24 Dekabr 2024, Çərşənbə axşamı

Mayın 18-də 2014-2015-ci tədris ili üçün ali təhsil müəssisələrinə və orta ixtisas təhsili müəssisələrinə qəbul olunmaq istəyən əvvəlki illərin məzunları üçün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirilib. Muxtar respublikada Naxçıvan şəhər 7 və 14 nömrəli tam orta məktəblərdə keçirilən imtahanlarda 1156 abituriyent iştirak edib. İmtahana 114 nəzarətçi-müəllim, 10 imtahan rəhbəri cəlb olunub.
İmtahan başlanmazdan əvvəl imtahan keçiriləcək məktəblərin önündə həyəcanlı görünən abituriyentlər, onların valideynləri ilə görüşüb həmsöhbət olduq. Babək rayonundan olan valideyn Vaqif Əliyev dedi:
– Bu gün qızım Firəngiz imtahan verir. Əvvəlki illərdə uğur qazana bilməyib. Ancaq ali məktəbə qəbul olmağı qarşısına məqsəd qoyub.
Naxçıvan şəhərindən olan Elman Nəcəfli isə oğluna dəstək üçün imtahana gəlib. Deyir ki, oğlum Qərib imtahana yaxşı hazırlaşıb. İnanıram ki, qəbul imtahanında uğur qazanacaq. Valideyn ərazidə insanların rahatlığı üçün iaşə xidmətinin təşkilindən də razılıqla danışdı.

Saatlar 1100-i göstərəndə imtahan başladı. İmtahan qurtarana kimi biz də imtahanda müşahidələrimizi apardıq. Naxçıvan şəhər 14 nömrəli tam orta məktəbdə keçirilən imtahanların gedişi zamanı abituriyentlər heç bir qayda pozuntusuna yol verməyərək diqqətlərini ancaq test tapşırıqlarına yönəltdilər. Ümumiyyətlə, imtahanda təşkilatçılıq yüksək səviyyədə idi. İmtahanların gedişinə nəzarət edən imtahan rəhbəri Nəsrəddin Musayev bildirdi ki, abituriyentlərin öz bilik və bacarıqlarını göstərmək üçün ayrılan 3 saat ərzində imtahan otağında onların yüksək fəallığını müşahidə edib.
İmtahan başa çatdıqdan sonra bir neçə abituriyentlə həmsöhbət olduq. Şahbuz rayonundan olan Turanə Abbasovanın üzündəki təbəssümdən hiss olunurdu ki, sualları yaxşı cavablandırıb. Dedi ki, yaradılan sakitlik hesabına o, imtahanda məhsuldar işləyə bilib.
Məlumat üçün bildirək ki, I və IV ixtisas qrupları üzrə imtahan respublikanın 11 şəhərində – Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində, ümumilikdə, 34 binada keçirilib. İmtahanın idarə olunması üçün 152 imtahan rəhbəri və 1619 nəzarətçi-müəllim cəlb olunmuşdu. İmtahanda iştirak edənlərdən 16810 nəfər orta ümumtəhsil məktəblərinin, 191 nəfər ali təhsil müəssisələrinin, 1772 nəfər isə orta ixtisas təhsili müəssisələrinin məzunudur.
Qeyd edək ki, imtahanda təqdim olunmuş sualların düzgün cavabları TQDK-nın internet saytında yerləşdiriləcək.

Sara ƏZİMOVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR