Naxçıvan Özəl Universitetində ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə və Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illik yubileyinə həsr olunmuş Tələbə Elmi Cəmiyyətinin xətti ilə yerinə yetirilən tələbə elmi-tədqiqat işlərinin yekunları ilə bağlı konfrans keçirilmişdir.
Konfransı giriş sözü ilə universitetin tədris və elmi işlər üzrə prorektoru, tarix üzrə fəlsəfə doktoru, dosent İbrahim Kazımbəyli açaraq bildirmişdir ki, Tələbə Elmi Cəmiyyəti sabahın gənc tədqiqatçılarının həqiqi axtarış və yaradıcılıq məktəbi olub, istedadlı və bacarıqlı tələbələrin üzə çıxarılmasında mühüm rol oynayır.
Plenar iclasda universitetin tarix müəllimliyi ixtisasının IV kurs tələbəsi Nurlan Quliyevin “Ulu öndər Heydər Əliyev və müasir Azərbaycanın xarici siyasəti”, xarici dil müəllimliyi ixtisasının II kurs tələbəsi Şəlalə Cəfərlinin “İngilis dilində qarışıq salınan sözlər”, mühasibat uçotu ixtisasının II kurs tələbəsi Gülnarə Seyidovanın “Yeni standartlar əsasında tərtib edilən mühasibat balansı və onun bölmələri” mövzularında hazırladıqları elmi-tədqiqat işləri konfrans iştirakçıları tərəfindən maraqla qarşılanmışdır.
Konfrans öz işini “Pedaqogika və psixologiya” ,”Azərbaycan dili və ədəbiyyat”, “Humanitar elmlər”, “İqtisadiyyat”, “Xarici dillər”, “Təbiət elmləri” olmaqla, 6 bölmədə davam etdirmişdir.
Nuray ƏSGƏROVA