilmişdir. Ümumiyyətlə, institutun əməkdaşları tərəfindən son on ildə aşkar edilən hər üç onurğasız növündən biri faunamız üçün ilk dəfə qeyd edilmişdir. Müəlliflərin özü tərəfindən çəkilmiş və yeri gəldikcə mətnə daxil edilən keyfiyyətli fotoşəkillər monoqrafiyanı daha oxunaqlı edir.
Üçüncü fəsildə onurğasızlar faunasının sistematik quruluşu haqqında məlumatların rəqəmlərlə ifadəsi öz əksini tapmışdır. Dəqiq işlənmiş cədvəldə əsas taksonların istifadəsi ilə faunamızın hansı heyvan tiplərindən, siniflərindən və dəstələrindən, rəqəmlərlə isə hər bir dəstənin neçə fəsil, cins, növ və yarımnövdən ibarət olduğu aydın görünür. İnanırıq ki, fəaliyyəti biologiya elmi ilə bağlı olan hər bir mütəxəssis, müəllim və tələbə üçün kitabdakı izahlı sistematika lüğəti çox faydalı olacaq.
Dördüncü fəsildə xüsusi elm sahəsi olan bioloji sistematikanın əsas və yardımçı taksonlarının, iyerarxik prinsipin, sinonimikanın və başqa anlayışların müxtəsər və sadə izahı öz əksini tapmışdır.
Kitabın sonunda müəlliflərin istifadə etdiyi çoxsaylı ədəbiyyat mənbələrindən və internet saytlarından yalnız 241-nin adı siyahıda əks olunmuşdur. Qeyd etmək lazımdır ki, son tələblərə uyğun olaraq düzgün tərtib edilmiş belə ədəbiyyat siyahısı dissertantlar, doktorantlar, elmi işçilər və magistrantlar tərəfindən mənbə və nümunə kimi istifadə edilə bilər.
Monoqrafiyada həmçinin istənilən növün, cinsin və ya digər iri taksonun tapılmasını asanlaşdırmaq məqsə­di­lə yüksək dəqiqliklə hazırlanmış latın adlarının göstəricisi öz əksini tapmışdır. Mətndə fəsilələrin növ tərkibi əlifba sırası ilə yazılmışdır. Belə düzülüş fəsilə daxilində həm cinsin, həm də növün axtarışını xeyli asanlaşdırır.
AMEA Naxçıvan Bölməsinin digər institutları kimi, Bioresurslar İnstitutunun da hərtərəfli dövlət qayğısı ilə əhatə olunması bölgədə bioloji ehtiyatların öyrənilməsi, qorunması, onlardan səmərəli istifadə edilməsi istiqamətində müntəzəm olaraq sistemli zooloji tədqiqat işlərinin aparılmasına əsaslı şərait yaratmışdır. Bununla belə, araşdırmaların təhlili göstərir ki, faunamızda xeyli sayda vacib, təsərrüfat əhəmiyyəti daşıyan dəstə, fəsilə, hətta cinslərin növ tərkibinin və bioekoloji xüsusiyyətlərinin öyrənilməsi hələ kifayətedici səviyyədə deyildir.
Ümid edirik ki, monoqrafiya muxtar respublikamızın onurğasız heyvanlar faunasının müasir taksonomik tərkibi haqqında elmi təsəvvürlərin genişləndirilməsinə, onun mühafizə olunub qorunmasına, zərərverici və xəstəlikkeçirici onurğasız növləri ilə effektli mübarizə tədbirlərinin işlənib hazırlanmasına xidmət edən faydalı mənbə olacaqdır.

Abbas Mehdiyev
biologiya üzrə fəlsəfə doktoru

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR