Naxçıvan şəhərindəki Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyi və ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə keçirilən “Naxçıvan – doğma diyar” mövzusunda inşa yazı müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Naxçıvan Muxtar Respublikasının təhsil naziri Piri Nağıyev, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun icraçı direktoru Məmməd Babayev mərasimdə çıxış edərək muxtar respublikada təhsilə, eləcə də böyüməkdə olan nəslin hərtərəfli inkişafına göstərilən dövlət qayğısından danışıb, inşa yazı müsabiqəsinin qaliblərini təbrik ediblər. Qeyd olunub ki, inşa yazı müsabiqələri şagirdlərin istedadlarının üzə çıxarılması və onların özünüifadə qabiliyyətlərinin artırılmasında böyük əhəmiyyət kəsb edir. Bu müsabiqə vasitəsilə şagirdlər doğma diyarımızın tərənnümü baxımından istedadlarını ortaya qoyublar. Sevindirici haldır ki, belə müsabiqələr ənənəyə çevrilib.
Sonra qaliblərə qiymətli hədiyyələr və diplomlar təqdim edilib.
Xatırladaq ki, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun təşkil etdiyi müsabiqəyə aprelin 5-də start verilib və bir ay müddətində 80 inşa yazı işi muxtar respublika Təhsil Nazirliyi tərəfindən yaradılan münsiflər heyətinə təqdim olunub. Adıçəkilən heyətin qərarına əsasən, I yeri Ordubad şəhər 1 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi Səfa Əliyeva tutub. II yerin qalibləri Heydər Əliyev adına Hərbi Liseyin kursantı Əmrah Məmmədov və Sədərək kənd 1 nömrəli tam orta məktəbin şagirdi Abbas Abbaslı olublar. III yerə isə 3 nəfərin – Naxçıvan Qızlar Liseyinin şagirdi Həmayıl Yaqubovanın, Biləv kənd tam orta məktəbinin şagirdi Gülşən Məmmədovanın və Ərəzin kənd tam orta məktəbinin şagirdi Orucəli Mansurovun yazıları layiq görülüb.
Səbuhi HÜSEYNOV