24 Dekabr 2024, Çərşənbə axşamı

Bəşər tarixinin ən qədim, xüsusən yazıyaqədərki tarixinin öyrənilməsində arxeologiya elminin özünəməxsus rolu vardır. Arxeologiya Azərbaycan milli tarix elminin çox mühüm sahəsidir. Naxçıvanda onun formalaşması XX əsrin 20-ci illərindən sonrakı dövrə təsadüf edir.
İlk dövrlərdə yerli mütəxəssislərin az olması səbəbindən bu işlə həvəskarlar, əcnəbi arxeoloqlar məşğul olmuşlar. 1925-ci ildən 1928-ci ilədək fəaliyyət göstərən Azərbaycan “Tədqiq və Tətəbbö” cəmiyyətinin Naxçıvan şöbəsi bütün sahələr kimi, arxeologiyanın da inkişafına, abidələrimizin öyrənilməsinə diqqət göstərmişdir. Bu şöbə tərəfindən 1925-ci ilin sentyabr ayından 1926-cı ilin iyun ayına qədər Xaraba Gilanda aparılan arxeoloji qazıntını maliyyələşdirmək üçün 300 min manat pul ayrılmışdır. Azərbaycan “Tədqiq və Tətəbbö” cəmiyyətinin Naxçıvan şöbəsi 1926-cı ildə Qızılburunda aparılan arxeoloji tədqiqatlara yaxından köməklik göstərmişdir.

