Mayın 25-də Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Bakı, Gəncə və Naxçıvan şəhərlərində 2014-2015-ci tədris ili üçün Azərbaycan Respublikası ali təhsil müəssisələrinin magistratura təhsil pilləsinə qəbul imtahanının ikinci mərhələsini keçirmişdir.
Naxçıvan Muxtar Respublikasında Naxçıvan Dövlət Universitetində keçirilən imtahana hamısı muxtar respublikadan olmaqla, 22 nəzarətçi və 2 imtahan rəhbəri cəlb edilmişdi. 249 bakalavriatın iştirak etdiyi imtahan 1300-də başlamışdır.
İmtahan başlamazdan əvvəl imtahan keçiriləcək obyektin önündə bakalavriatlarla, onların valideynləri ilə görüşüb həmsöhbət olduq. Turanə Səfərli Naxçıvan Dövlət Universitetində tarix ixtisası üzrə təhsil alıb. O dedi:
– Təhsilimi davam etdirmək üçün magistratura təhsili almaq istəyirəm. Birinci turda 61 bal toplamışdım. İnanıram ki, ikinci turda da uğur qazanacağam.
Nurlan Məmmədov da 2012-ci ildə Naxçıvan Dövlət Universitetini bitirib. Onun dediklərindən:
– Mən ikinci dəfədir ki, ali təhsil müəssisələrinin magistratura təhsil pilləsinə qəbul imtahanında iştirak edirəm. Ötən il birinci turu keçsəm də, ikinci turda keçid balını toplaya bilməmişdim. Amma buna baxmayaraq, ruhdan düşmədim. Bu il ixtisasım üzrə daha ciddi hazırlaşdım. Bu dəfə özümə çox güvənirəm.
Valideynlərdən Azad Novruzovla həmsöhbət olduq. O dedi:
– Bu gün qızım Nurlana imtahan verəcək. O, 2009-cu ildə Naxçıvan Dövlət Universitetinin biologiya ixtisasını bitirib. İlk dəfədir, ali təhsil müəssisələrinin magistratura təhsil pilləsinə qəbul imtahanında iştirak edir. Bir ilə yaxındır, fənlər üzrə ciddi hazırlaşırdı. Elə bu əziyyətin bəhrəsini birinci turda gördük. O, 79 bal toplayaraq ailəmizi sevindirdi. Bu gün də ixtisası üzrə 50 sualı cavablandırmağa çalışacaq. Və ikinci turda da bu uğuru təkrarlayacağına şübhəm yoxdur.
İmtahan başa çatdıqdan sonra TQDK-nın Naxçıvan Muxtar Respublikası Regional Bölməsinin rəhbəri Sabir Məmmədov bakalavriatların öz bilik və bacarıqlarını göstərmək üçün ayrılan 1 saat 30 dəqiqə ərzində heç bir qayda pozuntusuna yol verilmədiyini qeyd etdi. Bildirdi ki, imtahanda bakalavriatlara seçdikləri proqram üzrə 5-i açıq olmaqla, 50 test tapşırığı təqdim olunmuşdur (bəzi proqramlar üzrə isə bakalavriatlar yazılı imtahan vermişlər). Hər düzgün cavab bir balla qiymətləndirilir, səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir.
İmtahandan yenicə çıxmış bakalavriat İlahə Əlisoya yaxınlaşırıq. Öyrənirik ki, 2013-cü ildə Naxçıvan Müəllimlər İnstitutunu bitirib. Birinci turda 66 bal toplayan İlahə bildirdi ki, sualların cavablandırılmasında çətinlik çəkməyib və suallara doğru cavab verdiyinə əmindir. 2010-cu ildə Naxçıvan Dövlət Universitetini bitirən Hüseyn Rəsulzadə isə dedi ki, imtahanda sakitlik tam təmin edilmişdi. Suallar o qədər də çətin deyildi.
Məlumat üçün bildirək ki, qəbul imtahanının birinci mərhələsinin nəticələrinə görə, müsabiqə şərtlərini ödəyən bakalavriatların proqram seçimi 2014-cü il mayın 1-dən 8-dək aparılmışdır. Onlar qeyd olunan müddət ərzində elektron ərizələrinə daxil olaraq bitirdikləri bakalavr ixtisasına uyğun qəbul proqramlarından birini seçib təsdiq etmişlər. Bu hüquqa malik olan bakalavriatlardan 10159 nəfəri qəbul proqramını seçərək təsdiqləmişdir. Bakalavriatların 4269 nəfərini oğlanlar, 5890 nəfərini isə qızlar təşkil edir. 6101 nəfər ali təhsil müəssisələrinin builki, 4058 nəfər isə əvvəlki illərin məzunudur.
Bakalavriatlara mayın 18-dən etibarən öz elektron ərizələrinə daxil olaraq “İmtahana buraxılış vərəqəsi”ni çap edib götürmək imkanı yaradılmışdı.
İmtahanın nəticələri TQDK-nın internet saytında yerləşdiriləcək. Qəbul imtahanının ikinci mərhələsinin nəticələri elan olunduqdan sonra keçid bal həddini keçmiş bakalavriatlar 2014-cü il mayın 29-dan iyunun 1-dək ali təhsil müəssisələrinin magistratura təhsil pilləsinə qəbul aparılan ixtisaslaşmaların müsabiqəsində iştirak etmək üçün internet vasitəsilə ixtisaslaşma seçimini yerinə yetirəcəklər.
Sara ƏZİMOVA