24 Dekabr 2024, Çərşənbə axşamı

Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublikası Ədəbiyyat Muzeyində “Molla Nəsrəddin” jurnalının nəşrinin 108-ci ildönümünə həsr olunmuş tədbir  keçirilib.
Tədbirdə Naxçıvan Dövlət Universitetində filologiya istiqaməti üzrə təhsil alan tələbələr iştirak ediblər.
Ədəbiyyat Muzeyinin direktoru Aləmzər İbrahim­ova “Molla Nəsrəddin” jurnalını Azərbaycan ədəbiyyatı və mətbuatı tarixinin şərəfli səhifəsi kimi dəyərləndirərək jurnalın Azərbaycan ictimai-siyasi fikir tarixində, milli şüurun və siyasi təfəkkürün formalaşmasında, milli ədəbiyyatın inkişafındakı rolundan danışıb.
Universitetin Tarix-filologiya fakültəsinin dekanı, filologiya üzrə fəlsəfə doktoru, dosent İman Cəfərli  “Molla Nəsrəddin” jurnalının nəşri tarixi barədə məruzə edərək Şərqdə ilk satirik mətbu orqan olan bu jurnalın əsas yaradıcı heyəti, qayəsi, janr və mövzu rəngarəngliyi, əsas tənqid hədəfləri, mollanəsrəddinçi ədəbi məktəb yaratmaqla mətbuat və ədəbiyyat tariximizdə əvəz­olunmaz yer tutması ilə bağlı məlumat verib.

Qeyd olunub ki, akademik İsa Həbibbəylinin başçılığı ilə mirzəcəlilşünaslıq istiqamətində elmi tədqiqatlar aparılır, görkəmli dramaturq, naşir-publisist Cəlil Məmmədquluzadə və mollanəsrəddinçilərin həyat və fəaliyyəti, ədəbi irsi, jurnalın nəşri tarixi ilə əlaqədar yeni elmi faktlar və arxiv materialları, əlyazmalar elmi-ədəbi ictimaiyyətə təqdim olunur.
Bildirilib ki, ustad Mirzə Cəlil və onun mollanəsrəddinçi məsləkdaşlarının Azərbaycançılıq məfkurəsi, milli istiqlal və bəşəri duyğular uğrunda mübarizələri həmişəyaşardır, gələcək nəsillər üçün örnəkdir.
Sonda tələbələrin sualları cavablandırılıb, “Molla Nəsrəddin-108” sərgisinə baxış olub.

Mehriban SULTAN

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR