Dünən Naxçıvan Qarnizonu tam orta məktəbində şagird elmi cəmiyyətinin elmi konfransı keçirilmişdir. Konfransı giriş sözü ilə məktəbin direktoru Natiq Əhmədov açaraq məruzə ilə çıxış etmişdir.
Qeyd olunmuşdur ki, ölkəmizdə həyata keçirilən təhsil islahatları və müvafiq dövlət proqramları bu sahənin inkişafına hərtərəfli şərait yaratmışdır. Həyata keçirilən tədbirlərin nəticəsidir ki, muxtar respublikamızda təhsilin səviyyəsi ildən-ilə yüksəlir, istedadlı şagirdlərin sayı getdikcə artır.
“Məktəbdə yaranmış ənənələrdən biri də dərs ilinin sonunda məktəbin şagird elmi cəmiyyətinin konfransını keçirməkdir”, – deyən məktəb direktoru qeyd etmişdir ki, bu il məktəbin 14 şagirdi elmi iş üzərində işlərini yekunlaşdıraraq müzakirəyə təqdim etmişdir.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının təhsil naziri Piri Nağıyev, Naxçıvan Müəllimlər İnstitutunun rektoru, professor Oruc Həsənli, Naxçıvan Dövlət Universitetinin elmi işlər üzrə prorektoru Mübariz Nuriyev, “N” hərbi hissənin zabiti, polkovnik Vasif Kazımov çıxış edərək muxtar respublikamızda təhsilə göstərilən dövlət qayğısından danışmış, şagirdlərə təhsil uğurları arzulamışlar.
Sonra şagird elmi cəmiyyəti üzvlərinin məruzələri dinlənilmişdir.
Səbuhi HƏSƏNOV