Gələcəyimiz savadlı, dünyagörüşlü, hərtərəfli biliyə malik gənclərin əlində olacaqdır
Ölkəmizdə təhsil sahəsində islahatlara 1999-cu ildə xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən “Azərbaycan Respublikasının təhsil sahəsində İslahat Proqramı” təsdiq olunduqdan sonra başlanılmışdır. Həmin proqrama uyğun ali təhsildə də struktur dəyişiklikləri aparılmış, təhsil müəssisələrinə müstəqillik və geniş səlahiyyətlər verilmiş, bir sıra ali məktəblər öz fəaliyyətlərini özünüidarəetmə prinsipi əsasında qurmuşdur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2009-cu il 22 may tarixli Sərəncamı ilə “2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı” təsdiq edilmişdir. Dövlət proqramının əsas məqsədi ölkənin ali təhsilinin Avropa təhsil məkanına inteqrasiyası, onun məzmununun boloniya prosesinin prinsiplərinə uyğun qurulması, cəlbedici və rəqabətqabiliyyətliliyinin təmin edilməsi, ölkə iqtisadiyyatının inkişaf tələblərinə uyğun ali təhsilli kadrlara yaranan tələbatın ödənilməsi, habelə informasiya cəmiyyətinin və biliklərə əsaslanan iqtisadiyyatın tələblərinə uyğun kadr potensialının yaradılması, əhalinin müasir tələblərə cavab verən ali təhsil almaq imkanlarının təmin edilməsi üçün iqtisadi və sosial baxımdan səmərəli ali təhsil sisteminin formalaşdırılması idi. Proqramın icrası uğurla başa çatdırılmışdır.
Ötən günlərdə Naxçıvan Müəllimlər İnstitutunda olmağımızın da əsas səbəbi muxtar respublikada ali təhsilin inkişafı istiqamətində aparılan işləri, qazanılan uğurları konkret bir təhsil ocağının timsalında oxuculara çatdırmaq idi.
İnstitutun baş müəllimi, filologiya üzrə fəlsəfə doktoru, Xarici əlaqələr şöbəsinin müdiri Həsənəli Eyvazlı bizimlə söhbətində bildirdi ki, maarifləndirici tədbirlərin nəticəsi olaraq təlim texnologiyalarına əsaslı surətdə yiyələnməyə çalışan tələbələrimiz həm də internet vasitəsi ilə dünya gənclərinin forum və simpozium çağırışlarına qatılır, dəvətlər alır və Azərbaycanımızı, o cümlədən doğma Naxçıvanımızı uğurla təmsil edirlər. Xarici ölkələrin universitet tələbələri cərgəsində öz sözlərini deyən, institutumuza başucalığı gətirən belə tələbələrimizdən olmuş Murad Məmmədov və Yaqut Rəhimovanın adlarını fəxrlə çəkə bilərik. Onlar beynəlxalq tələbə yarışlarına qatılmış və uğurlu nəticələr əldə etmişlər.
