24 Dekabr 2024, Çərşənbə axşamı

Gənc nəslin dolğun təlim-tərbiyəsi həmişə bütün cəmiyyətləri düşündürən məsələlərdən olub. İnkişafın yaratdığı tələbləri ödəyə biləcək hərtərəfli insan resursları potensialının yaradılması isə məhz ilk təhsil illərindən başlanır. Hələ lap birinci gündən uşaqlara təlqin edilməyə başlanılan, sonrakı illərdə yaddaşlara hopdurulan Vətənə məhəbbət, əməksevərlik və halal zəhmətlə ucalmaq hissləri daha sonrakı illərdə onların həyatına işıq tutaraq inamını sonsuza qədər artırır, onları xalqına, dövlətinə layiq vətəndaşlara çevirir. Bu çətin vəzifəni yerinə yetirmək, bütün həyatını xalqına xidmətə həsr etmiş ulu öndər Heydər Əliyevin ideyalarına sədaqətli vətəndaşlar, müstəqil Azərbaycanın gələcək qurucularını yetişdirmək təhsilimizin qarşısında duran ali məqsəddir. Dahi rəhbərin adını daşıyan məktəbdə təhsil alıb buradan məzun olmaq isə hər bir Azərbaycan gənci üçün qürur mənbəyidir.

