24 Dekabr 2024, Çərşənbə axşamı

Naxçıvan Müəllimlər İnstitutunda Abbasqulu ağa Bakıxanovun 220 illik yubileyi ilə əlaqədar elmi-praktik konfrans keçirilmişdir.
Konfransı giriş sözü ilə açan institutun rektoru, professor Oruc Həsənli qeyd etmişdir ki, Abbasqulu ağa Bakıxanov XIX əsrin birinci yarısında təşəkkül tapan Azərbaycan maarifçiliyinin əsas nümayəndəsi sayılmaqla Azərbaycan ədəbiyyatı tarixinə ensiklopedik biliyə malik görkəmli tarixçi, coğrafiyaşünas, astronom, şair və nasir kimi daxil olmuşdur.
A.Bakıxanov elmi yaradıcılığa 1828-ci ildə qələmə aldığı “Qanuni-Qüdsi” adlı elmi əsəri ilə başlamışdır. O, müəllim və şagirdlər üçün məktəblərdə dərsliklərin azlığını nəzərə alaraq bu əsəri yazmış, şagirdlərin dil qanunlarını daha yaxşı yadda saxlaması üçün gətirdiyi misalların çoxunu şeir parçaları ilə təqdim etmişdir.

Vurğulanmışdır ki, A.Bakıxanov şair və nasir olmaqla yanaşı, pedaqogika məsələləri ilə də məşğul olmuşdur. Onun “Təhzibül-əxlaq” və “Kitabi-Əsgəriyyə” adlı əsərlərində diqqətə çatdırmaq istədiyi əxlaqi və pedaqoji məsələlər Azərbaycan pedaqoji fikrinin və uşaq ədəbiyyatının təşəkkülündə əsaslı rol oynamışdır.
Ümumiyyətlə, A.Bakıxanovun bədii irsi, əsasən, “Mişkatül-ənvar” adlı farsca külliyyatından, “Riyazül-qüds”, “Miratül-cəmal”, “Kitabi-Əsgəriyyə”, “Təbriz əhlinə xitab” əsərlərindən, Azərbaycan, fars və ərəbcə şeirlərdən ibarət “Divan”ından, mənzum hekayə və təmsillərindən ibarətdir.
Sonra institutun Dillər və ədəbiyyat kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru Əbülfəz Əzimlinin “Abbasqulu ağa Bakıxanovun həyat və yaradıcılığı”, filologiya elmləri doktoru Yusif Səfərovun “Abbasqulu ağa Bakıxanovun elm və təhsillə bağlı fəaliyyət və fikirləri” mövzularında məruzələri dinlənilmişdir.

Naxçıvan Müəllimlər İnstitutunun
mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR