24 Dekabr 2024, Çərşənbə axşamı

“Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində Naxçıvan şəhərindəki 2 nömrəli tam məktəbin şagirdləri üçün açıq dərs keçilmişdir. Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyi münasibətilə keçilən açıq dərsdə məktəbin direktoru Sevil Salayeva muxtar respublikanın keçdiyi inkişaf yolundan bəhs etmişdir.
Sonra məktəbin tarix müəllimi Sevda İsmayılova “Naxçıvanın qədim tarixi” mövzusunda danışmışdır. Qeyd edilmişdir ki, Naxçıvan Muxtar Respublikasının ərazisi dünyanın ən qədim insan məskənlərindən biridir. Bunu bu ərazidə tarixin bütün dövrlərinə aid zəngin mədəniyyət və memarlıq nümunələri də sübut edir.

Bu abidələr arasında Naxçıvanqalanın mühüm əhəmiyyəti vardır. XVII əsrin ortalarınadək müdafiə istehkamı kimi mövcud olmuş Naxçıvanqala müharibələr nəticəsində dağıdılmış və əvvəlki möhtəşəmliyini itirmişdir. 2010-cu ildə Naxçıvanqalanın bərpasına başlanmış, tarixi ərazidə yenidənqurma işləri aparılmış, qalanın əvvəlki görkəmi özünə qaytarılmışdır.
Açıq dərsdə bildirilmişdir ki, kompleksin orijinal tərtibatı ilə seçilən muzeyində Naxçıvan Muxtar Respublikasının ərazisində aşkarlanan tarixi əşyalar xronoloji ardıcıllıqla düzülmüşdür. Eramızdan əvvəl V minilliyə aid təsərrüfat küpü, eramızdan əvvəl V-III minilliyə aid müxtəlif məişət əşyaları, Son Tunc və Erkən Dəmir dövrlərinə aid keramika məmulatları, mis alətlər, qəbirüstü abidələr, silahlar, zirehli geyim hissələri muzeyin qiymətli eksponatlarındandır. Burada həmçinin xalça və XIX əsrə aid milli geyimlər də nümayiş olunur.
Sonda şagirdlər komplekslə tanış olmuşlar.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR