Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki Səfirliyinin ictimaiyyətlə əlaqələr üzrə şöbə müdiri Stefan Qays, mədəniyyət və təhsil üzrə müşaviri M.Kelli Kalam Naxçıvan Dövlət Universitetində olmuşlar. Universitetin rektoru, professor Saleh Məhərrəmov dünyaya inteqrasiya baxımından beynəlxalq tərəfdaşlığın əhəmiyyətini vurğulamış, Naxçıvan Dövlət Universitetinin strukturu, maddi-texniki bazası, beynəlxalq əlaqələri haqqında qonaqlara məlumat vermişdir. Rektor bildirmişdir ki, özünəməxsus inkişaf yolu keçən Naxçıvan Dövlət Universiteti dünyanın 80 tanınmış ali məktəbi ilə əməkdaşlıq əlaqələri yaratmışdır. Amerika Birləşmiş Ştatlarının Səfirliyi iki ölkə arasında elm və təhsil sahəsində əməkdaşlığın inkişafında, müştərək layihələrin gerçəkləşdirilməsində mühüm rol oynayır.
Stefan Qays və xanım M.Kelli Kalam beşgünlük səfər zamanı “Amerikanı tanıyaq” adlı ödənişsiz silsilə proqram çərçivəsində treninqlərin keçiriləcəyini bildirmişlər. Qeyd olunmuşdur ki, treninqlər ingilis dilinin interaktiv üsullarla tədrisi, ingilis dili müəllimlərinin bilik və bacarıqlarının təkmilləşdirilməsi, bu dilin tədrisində sosial şəbəkədən və onlayn resurslardan istifadə, eləcə də digər mövzularda olacaq.
Treninq başlamazdan öncə universitetin rektoru, professor Saleh Məhərrəmov və Amerika Birləşmiş Ştatları Səfirliyinin ictimaiyyətlə əlaqələr üzrə şöbə müdiri Stefan Qays ölkələrarası siyasi, iqtisadi və mədəni əlaqələrin inkişafında elm və təhsil sahəsində tərəfdaşlığın, ingilis dilini mükəmməl öyrənmənin əhəmiyyətindən bəhs etmiş, treninq iştirakçılarına uğurlar arzulamışlar. Sonra treninqlərə start verilmişdir. Naxçıvan Özəl Universitetindən də bir neçə müəllim olmaqla, 23 nəfər müəllimin iştirak edəcəyi beşgünlük treninqin sonunda iştirakçılara sertifikatlar təqdim olunacaq.
Mehriban SULTAN