Naxçıvan Dövlət Universitetində 2013-2014-cü tədris ilinin ikinci semestrinə aid pedaqoji təcrübənin başlanğıc konfransı keçirilmişdir.
Konfransı universitetin rektoru, professor Saleh Məhərrəmov açaraq pedaqoji təcrübənin muxtar respublikanın ali və ümumtəhsil müəssisələrinin sıx əməkdaşlığı, tələbələrin pedaqoji təcrübəyə yiyələnmələri baxımından əhəmiyyətindən, təcrübi dərslər zamanı informasiya-kommunikasiya texnologiyalarından istifadənin, elmi-kütləvi, mədəni tədbirlərin keçirilməsinin zəruriliyindən danışmışdır.
Pedaqoji təcrübənin təşkilinə aid müasir tələblərdən bəhs edən universitetin Tədris şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Rafiq Rəhimov bildirmişdir ki, növbəti pedaqoji təcrübədə universitetin 6 fakültəsinin pedaqoji profilli 15 ixtisası üzrə 243 nəfər IV kurs tələbəsi, eləcə də 14 ixtisas üzrə 256 nəfər III kurs tələbəsi muxtar respublikanın 19 tam orta məktəbində təcrübədə olacaqlar.
Rafiq Rəhimov IV kursların beş, III kursların isə altı həftə ərzində pedaqoji təcrübə keçəcəkləri, kredit təhsil sistemi ilə əlaqədar tətbiq olunacaq yeniliklər, sənədləşmə işləri – təcrübə jurnallarının, məktəb rəhbərlərinin və təcrübəçilərin iş planlarının, icmal və gündəliklərin, hesabatların hazırlanması haqqında məlumat vermişdir. Qeyd olunmuşdur ki, pedaqoji təcrübənin yekununda boloniya sisteminə uyğun olaraq, 100 ballıq sistem üzrə qiymətləndirilmə aparılacaq.
Konfransda Ümumi tarix kafedrasının dosenti İsmayıl Zeynalov metodistlərin təcrübə dövründə yerinə yetirəcəyi işlər, Pedaqogika və psixologiya kafedrasının baş müəllimi Solmaz Bayramova təcrübə dövründə pedaqogika və psixologiya üzrə görüləcək işlər barədə məlumat vermişlər.
Naxçıvan Muxtar Respublikasının təhsil naziri Piri Nağıyev çıxış edərək muxtar respublikada təhsilin inkişafına göstərilən qayğıdan, ümumtəhsil məktəblərində yaradılan yüksək şəraitdən bəhs etmişdir. Qeyd olunmuşdur ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin təşəbbüsü və qayğısı ilə təkcə 2013-cü ildən bu günə kimi 27 tam orta məktəb istifadəyə verilmiş, 15 yeni məktəb binası isə tikilməkdədir. Təhsil naziri təcrübəçi tələbələrə uğurlar arzu edərək bildirmişdir ki, mövcud nöqsanların, kadr çatışmazlığının aradan qaldırılması gələcəyin pedaqoqları olacaq bugünkü tələbələrin intellektual səviyyələrindən, peşə hazırlıqlarından asılıdır. Tələbələrin mükəmməl pedaqoji təcrübə keçmələri üçün ümumtəhsil məktəblərində hər cür şərait yaradılmış, qabaqcıl pedaqoqlar bu işə cəlb olunmuşlar. Sonda konfrans iştirakçıları ötən illər ərzində keçirilən pedaqoji təcrübə ilə bağlı fotostendlərə baxmışlar.
Mehriban SULTAN