Naxçıvan Müəllimlər İnstitutunun rektoru, professor Oruc Həsənli ilə söhbət zamanı qeyd etdi ki, rektoru olduğu ali təhsil ocağı möhkəm milli bünövrəyə malik olan, dövlətçilik təmayüllü, müasir ali təhsil ocağıdır. İnstitut ilə Azərbaycanda fəaliyyət göstərən Azərbaycan Müəllimlər İnstitutu, Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu, Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutu və qardaş Türkiyə Respublikasının Qars şəhərindəki Qafqaz Universiteti, eyni zamanda Şimali Kipr Türk Cümhuriyyətindəki Doğu Ağdəniz Universiteti arasında qarşılıqlı müqavilələr imzalanmış, həmin ali təhsil ocaqları ilə görüşlər, müəllim, tələbə və təcrübə mübadilələri həyata keçirilir. Ali təhsil ocağının Ukrayna Milli Elmlər Akademiyasının Riyaziyyat İnstitutu, Xarkov Universiteti, Türkiyə Respublikasının Kocaeli Universiteti, Qars Qafqaz Universiteti, Kırşehir Ahı Evran Universiteti, İngiltərənin London Riyaziyyatçılar Birliyi, Qazaxıstan Respublikasının Almatı Milli Universiteti ilə elm və təhsil əlaqələri vardır. Naxçıvan Müəllimlər İnstitutu beynəlxalq simpoziumların təşkilində və keçirilməsi sahəsində də bir çox universitetlərlə qarşılıqlı əməkdaşlıq edir. Ümumiyyətlə, bu institutda tələbələrin yüksək səviyyədə ali təhsil alması, geniş bilik və dünyagörüşü qazanması üçün hər cür şərait mövcuddur. Kollektivimizin əsas amalı tədris keyfiyyətinin üstün olmasıdır. İnstitutun özfəaliyyət kollektivi mədəni mühitin inkişafına uğurla xidmət edir. Eyni zamanda institutda fəaliyyət göstərən “Mənəviyyat” diskussiya klubu tələbələrin asudə vaxtlarını səmərəli keçirmələri və psixoloji cəhətdən həyata hazırlanmaları baxımından olduqca əhəmiyyətlidir.
“İnstitutumuz cəmiyyət üçün gərəkli vətəndaş yetişdirən ali təhsil müəssisəsidir. Məqsədimiz tələbələri gələcəyin əsl vətəndaşı kimi hərtərəfli inkişaf etdirmək, kadr kimi hazırlamaqdır” , – deyən rektor vurğuladı ki, bundan sonra da tələbələrin bilik və bacarığının artırılmasına, yüksək və keyfiyyətli kadr kimi hazırlanmasına, cəmiyyətə hərtərəfli inkişaf etmiş vətəndaş kimi təqdim edilməsinə çalışacağıq. Hərtərəfli biliyə malik intellektli gənclər yetişdirmək, onları yetkin şəxsiyyət kimi cəmiyyətə təqdim etmək hər bir ali təhsil müəssisəsinin əsas vəzifələrindəndir. Bağban bəsləyib yetişdirdiyi ağacın saf meyvəsinə sevindiyi kimi, müəllim də yetirdiyi intellektli, savadlı tələbələrin uğurlarına sevinir, onlarla fəxr edir. Naxçıvan Müəllimlər İnstitutunun müəllim kollektivi də ötən illər ərzində bir çox tələbələrimizin əldə etdiyi yaradıcılıq uğurlarına sevinmişdir. İnstitutumuzda aparılan maarifləndirici tədbirlərin nəticəsidir ki, tələbələrimiz son vaxtlar dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən beynəlxalq tələbə assosiasiyaları ilə əlaqələr qurur, forumların iştirakçıları olurlar.
Kitab yarandığı gündən insanların dostu, yoldaşı, məsləhətçisi, bilik, ilham və xoşbəxtlik mənbəyi olmuşdur. Müxtəlif tarixi dövrlərdə insanlar kitab vasitəsilə həyatı öyrənmiş, təhsil almış, təbiətin və cəmiyyətin qanunauyğunluqlarını öyrənərək dərk etmiş, öz mənəvi aləmlərini zənginləşdirmiş və mədəni səviyyələrini yüksəltmişlər. Qeyd edək ki, Naxçıvan Müəllimlər İnstitutunda zəngin kitabxana fəaliyyət göstərir. 33 minə yaxın kitab fonduna malik olan kitabxana son illərdə nəşr olunan tədris-metodik, elmi və bədii ədəbiyyatlarla zənginləşdirilmiş və elektron kataloq yaradılmışdır. Hazırda fondda 1500 ədəd elektron kitab vardır. Həmçinin institutun ildə 4 dəfə olmaqla “Xəbərlər” adlı elmi-metodik jurnalı nəşr olunur. Bu günədək jurnalın 32 nömrəsi işıq üzü görmüşdür. İnstitutda müasir avadanlıqlarla təchiz olunmuş Nəşriyyat şöbəsi də fəaliyyət göstərir.
