Hələ lap qədim zamanlardan insanlar onları əhatə edən aləmi – kainatı öyrənməyə maraq göstərmişlər. Bu, onunla əlaqədar idi ki, əcdadlarımız öz həyat və mövcudluqlarının bu və ya digər formada səma ilə sıx bağlı olduğunu idrak etməyə başlamışdılar. Məhz bu səbəbdən səmada gözlə görünən nə varsa, hamısı insanlar tərəfindən ilahiləşdirilir, dünyada və hətta ayrı-ayrı insanların həyatında baş verən bütün hadisələrin mütləq surətdə onlarla bağlı olduğu qəbul edilirdi. Min illərlə ölçülən bir dövr ərzində insanların səma haqqındakı dünyagörüşlərində mühüm dəyişikliklər baş vermişdir. Artıq insanlar Yer üzərində istiqaməti, fəsillərin bir-birini əvəz etməsini, mövsümi işlərin başlanma və qurtarma vaxtlarını asanlıqla səma cismlərinin – Günəşin, Ayın və ulduzların səmadakı vəziyyətinə uyğun təyin etməyi bacarırdılar. Məhz bu səbəbdən göy cismləri daim müşahidə obyektinə çevrilmişdir.
Orta əsrlərdən etibarən göy cismlərinin, ümumiyyətlə, kainatın müşahidəsi və tədqiqi hər cür texniki vasitələrlə təmin olunmuş rəsədxanalarda yerinə yetirilir. Bu rəsədxanalardan biri də Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin Batabat Astrofizika Rəsədxanasıdır. Batabat Astrofizika Rəsədxanası bölmənin tərkibində fəaliyyət göstərən 6 elmi-tədqiqat müəssisəsindən biridir. Rəsədxana Naxçıvan şəhərindəki inzibati binadan, Şahbuz rayonu ərazisində yerləşən Batabat və Ordubad rayonu ərazisindəki Ağdərə stansiyalarından ibarətdir. Batabat Astrofizika Rəsədxanası barədə ətraflı məlumat əldə etmək üçün rəsədxananın direktoru Qulu Həziyevlə həmsöhbət olduq:
– Qulu müəllim, Naxçıvanda Batabat Astrofizika Rəsədxanası kimi göy cismlərini öyrənən bir elmi mərkəzin yaradılmasında hansı amillər rol oynamışdır?
– Batabat Astrofizika Rəsədxanası təşkil olunmazdan əvvəl Naxçıvan Muxtar Respublikası ərazisində 2 astronomik rəsədxana fəaliyyət göstərmişdir. Bunlardan biri Şamaxı Astrofizika Rəsədxanasının Batabat bölməsi, digəri isə Sankt-Peterburq şəhərində yerləşən Pulkova Rəsədxanasının Ordubad rayonunun Ağdərə ərazisindəki astronomik stansiyası idi. Bu rəsədxanaların hər ikisi keçən əsrin 70-ci illərinin ortalarından fəaliyyətə başlamışdır. Hər iki rəsədxana üçün Naxçıvan ərazisinin seçilməsi təsadüfi olmamışdır. Naxçıvan Muxtar Respublikasında astronomik müşahidələr üçün ideal təbii-iqlim şəraitinin mövcudluğu və bölgənin Yer ekvatoruna yaxın olması burada unikal astronomik müşahidələrin aparılmasına imkan yaradır. Hər iki rəsədxanada 15 ildən artıq bir dövrdə aparılan müşahidələr və tədqiqat işləri bunu bir daha təsdiq etmişdir. 1992-ci ildə Ağdərə stansiyası Şamaxı Astrofizika Rəsədxanasına birləşdirilmişdir. Çox təəssüf ki, keçən əsrin 80-ci illərinin axırı və 90-cı illərinin əvvəllərində baş verən məlum hadisələrdən sonra faktiki olaraq hər iki rəsədxanada astronomik müşahidələr dayandırılmışdır. Ümummilli liderimizin AMEA Naxçıvan Bölməsinin yaradılması haqqında 7 avqust 2002-ci il tarixli Sərəncamı ilə hər iki rəsədxanaya yeni həyat verilmişdir. Belə ki, Batabat Astrofizika Rəsədxanası təşkil olunarkən həm Şamaxı Astrofizika Rəsədxanasının Batabat bölməsinin, həm də Ağdərə stansiyasının maddi-texniki bazasından və kadr potensialından istifadə olunmuşdur.
– Sizcə, astronomiyanı digər elmlərdən fərqləndirən əsas cəhət nədir və bu mənada astronomlar digər alimlərdən nə ilə fərqlənirlər?
