Naxçıvan Dövlət Universitetində Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illik yubileyinə həsr olunmuş Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondu və Naxçıvan Dövlət Universitetinin Tələbə-Gənclər Təşkilatının təşkilatçılığı ilə keçirilən “Mən Naxçıvanı tanıyıram” intellektual bilik olimpiadasının bağlanış mərasimi olub.
Mərasimdə universitetin rektoru, professor Saleh Məhərrəmov ölkədə aparılan gənclər siyasətinin uğurlarından bəhs edərək gənclərə göstərilən dövlət qayğısından danışıb. Rektor “Mən Naxçıvanı tanıyıram” bilik olimpiadasının tələbə-gənclərin intellektual potensialının üzə çıxarılması, onların Naxçıvan haqqında biliklərinin daha da artırılması, vətənpərvərlik ruhunda tərbiyəsi baxımından əhəmiyyətli olduğunu bildirib.
Mərasimdə çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun əməkdaşı Nurlan Fətəliyev bu cür tədbirlərin keçirilməsinin gənclərin asudə vaxtlarının səmərəli təşkili və onların intellektual səviyyələrinin artırılması baxımından əhəmiyyətli olduğunu vurğulayıb.
Universitetin Tələbə-Gənclər Təşkilatının sədri, doktorant Arzu Abdullayev qeyd edib ki, Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinə həsr olunmuş bilik olimpiadasının keçirilməsi muxtar respublikanın təbliği və tanıdılması, gənclərin bu sahədəki biliklərinin yoxlanılması baxımından olduqca böyük əhəmiyyət kəsb edir.
Tədbirin sonunda final mərhələsində iştirak etmiş tələbələrə sertifikatlar, ən yaxşı nəticə göstərmiş 10 iştirakçıya isə diplom və hədiyyələr təqdim olunub.
Mina QASIMOVA