Naxçıvan Dövlət Universitetində “Ulu öndər Heydər Əliyev və Naxçıvan Muxtar Respublikasında idmanın inkişafı” mövzusunda konfrans keçirilmişdir. Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinə həsr edilmiş konfransı giriş sözü ilə universitetin rektoru, professor Saleh Məhərrəmov açaraq Azərbaycanda, o cümlədən muxtar respublikada idmanın inkişafına göstərilən diqqət və qayğıdan bəhs etmişdir.
Universitetin Tələbə-İdman Klubunun sədri, Fiziki tərbiyə və idman oyunları kafedrasının baş müəllimi, pedaqogika üzrə fəlsəfə doktoru Məmmədəli Rəhimov “Universitet idmançıları respublika birinciliklərində və beynəlxalq arenada” mövzusunda məruzə edərək bildirmişdir ki, universitetin futbol, voleybol, badminton, şahmat komandaları, cüdo, sərbəst güləş üzrə idmançılarımız muxtar respublika birinciliyində, Azərbaycan çempionatında və beynəlxalq yarışlarda dəfələrlə uğurlar əldə etmişdir.
Universitetin Tələbə-İdman Şurasının sədri, bədən tərbiyəsi ixtisasının II kurs tələbəsi Nicat Allahverdiyev çıxış edərək tələbə-idmançılar adından universitetdə idmanın müxtəlif növlərinin inkişafı üçün yaradılan şəraitdən danışmışdır.
Sonra tələbələr arasında şahmat birinciliyinə start verilmişdir. Qeyd edək ki, bütün fakültələrin təmsil olunduğu bu yarışda 40 şahmatçı qələbə uğrunda mübarizə aparacaq.
Xəbərlər şöbəsi