“Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində Naxçıvan Qızlar Liseyi şagirdlərinin iştirakı ilə açıq dərs keçilmişdir.
Açıq dərsdə liseyin tarix müəllimi Səkinə Allahverdiyeva “Nuh yurdu – Naxçıvan” mövzusunda danışmışdır. Bildirilmişdir ki, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan qədim tarixə malik bir diyardır. Bu diyar zəngin mədəniyyətə malik olmaqla bərabər, həm də bəşəriyyətin ikinci atası sayılan Nuh Peyğəmbərin də vətənidir. Qədim dövrlərdə və orta əsrlərdə Naxçıvanın tarixindən bəhs edən tədqiqatçılar, alim və səyyahlar Nuh Peyğəmbərin Naxçıvanla bağlılığı haqqında məlumat versələr də, sovetlər dövründə bu yazılı mənbələrdən istifadəyə icazə verilməmişdir. Yalnız ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra milli tariximizin qədim səhifələrinin öyrənilməsinə başlanılmış, Naxçıvanın Nuh Peyğəmbərlə bağlılığı elmi mənbələr əsasında sübut edilmişdir. Qeyd olunmuşdur ki, rus tədqiqatçısı Smirnov Nuhun qəbrinin Naxçıvanda olduğunu söyləmiş, onun dəqiq yerini göstərmişdir. Görkəmli rəssam Bəhruz Kəngərli ötən əsrin 20-ci illərində Nuh Peyğəmbərin Naxçıvandakı türbəsinin rəsmini 6 dəfə naturadan kətan üzərinə köçürmüşdür.
Vurğulanmışdır ki, bütün bu tutarlı mənbələr hesabına Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Nuh Peyğəmbərin Naxçıvan şəhərindəki məzarüstü türbəsinin bərpa edilməsi haqqında” 28 iyun 2006-cı il tarixli Sərəncamı ilə Nuh Peyğəmbərin məzarüstü türbəsi bərpa edilmişdir.
Sonra şagirdlər komplekslə yaxından tanış olmuşlar.
Xəbərlər şöbəsi