Azərbaycan xalqının gələcəyi möhkəm əllərdə olmalıdır. Ümummilli liderin xalqına ən böyük əmanəti olan müstəqil Azərbaycanın keşiyində duran hər bir azərbaycanlı indi bu həqiqəti çox yaxşı başa düşür. Ölkəmiz müstəqillik yollarında irəliləyib gücləndikcə bu əmanət daha da müqəddəsləşir, azadlıqda yaşamağın dəyəri daha da artır. Hər birimiz yaxşı bilirik ki, hələ on illər öncəsindən doğma Vətəninin gələcəyini düşünən ulu öndər öz misilsiz xidmətləri ilə mürəkkəb şəraitlərdə hansı çətin işləri reallığa çevirmişdir. Bəli, zaman öz axarı ilə sürətlə irəlilədikcə Azərbaycanda Heydər Əliyev yolu daha aydın, daha geniş görünməkdədir. Çünki bu yol bizim hamımızın dövlətçiliyə xidmət yolu, müstəqillik yolumuzdur.
Müstəqilliyimiz milli sərvətimizdir. Müstəqilliyi qorumaq isə onu qazanmaqdan daha çətindir. Bu sərvəti daimi yaşada bilmək üçün təhsilin üzərinə hansı vəzifələrin düşdüyü indi daha aydın görünür. Çünki məhz ən ali prinsiplər üzərində qurulmuş sağlam təhsillə biz öz gələcəyimizi yetişkin vətəndaşlarımıza əmanət edə bilərik. Əgər bu gün ürəyində Azərbaycançılıq, torpaq-yurd sevgisi gəzdirən, zəkasıyla dünya elminin ən yeni nailiyyətlərini qavraya bilən, yaddaşında bu torpağın tarixini yaşadan, dilində “Ata yurdu”, “Ana Vətən” söyləyən saf, sağlam gənclər yetişdiririksə, onda müstəqil dövlətimizin gələcəyi parlaq olacaqdır. Təkcə Naxçıvan Muxtar Respublikasının deyil, ölkəmizin təhsil sistemində öz qabaqcıl yerini tutan Heydər Əliyev adına tam orta məktəb də yaradıldığı ilk gündən keçən 10 il ərzində ulu öndərin adına layiq fəaliyyəti ilə bu məqsədlərə xidmət etməkdədir.
Təhsildə əldə olunmuş nəticələrə yenidən baxmaq, onları ümumiləşdirmək baxımından on il çox uzun dövr olmaya bilər. Ancaq ayrıca bir məktəbin fəaliyyəti üçün bu zaman kəsiyi içərisində sevindirici məqamlar köks qabardır. 2004-cü ildə Heydər Əliyev adına tam orta məktəbin açılış mərasimində iştirak edən ölkə başçısı cənab İlham Əliyevin söylədiyi bu sözlər hələ də yaddaşlardan silinməyib: “Bu məktəb çox yüksək səviyyədə tikilmiş və ən müasir dünya standartlarına cavab verir. Bu həm memarlıq baxımından gözəl binadır, eyni zamanda burada yüksək səviyyədə təhsil almaq üçün hər cür şərait vardır. Bu məktəbin tikintisinə xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə başlanmışdır. Heydər Əliyev bu məktəbin tikintisinə çox böyük diqqətlə yanaşırdı, istəyirdi ki, bu təhsil ocağı Azərbaycanda bir nömrəli məktəb olsun. O, bu məktəbin dünya standartlarına cavab verməsini istəyirdi. Bu gün biz hamımız şadıq ki, məktəb Heydər Əliyevin istədiyi kimi tikilmiş və istifadəyə verilmişdir”.
O dövrdən keçən müddət ərzində ölkəmizin uğurları artıb iqtisadi qüdrəti yüksəldikcə təhsil sahəsində də əldə olunan nailiyyətlər çoxalmaqdadır. İndi ölkəmizin inkişafı naminə hər sahə üzrə kadrlar hazır­lanması üçün çox ciddi addımlar atılır. Bu isə təhsilimiz qarşısında mühüm vəzifələr qoyur. Təhsildə elə bir gələcəyin əsası qoyulur ki, həmin gələcək bütün cəmiyyətin özünü yaşada bilməsi üçün hava-su qədər vacibdir. Bu gün Heydər Əliyev adına tam orta məktəbdə təhsil alan 1000-dən çox şagirdə də məhz gələcəyin belə gəncləri kimi yanaşılır. Buradakı şagirdlərin belə ruhda yetişdirilmələri üçünsə hər cür şərait yaradılmışdır: geniş, gözəl bina, müasir sinif otaqları, lazım olan kompüter dəstləri və bütün texniki avadanlıqlar. Yaradılmış şəraitdən istifadə edən 108 nəfər müəllimin əməyinə həmişə diqqətlə yanaşılır. Müəllimlərdən 4 nəfərinin “Əməkdar müəllim” fəxri adına, 4 nəfərinin “Tərəqqi” medalına layiq görülməsi, bir nəfərinin ilin müəllimi seçilməsi bütün pedaqoji kollektivin fəaliyyətinə verilən yüksək qiymətin göstəricilərindəndir. Heydər Əliyev adına tam orta məktəbin müəllimlərinə göstərilən belə qayğı, eyni zamanda hər kəsdə işinə yaradıcı münasibət formalaşdırır, yüksək məsuliyyət yaradır. Buna görə də təkcə Naxçıvan Muxtar Respublikasının deyil, ölkəmizin qabaqcıl məktəbləri sırasında adıçəkilən məktəbdə hər ilin uğurlu nəticələri burada çalışan bütün müəllimlərin əməyinin məhsuludur. Belə ki, ötən 2013-cü il və bu il üst-üstə məktəbin 8 nəfər şagirdi ölkə üzrə fənn olimpiadalarının qalibi olmuşdur. Ali məktəblərə qəbul göstəricilərində də Heydər Əliyev adına tam orta məktəb öz birinciliyini qoruyub saxlamaqdadır. Ötən illərdə məktəbin məzunlarının müvəffəqiyyət göstəriciləri ürək­açandır. Təkcə 2013-cü ildə ali məktəblərə qəbul göstəricisi 95 faizdən yüksək olmuş, 45 nəfər məzundan 43-ü ölkəmizin müxtəlif ali məktəblərinə daxil olmuşdur. Onlardan 10 nəfərinin 500 baldan yuxarı, üç nəfərinin 600 baldan yuxarı nəticə göstərməsi, bir nəfərinin 687 balla Prezident təqaüdünə layiq görülməsi fərəhləndirici hal kimi çəkilən əməyin heç zaman hədər getmədiyini bir daha sübut edir. Bu fakt Naxçıvanda təhsilə göstərilən qayğının bir nümunəsidir. Bütün bunlar isə muxtar respublika rəhbərinin təhsilə, Heydər Əliyev adına tam orta məktəbə göstərdiyi diqqət sayəsində mümkün olmuşdur. Bütün bunların nəticəsidir ki, artıq 3 ildir, Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının statistik məlumatlarında Heydər Əliyev adına tam orta məktəb ölkəmizin ən yaxşı məktəbləri sırasında öz layiqli yerini qorumaqdadır.
Heydər Əliyev adına tam orta məktəb təhsil sahəsindəki nailiyyətləri ilə muxtar respublikanın ümumtəhsil məktəblərinə nümunədir. Məktəb müəllimlərinin tədris təcrübəsi muxtar respublikanın digər məktəbləri ilə bölüşülməkdədir. Ulu öndərin irsinin öyrənilməsi, onun ideallarının təbliğ olunmasında məktəbin müəllimləri fəallıq nümayiş etdirirlər. Heydər Əliyev adına tam orta məktəbin nailiyyətləri bunlarla bitmir. Məktəbin şagirdlərinin idmandakı göstəriciləri də uğurludur. İki nəfər şagirdin müxtəlif səviyyələrdə keçirilən boks yarışlarında yüksək nəticələr qazanması çox sevindiricidir.
Təhsil, gənc nəslin təlim-tərbiyəsi daim yeni axtarışlar sorağında olmağı, gərgin zəhmət çəkməyi tələb edən bir sahədir. Dünya inkişaf etdikcə ölkəmizin də bu inkişafda öz yerini tuta bilməsi üçün təhsilin daşıdığı yükün əhəmiyyəti hər keçən gün daha açıq görünür. Mükəmməl təhsil alaraq hərtərəfli savada və dünyagörüşə sahib olan gənclərimiz isə bu yükü daşıyan fədakar müəllimlərinin ən qiymətli mükafatı olacaqdır – bu gün Heydər Əliyev adına tam orta məktəbdən müstəqil həyata vəsiqə alan hər bir gənc kimi.

Əli CABBAROV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR