Mayın 15-16-da ABŞ-ın İllinoys ştatının Çikaqo şəhərində IX Beynəlxalq İpək Yolu Konfransı keçirilib. Çikaqoda yerləşən Mərkəzi Asiya Məhsuldarlıq Mərkəzi və Şimali İllinoys Universitetinin birgə təşkilatçılığı ilə keçirilən konfransda ABŞ Dövlət Departamenti və Müdafiə Nazirliyinin nümayəndələri, ABŞ-ın müxtəlif ştatlarından olan iş adamları, universitet professorları, konsaltinq şirkətlərin, akademik dairələrin nümayəndələri və bir sıra ölkələrin ABŞ-dakı diplomatik korpuslarının təmsilçiləri iştirak ediblər.
IX Beynəlxalq İpək Yolu Konfransında Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Pakistan, Əfqanıstan və Tacikistanın nümayəndə heyətləri ölkə təqdimatları ilə çıxış ediblər.
Beynəlxalq konfransda Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Elbrus İsayev “Böyük İpək Yolu” haqqında məruzə ilə çıxış edib. İpək Yolunun inkişafında Azərbaycanın mühüm rol oynadığını qeyd edən Elbrus İsayev hal-hazırda ölkəmizdə həyata keçirilən irimiqyaslı infrastruktur layihələr barədə iştirakçılara ətraflı məlumat verib, İpək Yolunun bərpası istiqamətində ilk təşəbbüskar dövlət kimi Azərbaycanın mövqeyini vurğulayıb, bu layihələrin region üçün əhəmiyyətindən danışıb.
Məruzədə İpək Yolu üzərində ən mühüm məntəqələrdən olan Naxçıvanın qədim dövlətçilik və şəhərsalma tarixi faktlarla sadalanaraq qeyd edilib ki, bu yolun keçdiyi ərazilərdən biri də Şərqlə Qərb arasında mühüm məntəqə sayılan və Azərbaycanın qədim zamanlardan inkişaf etmiş mədəniyyət, ticarət və sənətkarlıq mərkəzlərindən olan Naxçıvan ərazisidir. Arxeoloji qazıntılar zamanı əldə olunan maddi- mədəniyyət nümunələri təsdiq edirlər ki, Naxçıvan bölgəsi beş min illik tarixə sahib olan ilkin şəhər mədəniyyətinin yarandığı ərazilərdən biridir.
Həmçinin bölgənin Ermənistan tərəfindən blokadada saxlanması diqqətə çatdırılıb. Məruzəçi qeyd edib ki, XX əsrdə bölgə üzərində oynanılan imperialist maraqlar və bu maraqlarda daim bir vasitəyə çevrilən ermənilər tarixi Azərbaycan torpaqlarını işğal etməklə Naxçıvanı ana Vətəndən ayırdılar. Bu gün Naxçıvan blokada vəziyyətində yaşayır. Blokadanın ağır şərtlərinə baxmayaraq, burada böyük inkişaf var. Azərbaycanla heç bir quru ərazi əlaqəsi qalmayan Naxçıvan üçün Yeni İpək Yolunun ən böyük töhfəsi Bakı-Tbilisi-Qars+Naxçıvan dəmir yolu xətti layihəsidir. Bu layihənin gerçəkləşdirilməsi bu ərazinin uzun illərdən bəri yaşadığı blokada asılılığından müəyyən dərəcədə çıxmasına şərait yaradacaqdır.
Məruzəçinin Azərbaycan və ingilis dillərində nəşr etdirdiyi “Böyük İpək Yolu və Naxçıvan” kitabı konfrans nümayəndələrinə təqdim edilib.
Məruzədən sonra Naxçıvanın tarixi və mədəni nailiyyətlərini, müasir inkişafını özündə əks etdirən slayd göstərilib, ingilisdilli kitab, jurnal və digər təbliğat materialları sərgilənib.
Elnur KƏLBİZADƏ