Naxçıvan Dövlət Universitetində böyük maarifçi, tanınmış alim və şair Abbasqulu ağa Bakıxanovun anadan olmasının 220 illiyinə həsr olunmuş elmi konfrans keçirilmişdir. Konfransı giriş sözü ilə universitetin rektoru, professor Saleh Məhərrəmov açaraq bildirmişdir ki, bu il Azərbaycan ictimai-mədəni fikir tarixinin görkəmli nümayəndəsi, böyük maarifçi, tanınmış alim və şair A.Bakıxanovun anadan olmasının 220 illiyi tamam olur. Bu münasibətlə ölkə başçısı cənab İlham Əliyev 2014-cü il fevralın 12-də “Abbasqulu ağa Bakıxanovun 220 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam imzalamışdır. Vurğulanmışdır ki, ensiklopedik biliyə və əhatəli dünyagörüşünə malik şəxsiyyət kimi Abbasqulu ağa Bakıxanov elmin, mədəniyyətin müxtəlif sahələrinə aid zəngin irs yaratmışdır.
Xalqın həyatında əsaslı dəyişikliklərə yol açmış maarifçilik ideyalarının Azərbaycanda bərqərar olunmasında onun mühüm xidmətləri olmuşdur. Azərbaycanın tarixi keçmişinin müasir dünya elmi səviyyəsində yeni, sistemli tədqiqi mərhələsi A.Bakıxanovun adı ilə sıx bağlıdır.
Fənlərin tədrisi metodikası və texnologiya müəllimliyi kafedrasının müdiri, pedaqoji elmlər doktoru Elbəyi Maqsudovun “Abbasqulu ağa Bakıxanov elm və mədəniyyətin inkişafına əvəzsiz töhfələr vermiş görkəmli alim və istedadlı şair kimi”, Pedaqogika və psixologiya kafedrasının müdiri, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Vahid Rzayevin “Abbasqulu ağa Bakıxanovun maarif, məktəb və tərbiyə haqqında fikirləri”, Fənlərin tədrisi metodikası və texnologiya müəllimliyi kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru Mehriban Quliyevanın “Nəsihətnamə” əsərində əxlaqi fikirlərin tərənnümü” mövzularında məruzələri dinlənilmişdir. Məruzələrdə bildirilmişdir ki, 1820-1830-cu illərdə çar Rusiyası ordusunda qulluq edən Abbasqulu ağa Bakıxanov Türkmənçay müqaviləsinin imzalanmasında tərcüməçi kimi iştirak etmişdir. Bundan başqa, o, “Gülüstani-İrəm” əsəri ilə Azərbaycan tarixşünaslığının əsasını qoymuşdur. “Qüdsi” təxəllüsü ilə şeirlər də yazan Abbasqulu ağa Bakıxanovun uşaqların əxlaqını tərbiyə edən və onlarda nəcib xasiyyətlərin yaranmasını şərtləndirən nəsihətamiz əsərləri bu gün də öz əhəmiyyətini saxlamaqdadır.
Sonda tələbələr Abbasqulu ağa Bakıxanovun şeirlərindən parçaları bədii qiraət etmişlər.
Mina QASIMOVA