Naxçıvan Dövlət Universitetinin Fənlərin tədrisi metodikası kafedrasının müdiri, Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü, pedaqoji elmlər doktoru Elbəyi Maqsudovun “Poetik türkəçarələr” kitabındakı şeirləri bitkilərin hansı xəstəliyə dərman olduğunu uşaqların yaş səviyyələrinə uyğun şəkildə anladır. Bu kitab həm də bitkiləri uşaqlara tanıtmağın başqa bir üsulu kimi də diqqəti çəkir.
Elbəyi Maqsudovun təkrar çapdan çıxmış, təkmilləşdirilmiş “Poetik-praktik Azərbaycan dili” kitabı isə Azərbaycan dilinin öyrədilməsi, onun tədrisi haqqında pedaqoji poemadır. Azərbaycan dilini sevərək tədris etməyi öz yaradıcılıq amalına çevirmiş Elbəyi Maqsudovun bu poeması tədris tariximizdə iz qoyacaq bir əsərdir. Dilçilikdə işlənən terminlərin hərəsinə bir şeir qoşub onu uşaqların anlaya bildiyi səviyyədə təqdim etmək özü də bir elmi-pedaqoji, poetik bacarıqdır.
E.Maqsudovun adıçəkilən kitabını vərəqlədikcə dilçilik terminlərinə həsr olunmuş şeirlərin başlıqlarının belə, maraq doğurduğunun şahidi oluruq. “Felin dastanı”, “Bəlkə”, “Ara sözlər”, “Təksaitli bayatılar”, “Leksika gəmisi” və sair onlarla belə termin poetik dillə izah olunur.
Biz əyləncəli riyaziyyat eşitmişdik, amma əyləncəli Azərbaycan dili anlayışına geniş mənada Elbəyi Maqsudovun yaradıcılığında rast gəlirik. Kitabdakı şeirlərin başlığına diqqət yetirək: “Cümlənin mədhi”, “Hökmdar cümlə və sədaqətli dostlar”, “Cümlədə mübtəda siyasəti”, “Mübtədanın xitabı qısqanması”, “Cümlə üzvlərinin qarın davası”, “Ara sözlər və xitabın köhnə yurda qayıtması”, “Tabeli mürəkkəb cümlənin budaqlanmaq həvəsi” və sair və ilaxır. Təbii ki, təkcə uşaqlar yox, elə böyüklər də bu maraqlı adların altında hansı mahiyyətin gizləndiyini bilmək istəyəcəklər.
Bu bir həqiqətdir ki, müəllimin əsas bacarıqlarından biri məktəblilərdə tədris etdiyi fənnə maraq oyatmaqdır. Bunun üçün məcburiyyət yoxdur. Məcburiyyət müəllimin şagirddə dərsə məhəbbət yarada bilməsidir. Elə bu məqsədlə də müəllim fənnin incəliklərini bilməklə yanaşı, onu emosional şəkildə tədris etməlidir.
Elbəyi müəllimin şeirləri qismən təmsilvari, qismən poetik tapmaca, bir sıra hallarda isə təhlil üçün poetik açar rolunu oynayır. “Fonetika” bölməsində fonetik-leksik çalışmalar verilir. Məsələn: “Zəncirlə bağlanmayan bir pambıqla bağlanar” (cavabı tələffüz zamanı dodağın dəyməsidir).
Elbəyi Maqsudov şeirlərində gülməli məqamların olmasından narahat olmur. Hecaların sonunda “n” samitinin işlənməsini şərti olaraq “Burunlama” adlandırır. “Çəliklənmiş çəriş” şeri isə klassik uşaq şeirləri cərgəsinə çatmağa cəhd edir. “Apostrofun monoloqu” şeri elmi təmsil rolunu oynayır: “Sanmayın ki, e`lan ilə ad çıxarıb mən yatmışam, Cür`ət edib “bə`zən”, “mə`dən” sözlərində Yeni mə`na, yeni məzmun yaratmışam”. Doğrudur, “bə`zən”, “mə`dən” sözlərində apostrof məna fərqlərini öz yerinə qoyurdu, indi isə danışanın özü bu fərqi aydınlaşdırmaq üçün saitlərin uzanmasını tələffüzündə bildirməlidir. Belə misalların sayını artırmaq da olar.
“Cümlələrin söhbəti” qrammatik poemasını təhlil etmək çətindir, onu oxumaq və öyrənmək ən doğru yoldur.
300 səhifəlik kitab zəngin poetik çələnglərlə dolu bir gülzardır. Bu şeirlər bir gündə yox, heç bir ildə də yazıla bilməz. Elbəyi Maqsudov bu şeirlər üzərində nə müddət imiş ki, işləyirmiş. Bu şeirlər onun poetik istedadına və elminə inandığı vaxtdan yaranıb ki, bu da, mənim fikrimcə, 40 illik bir vaxt deməkdir.
Geniş təhlilə ehtiyacı olan bu zəngin kitabın Azərbaycan Dövlət Mükafatına təqdim edilməsi sevindiricidir. Fikrimizcə, şair-pedaqoq, alim E.Maqsudovun kitabı bu mükafata layiqdir.
Seyfəddin EYVAZOV
filologiya üzrə fəlsəfə doktoru