Babək Rayon Tarix-Diyarşünaslıq Muzeyində Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90-cı ildönümü münasibətilə keçilmiş açıq dərsdə Babək rayonunun Kərimbəyli və Yarımca kənd tam orta məktəblərinin şagirdləri iştirak etmişlər.
Açıq dərsdə Kərimbəyli kənd tam orta məktəbinin tarix müəllimi Gülnar Quliyeva “Tariximizi öyrənirik” mövzusunda danışaraq bildirmişdir ki, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan qədim Naxçıvan diyarı milli tariximizdə istər tarixi, istərsə də zəngin mədəniyyəti baxımından mühüm yer tutur. Muxtar respublikanın mühüm geostrateji mövqedə yerləşməsi, Şərqlə Qərb arasında müxtəlif sahələrin inkişafında körpü rolu oynaması onun tarixi əhəmiyyətini daha da artırmışdır. Bu qədim diyara tarixin müxtəlif dövrlərində mənfur qonşularımız olan ermənilər tərəfindən əsassız ərazi iddiaları irəli sürülmüş, ötən əsrin həm əvvəllərində, həm də sonunda Naxçıvan düşmən hücumlarına məruz qalmışdır. İşğal xarakteri daşıyan bu hücumlara Naxçıvan mərdliklə sinə gərmişdir.
Yarımca kənd tam orta məktəbinin tarix müəllimi Sədaqət Quliyeva “Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir” mövzusunda danışaraq bildirmişdir ki, qədim Azərbaycan torpağı olan Zəngəzurun Ermənistana verilməsi nəticəsində Naxçıvan Azərbaycanın əsas ərazisindən ayrı düşmüşdür. Bu qədim yurdun muxtariyyət statusu məsələsində naxçıvanlıların əzmkarlığı, görkəmli diplomat Behbud ağa Şahtaxtinskinin qətiyyətli mövqeyi öz sözünü demiş, nəticədə, Naxçıvanın muxtariyyət statusu RSFSR ilə Türkiyə arasında imzalanan Moskva müqaviləsində təsbit edilmişdir. 1921-ci il oktyabrın 13-də RSFSR ilə Azərbaycan SSR, Ermənistan SSR, Gürcüstan SSR və Türkiyə Respublikası arasında imzalanmış Qars müqaviləsinə əsasən, Naxçıvanın ərazisi, sərhədləri bir daha dəqiqləşdirilmiş, Naxçıvan diyarının tarixi taleyini, yəni onun Azərbaycanın tərkibində muxtar respublika kimi qalmaq imkanlarını bu beynəlxalq müqavilələr reallaşdırmışdır. Həmin müqavilələrlə Rusiya, Türkiyə və Cənubi Qafqaz respublikaları Naxçıvana Azərbaycanın tərkibində muxtar qurum kimi tanınan beynəlxalq hüquqi təminat vermişər.
Bildirilmişdir ki, ötən əsrin sonlarına doğru ermənilərin muxtar respublikaya növbəti hücumlarının kəskinləşdiyi bir dövrdə Naxçıvanın muxtariyyət statusu ümummilli lider Heydər Əliyev tərəfindən yenidən gündəmə gətirilmiş və bu status qədim diyarın qorunub saxlanılmasında mühüm rol oynamışdır.
Səbuhi HƏSƏNOV