Aprelin 18-də Naxçıvan şəhərindəki “Gənclik” Mərkəzində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublikası Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin və Naxçıvan Muxtar Respublikası “Gənclərin İntellektual İnkişaf Mərkəzi” İctimai Birliyinin təşkilatçılığı ilə gənclər arasında “Nuh yurdu” intellektual oyununun Naxçıvan Muxtar Respublikası üzrə zona birinciliyi keçirilmişdir.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin şöbə müdiri, Naxçıvan Muxtar Respublikası “Gənclərin İntellektual İnkişaf Mərkəzi” İctimai Birliyinin sədri Canməmməd Canməmmədov çıxış etmişdir. Qeyd olunmuşdur ki, gənclər arasında “Nuh yurdu” intellektual oyunu Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyi ilə əlaqədar təsdiq olunmuş Tədbirlər Planına əsasən keçirilir.
Oyunun keçirilməsində məqsəd gənclərin intellektual səviyyəsini, dünyagörüşünü, zehni inkişafını stimullaşdırmaq, onlar arasında bilik və bacarığı artırmaq, eləcə də onların asudə vaxtlarının səmərəli təşkili istiqamətində yeni üsullar tətbiq etməkdən ibarətdir. İntellektual oyunun keçirilməsi ilə bağlı təşkilat komitəsi yaradılmış, yaşı 17-dən 29-dək olan gənclərdən ibarət hər birində 5 oyunçu olmaqla, 31 komandanın iştirakı təmin edilmişdir. Oyunun keçirilmə qaydaları ilə bağlı tədbir iştirakçılarına ətraflı məlumat verilərək bildirilmişdir ki, hər bir oyunda 4 komanda iştirak edir.
Sonra püşkatma keçirilmiş və oyunda iştirak edən 31 komandanın bir qismi “Gənclik” Mərkəzində, digərləri isə Gənclər Mərkəzində biliklərini sınamışlar.
Gənclər arasında keçirilən “Nuh yurdu” intellektual oyununun Naxçıvan Muxtar Respublikası zona birinciliyinin qaliblərinə təşkilatçılar tərəfindən diplom, fəxri fərman və kuboklar verilmişdir.
Onu da qeyd edək ki, birinci, ikinci yerləri tutan Naxçıvan Dövlət Universitetinin “Əlincə”, Naxçıvan Özəl Universitetinin “Vətən” komandaları və ən yüksək nəticə göstərən 5 nəfər oyunçu “Xəmsə” milli intellektual oyununun Quba şəhərində gənclər arasında keçiriləcək VII Azərbaycan çempionatında iştirak etmək hüququ qazanmışlar.
Xəbərlər şöbəsi