Şöbənin elmi katibi Mirbağır Mirhüseyn oğlu Mirheydərzadə Qızılburun qazıntısında yaxından iştirak etmişdir. 1934-1936-cı illərdə Oğlanqala, Şahtaxtı, Şortəpə abidələrində arxeoloji tədqiqat işləri aparılaraq zəngin maddi-mədəniyyət nümunələri əldə olunmuşdur.
1951-1964-cü illərdə I Kültəpədə (Babək rayonu), 1958-ci ildə Sədərək kəndindəki şəhər yerində, 1960-1969-cu illərdə II Kültəpədə və digər abidələrdə arxeoloji tədqiqatlar aparılmışdır.
1969-cu ildə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ölkəmizə rəhbər seçilməsindən sonra arxeoloji, tarixi və memarlıq abidələrimizin elmi tədqiqi üçün əlverişli şərait yaradılmışdır. Ulu öndər Azərbaycanda, onun ayrılmaz tərkib hissəsi olan Naxçıvanda elmin inkişafı üçün misilsiz xidmətlər göstərmişdir. 1972-ci ildə dahi rəhbər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Elmlər Akademiyası Rəyasət Heyəti Naxçıvan Regional Elm Mərkəzinin yaradılması haqqında qərar qəbul etmişdir. Bu mərkəzdə fəaliyyət göstərən Arxeologiya və etnoqrafiya şöbəsinin əməkdaşları tərəfindən Naxçıvan arxeologiyası, etnoqrafiyası, epiqrafiyası sahəsində uğurlu elmi tədqiqatlar aparılmışdır. 1974-cü ildə yerli arxeoloji kadrların olması nəzərə alınaraq elmi-tədqiqat işlərinin Azərbaycanda keyfiyyətini artırmaq məqsədilə Azərbaycan Elmlər Akademiyası Tarix İnstitutu nəzdində Arxeologiya və Etnoqrafiya Sektorunun təşkil olunması ölkəmizin digər bölgələri kimi, Naxçıvan Muxtar Respublikasında da arxeologiyanın inkişafına böyük təsir göstərmişdir. 1975-ci ildən başlayaraq Naxçıvanda arxeoloji bazalar təşkil olunmuşdur. 1981-ci ilin sentyabr ayında ulu öndərimiz Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanda “Azərbaycan SSR-də memarlıq və arxeoloji abidələrin qorunması, bərpası və istifadəsinin yaxşılaşdırılması tədbirləri haqqında” Qərar qəbul edilmişdir. Qərarın Naxçıvanda da arxeologiya və etnoqrafiya elmlərinin inkişafında mühüm əhəmiyyəti olmuş, hər il ardıcıl olaraq Naxçıvan Muxtar Respublikasında arxeoloji ekspedisiyalar təşkil edilmişdir. Ümumiyyətlə, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ölkəmizə rəhbərliyinin birinci dövründə Naxçıvan arxeologiyası inkişaf etmiş, arxeoloji tədqiqatların əhatə dairəsi və əhəmiyyəti daha da artmışdır. Bu dövrdə Qazma, Xaraba Gilan, Sumbatan, Haqqıxlıq, Şahtaxtı, Ovçular təpəsi, Xələc, Ərəbyengicə, Qızılburun, Damlama, Sarıdərə, I Maxta və digər abidələrdə arxeoloji tədqiqatlar aparılmışdır.
Ümummilli liderimiz Heydər Əliyevin 1993-cü ildən başlayan siyasi hakimiyyətinin ikinci dövründə bu sahəyə xüsusi diqqət yetirilmişdir. Ulu öndərimizin təşəbbüsü və rəhbərliyi ilə Azərbaycan Elmlər Akademiyası Tarix İnstitutunun nəzdindəki Arxeologiya və Etnoqrafiya Sektoru bazasında Arxeologiya və Etnoqrafiya İnstitutunun təşkil olunması Naxçıvanda arxeologiya elminin müstəqillik müstəvisində inkişafına şərait yaratmış, bu sahədə daha geniş və beynəlxalq miqyasda tədqiqatlar aparılmağa başlanılmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun abidələrimizin öyrənilməsi və qorunmasına göstərdiyi yüksək diqqət və qayğı Naxçıvanda arxeologiyanın daha da inkişaf etməsi ilə nəticələnmişdir.
2001-2002-ci illərdə ümummilli liderimiz Heydər Əliyevin tövsiyəsi ilə Naxçıvan-Gəmiqaya ekspedisiyası təşkil olunmuşdur. Bununla bağlı  Ali Məclisin Sədri 2001-ci il aprelin 26-da “Ordubad rayonundakı Gəmiqaya abidəsinin tədqiq edilməsi haqqında” Sərəncam imzalamışdır. Sərəncama əsasən, Gəmiqaya abidəsinə arxeoloji ekspedisiya təşkil edilmiş, yeni qayaüstü təsvirlər və arxeoloji abidələr aşkar edilərək tədqiq olunmuşdur. 2002-ci ilin avqustunda Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin yaradılması Naxçıvanda bir çox elm sahələri kimi, arxeologiyanın da inkişafına əsaslı stimul yaratmışdır. Bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutu Naxçıvan arxeologiyasının inkişafına dəyərli töhfələr verməkdədir. Naxçıvan abidələrinin öyrənilməsi və qorunmasında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2005-ci il 6 dekabr tarixli “Naxçıvan Muxtar Respublikası ərazisindəki tarix və mədəniyyət abidələrinin qorunması və pasportlaşdırılması işinin təşkili haqqında” Sərəncamı mühüm əhəmiyyət kəsb edir. Sərəncama əsasən, muxtar respublikamızın bütün bölgələrinə ekspedisiyalar təşkil olunmuş, bir çox yeni abidələr qeydə alınaraq pasportlaşdırılmış və araşdırmaların nəticələri kimi “Naxçıvan Abidələri Ensiklopediyası” nəşr olunmuşdur.
Azərbaycan Rеspublikasının Prеzidеnti cənab İlham Əliyеvin imzaladığı “Azərbaycan Milli Еlmlər Akadеmiyasının Arхеоlоgiya və Еtnоqrafiya İnstitutu tərəfindən aparılması nəzərdə tutulan arхеоlоji еkspеdisiyaların maliyyələşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam bu sahə ilə məşğul olan tədqiqatçıların qarşısında yeni vəzifələr qoymuşdur. Sərəncamdan sonra sistemli arxeoloji tədqiqatlara başlanılmış, Şahtaxtı, Xaraba Gilan, Оvçular təpəsi, Оğlanqala, I Maxta Kültəpəsi, Ərəbyеngicə, Xələc, I Kültəpə, Meydantəpə, Qazma mağarası, Rəsul dərəsi  və digər abidələrdə aparılan arxeoloji tədqiqatlar zamanı maddi və mənəvi mədəniyyətimizlə bağlı maraqlı arxeoloji materiallar, mühüm elmi nəticələr əldə olunmuşdur. Оvçular təpəsi, Оğlanqala, Duzdağ abidələrindəki arxeoloji qazıntılarda yerli mütəxəssislərlə yanaşı, ABŞ, Almaniya, Macarıstan, İsveç, İtaliya, Suriya, Türkiyə və Fransa arxеоlоqları da iştirak etmişlər.

Bu gün dövlət səviyyəsində abidələrimizə, arxeoloji tədqiqatlara göstərilən diqqət və qayğının nəticəsidir ki, arxeologiya elmi Naxçıvanda uğurla inkişaf edir, Azərbaycanımızın qədim tarixinə işıq tutur. Bu sahədə aparılan kompleks elmi-tədqiqat işləri nəticəsində Naxçıvanın Erkən əkinçilik, Kür-Araz, Boyalı qablar, Şəhərsalma mədəniyyətlərinin əsas mərkəzlərindən biri olması öz təsdiqini tapır.

Toğrul XƏLİLOV
AMEA Naxçıvan Bölməsinin şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR