İstedad Allahın bir vergisidir. Ancaq bu istedadın üzə çıxarılması və istiqamətləndirilməsi mühüm əhəmiyyət kəsb edir. Sevindirici haldır ki, bu gün muxtar respublikamızda istedadlı gənclərin üzə çıxarılması istiqamətində çox mühüm tədbirlər həyata keçirilir, onların istedadının dəstəklənməsi, bilik və bacarıqlarının inkişaf etdirilməsi hər zaman diqqət mərkəzində saxlanılır. Həyata keçirilən tədbirləri sadalayarkən Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında gənc istedadlara dövlət qayğısının artırılması haqqında” 2012-ci il 31 yanvar tarixli Fərmanını xüsusilə qeyd etməliyik. Fərmana əsasən, Naxçıvan Muxtar Respublikası gənc istedadlarının “Qızıl kitabı” təsis olunmuş, “Qızıl kitab”a adları yazılmış gənc istedadlar üçün təqaüdün verilməsi qaydaları təsdiq edilmişdir. Gənc istedadların xüsusi təqaüdə layiq görülməsi haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2013-cü il 25 sentyabr tarixli Sərəncamına əsasən, incəsənət və idman sahələrində fərqlənən üç nəfər gəncin adı “Qızıl kitab”a salınaraq onlara müəyyən edilmiş miqdarda aylıq təqaüdün verilməsi təmin olunmuşdur. Öz növbəsində, yaradıcı gəncliyimiz də bu diqqət və qayğı müqabilində yeni-yeni uğurlara imza atır, ölkəmizin mədəniyyətini, incəsənətini, idmanını müxtəlif tədbirlərdə layiqincə təmsil edirlər. Dövlətin xüsusi diqqəti gənclərin cəmiyyətdə uğur qazanmasına, nailiyyətlərinin davamlı olmasına stimul verir, onları daha da ruhlandırır.
Bu yazımızda da həmin istedadlı gənclərdən birini – Xaliq Həsənovu oxucularımızla daha yaxından tanış edəcəyik. Qeyd edək ki, “Qızıl kitab”a salınan üç nəfərdən biri olan bu gəncimiz Culfa Rayon Uşaq Musiqi Məktəbinin şagirdidir. Xanəndəlik üzrə təhsil alan Xaliqdə həssas musiqi duyumu, gözəl musiqi qavrayışı hələ uşaq yaşlarından özünü büruzə verib. Onu da qeyd edim ki, 14 yaşlı Xaliqdə bu istedad heç də təsadüfi deyil. Çünki Xaliqin atası, bacı və qardaşları da musiqiçidirlər.
Məlahətli səsi ilə hamını heyran qoyan Xaliq 2006-cı ildən musiqi məktəbində təhsil alır. Camaldın kənd tam orta məktəbinin VIII sinif şagirdi Xaliq Həsənov həm də dərs əlaçısıdır.
Gənclərin və yeniyetmələrin mənəvi aləminin müəyyənləşməsində mühüm əhəmiyyət kəsb edən musiqi təliminin inkişafı, ilk növbədə, musiqi təhsili ilə bağlıdır. Musiqi təhsilinin yüksək səviyyəyə çatmasında musiqi müsabiqələrinin keçirilməsi çox mühüm əhəmiyyət kəsb edir; “rəqabət” hissi aşılanır, əsl sənət yarışı onların ifaçılıq səviyyəsinin yüksəlməsinə, daxilən zənginləşməsinə səbəb olur. Xaliq də musiqi məktəbinin, rayon Mədəniyyət və Turizm Şöbəsinin keçirdiyi tədbirlərdə çıxışlar edir, rayon və muxtar respublika səviyyəli yarışlara qatılır. Bu yarışlarda da uğurlar qazanır.
Xaliqin müəllimləri onun gələcəyinə böyük ümid bəsləyirlər. Müəllimi Səbuhi Quliyevin dediklərindən:
– Xaliq bizim istedadlı gənclərimizdəndir. Bu istedadlı gəncin parlaq gələcəyi var. Onun adı “Qızıl kitab”a düşəndə müəllimi olaraq çox sevindim. Bir müəllim kimi bu gün fəxr edirəm. Yaşının az olmasına baxmayaraq, yüksək səhnə mədəniyyətinə malik, daim öyrənmək həvəsilə çalışan istedadlı gəncdir. İnanıram ki, yaxın gələcəkdə Azərbaycan muğam sənətinə və səhnəsinə yeni bir səs gələcək. O səs ki biz hər dəfə o səsi eşidəndə fəxr edəcəyik.
Alim Qasımov, Ağaxan Abdullayev dinləyicisi olan Xaliq gələcək arzularından da danışdı:
– Ən böyük arzum ali təhsil almaqdır. Bunun üçün də var qüvvəmlə çalışıram. Xanəndəlik üzrə müəllim olmaq istəyirəm. Ona görə də Azərbaycanın zəngin mədəniyyətinin və yüksək yaradıcı gücünün göstəricisi olan muğamlarımızın incəliklərini öyrənməliyəm.
Püxtələşməyə doğru can atan gənc ifaçı Xaliq Həsənov təkcə muğam oxumur, eyni zamanda musiqinin başqa janrlarında da özünü sınayır. Onun məqsədi professional musiqiçi kimi yetişməkdir. İnanırıq ki, gənc xanəndənin arxada qalan illərdə açdığı yaradıcılıq cığırı onu sənət zirvələrinə aparan yola qovuşduracaq.
Sara ƏZİMOVA