Naxçıvan Dövlət Universitetində “Baytarlıq təbabəti və ərzaq təhlükəsizliyi: problemlər və perspektivlər” mövzusuna həsr olunmuş beynəlxalq konfrans keçirilib.
Naxçıvan Dövlət Universitetinin rektoru, professor Saleh Məhərrəmov konfransı açaraq aqrar sahədə əldə olunan nailiyyətlərdən, torpaq mülkiyyətçilərinə verilən güzəştli yardımların miqyasının artmasından, dövlətin bu sahəyə göstərdiyi diqqət və qayğıdan danışıb. Baytarlıq təbabəti və ərzaq təhlükəsizliyinin problemləri və perspektivlərindən də danışan professor Saleh Məhərrəmovun “Parazitofaunanın formalaşmasına təsir edən amillər” mövzusunda məruzəsi dinlənilib.
Beynəlxalq konfransda çıxış edən Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı naziri Elşad Əliyev müstəqil Azərbaycanın sosial-iqtisadi tərəqqisi, muxtar respublikada aparılan aqrar islahatlar barədə ətraflı məlumat verib. Nazir Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2014-cü il 27 fevral tarixli Fərmanla təsdiq etdiyi “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”ndan irəli gələn məsələlərdən, Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən 2013-cü ilin yekunları və qarşıda duran vəzifələrə dair müşavirədə qarşıya qoyulan vəzifələrdən danışıb.
Qars Qafqaz Universitetinin Cərrahiyyə kafedrasının professoru İsa Özaydın, Azərbaycan Elmi-Tədqiqat Baytarlıq İnstitutunun direktoru Səhman Bayramov, Naxçıvan Elmi-Tədqiqat Baytarlıq Mərkəzinin direktoru Qadir Fərhadov çıxışlarında baytarlığın inkişafının prioritet istiqamətləri, dövlətin iqtisadi strategiyası, ekoloji təhlükəsizlik, əhalinin ərzaq təminatı və qida sağlamlığı, yerli sahibkarlığın və məhsuldarlığın inkişafının əhəmiyyətindən bəhs edib, kadr çatışmazlığının aradan qaldırılması ilə bağlı təkliflər səsləndiriblər.
Qeyd edək ki, konfransın gedişi zamanı Naxçıvan Dövlət Universitetinin son bir il ərzində beynəlxalq əlaqələrinin inkişafından bəhs edən slaydlar nümayiş etdirilib.
Konfrans öz işini “Baytar həkimlərinin ərzaq təhlükəsizliyində rolu”, “Naxçıvan Muxtar Respublikasında və ətraf zonalarda heyvanlarda yayılan əsas təhlükəli xəstəliklər və onlara qarşı mübarizə tədbirləri” mövzularına həsr olunmuş bölmə iclaslarında davam etdirib.
Mina QASIMOVA