İnstitutun elmi-metodik işlər üzrə prorektoru, dosent Yaqub Məmmədov deyir ki, gələcəyimizin firavan olmasını istəyiriksə, vaxt itirmədən elmə və fundamental elmi tədqiqatlara diqqəti artırmalı, sözün əsl mənasında, sağlam elmi mühit formalaşdırmağın qeydinə qalmalıyıq. Azərbaycandakı mövcud elmi ənənənin qorunub saxlanılmasını və inkişaf etdirilməsini gündəlik fəaliyyətimizin əsas devizinə çevirməliyik. Bu ali məktəbdə fəaliyyət göstərən alimlərimiz istedadlı gənclərə daim diqqət və qayğı göstərməli, elmdə varislik prinsipinə əməlləri ilə sədaqət nümayiş etdirməlidirlər. Elmi tədqiqata həvəsi və qabiliyyəti olan gənclərimiz isə, öz növbəsində, onlara bəxş edilmiş istedada arxa çevirməməli, fədakarlıqdan boyun qaçırmamalıdırlar.
Təsadüfi deyil ki, son illərdə institut əməkdaşları elmi araşdırmalar sahəsində də bir sıra uğurlar əldə etmiş, yeni elmi əsərlər yazılmışdır. Elmi nailiyyətlərin istehsalatda tətbiqi ilə bağlı filologiya elmləri doktoru, professor Akif İmanlının “Uşaqların körpəlik dövründə tərbiyəvi iş və nitq inkişafı məsələləri”, professor Oruc Həsənlinin “Məktəb psixoloqunun stolüstü kitabı”, filologiya üzrə fəlsəfə doktoru Həsənəli Eyvazlı və Tamara Baxşəliyevanın “Milli kurikulum yeni təlim metodlarında” adlı dərs vəsaitləri, metodik vəsaitlər və digər elmi ədəbiyyatlar hazırlanaraq Naxçıvan Muxtar Respublikasının şəhər və rayon təhsil şöbələrinə paylanmışdır. İnstitutda elmi-pedaqoji kadrların hazırlanmasına xüsusi diqqət yetirilir. Belə ki, son beş ildə institut əməkdaşlarından 4 nəfəri elmlər doktoru, 10 nəfəri isə fəlsəfə doktoru dissertasiyaları müdafiə etmişdir. Eyni zamanda müəllim kollektivinin əməyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilmişdir. Belə ki, professor-müəllim heyətindən iki nəfəri Azərbaycan Respublikasının əməkdar müəllimi, 9 nəfəri Naxçıvan Muxtar Respublikasının əməkdar müəllimi, 1 nəfəri Naxçıvan Muxtar Respublikasının əməkdar həkimi, 1 nəfəri isə Naxçıvan Muxtar Respublikasının əməkdar mədəniyyət işçisidir. 2 nəfər “Tərəqqi” medalına, 3 nəfər isə Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Qabaqcıl təhsil işçisi” döş nişanına layiq görülmüşdür.
Bir institutun timsalında aparılan müşahidələr belə deməyə əsas verir ki, son illərdə ölkəmizdə, eləcə də muxtar respublikamızda təhsil sistemində şəffaflığın təmin edilməsi, müasir idarəetmə modelinin tətbiqi, keyfiyyətin təmin olunması, kadr potensialının gücləndirilməsi öz nəticələrini göstərməkdə, ali təhsil ocaqları ən yüksək səviyyədə gənc nəslə öz töhfələrini verməkdədirlər. Bu da onu göstərir ki, gələcəyimiz savadlı, dünyagörüşlü, hərtərəfli biliyə malik gənclərin əlində olacaqdır.
Sona MİRZƏYEVA