– Maraqlı sualdır. Bilirsinizmi, astronomiyadan tamamilə xəbərsiz olaraq çox yaxşı fizik, riyaziyyatçı, bioloq, kimyaçı, tarixçi, ədəbiyyatşünas və sair olmaq mümkündür və belə alimlər kifayət qədərdir. Ancaq ən azı fizikanı, riyaziyyatı və kimyanı, hətta tarix və ədəbiyyatı da az və ya çox dərəcədə bilmədən astronom olmaq mümkün deyildir. Məncə, astronomiyanın digər elmlərdən və astronomların digər alimlərdən fərqi elə məhz bundadır.
Rəsədxanatipli strukturların bəzi ənənəvi olmayan spesifik xüsusiyyətləri vardır: onların, bir qayda olaraq, iri yaşayış mərkəzlərindən uzaqda yerləşməsi, iş rejiminin fərqli olması, tədqiqat obyektlərinin qeyri-adiliyi, orada çalışan insanların fərqli dünyagörüşə malik olmaları və sair. Bu səbəbdən də peşəkar astronomlar bəzən ətrafdakı insanlarla, cəmiyyətlə münasibətdə bu və ya digər formada müəyyən çətinliklərlə qarşılaşırlar. Tarixdə astronomiya ilə məşğul olanların təqib olunması, cəmiyyətdənkənar elan olunmaları haqqında kifayət qədər faktlar mövcuddur.
– Rəsədxanada hansı istiqamətlərdə elmi-tədqiqat işləri aparılır və nə kimi uğurlar əldə edilmişdir?
– Batabat Astrofizika Rəsədxanası fəaliyyətə başlayarkən hansı istiqamətlərdə astronomik tədqiqatların aparılması, əsasən, 3 amil əsasında müəyyən edilmişdir: müasir astronomik tədqiqatların əsas prioritet istiqamətləri, rəsədxananın mövcud maddi-texniki bazası və rəsədxanada çalışacaq elmi-texniki personalın potensial imkanları. Bu şərtlər daxilində rəsədxanada Günəş sisteminin kiçik cismlərinin – komet və asteroidlərin müşahidəsi və tədqiqi ilə bərabər, həm də Günəş fizikası, ulduz astronomiyası və göy mexanikası sahəsində tədqiqatlar aparılmışdır. Aparılan elmi-tədqiqat işlərinin nəticələri 4 fəlsəfə doktorluğu dissertasiyasında, həmçinin ölkəmizdə və xaricdə çap olunan müxtəlif elmi jurnallarda əksini tapmışdır.
– Çətinlikləriniz olurmu?
– Əlbəttə. Ancaq dövlətimizin elmə və elm adamlarına olan diqqəti nəticəsində bu çətinliklər asanlıqla həllini tapır. AMEA Naxçıvan Bölməsinə göstərilən hərtərəfli qayğıdan Batabat Astrofizika Rəsədxanasına da pay düşür. Az bir müddət ərzində rəsədxana üçün həm Naxçıvan şəhərində, həm də Batabat stansiyasında müasir tələblərə cavab verən inzibati binalar tikilərək istifadəyə verilmiş, elmi-texniki əməkdaşların hər biri müasir iş şəraiti olan ayrıca otaqla, internetə qoşulmuş fərdi kompüterlə təmin olunmuşdur. Rəsədxananın ən müasir cihaz və avadanlıqlarla təminatı intensiv surətdə davam etdirilir və kollektivimiz əmindir ki, ən yaxın vaxtlarda Batabat Astrofizika Rəsədxanası regionda nümunəvi bir elmi müəssisəyə çevriləcəkdir.
– Konkret olaraq, 2014-cü ildə və yaxın gələcəkdə Batabat Astrofizika Rəsədxanasından hansı yenilikləri gözləmək olar?
– Bildiyimiz kimi, 2014-cü il Naxçıvanda “Muxtariyyət ili” elan olunmuşdur. Bu münasibətlə rəsədxanada Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinə həsr olunmuş seminar və konfranslar keçiriləcəkdir. Bundan əlavə, muxtar respublikamızın kütləvi informasiya vasitələrində astronomiyaya aid elmi-kütləvi çıxışların edilməsi və məqalələrin dərc olunması nəzərdə tutulmuşdur. Məncə, Batabat Astrofizika Rəsədxanasında 2014-cü il üçün nəzərdə tutulmuş elmi-tədqiqat işlərinin layiqincə yerinə yetirilməsi elə “Muxtariyyət ili”nə ən yaxşı töhfə olar.
AMEA Naxçıvan Bölməsinin digər elmi-tədqiqat institutları kimi, Batabat Astrofizika Rəsədxanasının da ən müasir avadanlıqlarla təchiz olunması intensiv surətdə davam etdirilir. Bu, o deməkdir ki, yaxın illərdə rəsədxanada aparılan elmi-tədqiqat işlərinin əhatə dairəsi daha da genişləndiriləcəkdir.
– Maraqlı müsahibə üçün sağ olun.
Nərgiz İSMAYILOVA