Dünyada çox az şəhərlər var ki, siz ora gedərkən özünüzü keçmişin sehri, aurası içində hesab edə bilərsiniz. Azərbaycanda paytaxt Bakıdakı İçəri şəhəri, Şəki şəhərini, İsmayıllı rayonundakı Lahıcı da nəzərə alsaq, 4 bu cür məkan var ki, bunların sırasında Ordubad xüsusi yer tutur. Burada küçələrlə addımlayarkən, həyətlərə daxil olarkən, dağlara qalxarkən, düzlərə enərkən atdığın hər addımda özünü keçmişə səyahət edirmiş kimi hiss edirsən. Bu mənada dağıyla, daşıyla, evlərinin tikiliş üslubu ilə, küçələri ilə, tarixi məhəllələri ilə, çinarları ilə bir tarixdir Ordubad.
Qədim sivilizasiyanın əsas mərkəzlərindən biri hesab edilən, müasir inkişaf mənzərəsi ilə seçilən Ordubadın adı çəkiləndə, təbii ki, əvvəlcə Gəmiqaya yada düşür. Ordubadın tarixi Gəmiqayadan başlandığı kimi, Ordubadın tarixinin əsaslı tədqiqi də Gəmiqayadan, daha dəqiq desək, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun “Ordubad rayonundakı Gəmiqaya abidəsinin tədqiq edilməsi haqqında” Sərəncamından başlayır.
Ordubaddakı Gəmiqaya abidələrini, I Plovdağ, Sumbatan yaşayış yerlərini, Xaraba Gilan şəhər yerini, I və II Plovdağ, Xalı-Keşan, Mərdan gölü, Dəlmə, Muncuqlu təpə nekropollarını göz önünə gətirdikdə buranın qədim sivilizasiyanın beşiklərindən biri olduğu, şübhəsiz ki, təsdiqlənir.
Uzunmüddətli tarixi, arxeoloji, etnoqrafik tədqiqatların nəticəsi olaraq meydana çıxan “Qədim Ordubad” (“The Ancient Ordubad”) kitabı da məhz bu tarixi gələcək nəsillərə çatdıracaq ən dəyərli əsərlərdən biridir. AMEA Naxçıvan Bölməsinin Elmi Şurasının qərarı ilə çapdan çıxan, tarixçilərimizin Naxçıvanın 90 illik yubileyinə hədiyyəsi hesab edə biləcəyimiz kitabın müəllifləri AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev, AMEA-nın müxbir üzvü Hacı Qadir Qədirzadə, tarix elmləri doktoru Abbas Seyidov və tarix üzrə fəlsəfə doktoru Bəhlul İbrahimlidir. Müəlliflərin Naxçıvanın tarixi, arxeologiyası və etnoqrafiyası ilə bağlı uzunmüddətli elmi tədqiqatlarının nəticəsi olan kitabın Azərbaycan və ingilis dillərində çapdan çıxması xüsusi əhəmiyyət daşıyır. Əsər Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvanın tarixinə və etnoqrafiyasına dair ciddi faktlar əsasında yazılıb.
Elmi redaktoru akademik İsmayıl Hacıyev, elmi məsləhətçisi və ön söz müəllifi akademik İsa Həbibbəyli, rəyçiləri AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru, professor Vəli Əliyev və tarix elmləri doktoru, professor Fəxrəddin Səfərli olan kitab Əcəmi Nəşriyyat-Poliqrafiya Birliyində çap edilib.
Kitab “Ordubad rayonundakı Gəmiqaya abidəsinin tədqiq edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 26 aprel 2001-ci il tarixli Sərəncamı ilə başlayır. Əsərin “Giriş” hissəsində müəlliflər XIX əsrin sonları və XX əsrin əvvəllərindən başlayaraq Ordubad abidələrinin tədqiqi tarixinə nəzər salırlar. Əsərdə XX əsrin 70-80-ci illərində Ordubad ərazisindəki müxtəlif tarixi abidələrin öyrənilməsi istiqamətində atılan addımlara, təşkil olunan ekspedisiyaların işinə xüsusi yer verilir. Sadalanan faktlar bir daha onu göstərir ki, hələ o zaman milli mədəniyyətimizin, tariximizin böyük hamisi ümummilli lider Heydər Əliyev Ordubadın tarixinin öyrənilməsinə xüsusi diqqət yetirib, tarixi araşdırmaların aparılmasını müxtəlif formalarda dəstəkləyib və buna şərait yaradılmasını təmin edib. Kitabda müstəqillik illərində də Ordubadın qədim tarixinin öyrənilməsinin ümummilli liderin adı ilə bağlılığı xüsusi vurğulanaraq yazılıb: “İstər 2001, istərsə də 2002-ci ildə Naxçıvan Muxtar Respublikasında səfərdə olan zaman Heydər Əliyevin Gəmiqaya abidəsinə diqqət yetirməsi bu abidənin nə qədər böyük tarixi əhəmiyyət kəsb etdiyini göstərir. Bu qayğı ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov 26 aprel 2001-ci il tarixdə “Ordubad rayonundakı Gəmiqaya abidəsinin tədqiq edilməsi haqqında” Sərəncam imzalamışdır”. “Giriş” hissədə 2005-ci ildən başlayaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin sərəncamı ilə Naxçıvan Muxtar Respublikası ərazisindəki tarix və mədəniyyət abidələrinin qorunması, pasportlaşdırılması işinin təşkili və bu istiqamətdə Ordubadda görülən işlərdən də ətraflı bəhs edilir.
Əsərin “Yaşayış yerləri” adlanan birinci bölməsində Birinci Plovdağ yaşayış yeri, burada aparılan tədqiqatlar, aşkarlanan müxtəlifxarakterli tikililər, abidələr, maddi-mədəniyyət nümunələri, əmək alətləri (dən daşları, sürtgəclər, əl çapacaqları, daş baltalar), ocaq qalıqları, saxsı qablar, təsərrüfat quyuları və onların xarakterik xüsusiyyətləri haqqında ətraflı məlumat verilir, fotoşəkillər təqdim edilir. Yuxarıda da qeyd etdiyimiz kimi, Ordubad deyərkən ilk olaraq xatırlanan ərazi Gəmiqaya abidələri və bu abidələr üzərindəki təsvirlərdir. Kitabın ön söz müəllifinin də xüsusi olaraq vurğuladığı kimi, Gəmiqayanı “Naxçıvanın Qobustanı” hesab etmək olar. “Yaşayış yerləri” bölməsində “Gəmiqaya abidələri” haqqında da geniş məlumat verilir, təsvirlər və simvollar, onların mənaları, inanc sistemi, ərazidəki toponimlərin mənaları izah edilir. Ümummilli lider Heydər Əliyevin Gəmiqaya haqqında müdrik kəlamının qeyd olunduğu bu hissədə yazılır: “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin bir kəlamına diqqət yetirək: “…Bu, bildiyimiz kimi, həm təbiətin böyük bir abidəsidir, eyni zamanda insan yaradıcılığının abidəsidir. Bu abidə Azərbaycanındır. Azərbaycanın tarixini əks etdirən abidədir…” Doğrudan da, Gəmiqaya öz sirlərini tədqiqatçılara açdıqca onun başdan-başa Azərbaycan türkünün qədim abidəsi olması inkaredilməz olur”.
Son illərdə ciddi arxeoloji tədqiqatların aparıldığı Sumbatan yaşayış yeri də tariximizin ən dərin qatlarından xəbər verir. Xaraba Gilan şəhər yeri isə, şəksiz ki, həm qədim dövr, həm də orta əsrlər dövrü tariximizin ən zəngin sübutlarını özündə yaşadan bir məkandır. Kitabda Xaraba Gilan ərazisi, buradakı şəhərin müdafiə sistemi, yaşayış evləri, memorial abidələr, kəhrizlər, aşkarlanan maddi-mədəniyyət nümunələri, məişət əşyaları və onların xüsusiyyətlərinin təhlili xüsusilə maraq doğurur.
“Qədim Ordubad” kitabında rayon ərazisində yerləşən qəbir abidələrinin xarakterik xüsusiyyətləri də geniş təhlil olunub. “Qəbir abidələri” bölməsində I və II Plovdağ, Xalı-Keşan, Mərdan gölü, Dəlmə, Muncuqlu təpə nekropolları, bu ərazilərdə aşkarlanan məişət əşyaları, keramika nümunələri, silahlar, bəzək əşyaları, dəfn adətləri haqqında zəngin məlumatlar öz əksini tapıb.
“Qədim Ordubad” kitabı bir də ona görə əhəmiyyətlidir ki, o təkcə indiyə qədər aparılan fundamental tədqiqatların nəticələrini əks etdirmir, həm də “Tədqiqatçılarını gözləyən abidələr” bölməsində onlarla belə abidə haqqında məlumat verir və gələcək tədqiqatlar üçün mayak rolunu oynayır. Baş Dizə abidəsi, Qaratəpə kurqanı, Ucadivar və Qumluq, Gənzə, İlikliqaya, Kilid yaşayış yerləri, Vənənd, Der, Aza kəndləri, Bal dərəsi, Qoşa Dizə, Babək, Düylün, Piləpan, Dəlmə, Əfqan, Sınağan qalaları, Biləv körpüsü, Biləv, Malik İbrahim, Nurgədik, Köhnə Kotam, Kilid, Köçəri qəbiristanlıqları, Düylün, Qumluq və Dəmyələr, Dəmirçilər, Gəmiqaya, Tillək, İlikliqaya nekropolları, Darkənd hasarları və sair abidələr məhz tədqiqini və tədqiqatçılarını gözləyən abidələrdir.
Kitabın “Etnoqrafik araşdırmalar” bölməsində Ordubadda yaşayan əhalinin etnoqrafiyası, maddi və mənəvi mədəniyyəti haqqında geniş təhlillər aparılıb.
Yuxarıda da qeyd etdiyimiz kimi, əsərin bütün hissələri Azərbaycan dili ilə yanaşı, ingilis dilinə də tərcümə edilib və kitabda öz əksini tapıb. Həmçinin bütün abidələrə və tapıntılara aid maraqlı fotoşəkillər təqdim edilib. Əsərin yazılması zamanı Azərbaycan, türk, rus və ingilis dillərində müxtəlif ədəbiyyatlardan, çoxillik arxeoloji və etnoqrafik tədqiqatların nəticələrindən istifadə edilib.
Elnur KƏLBİZADƏ